Название: Uzuncorab Peppi
Автор: Астрид Линдгрен
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242317
isbn:
1. PEPPİ “TOYUQ” VİLLASINA KÖÇÜR
I. Peppi “Toyuq” villasına köçür
Kiçik bir İsveç şəhərinin kənarında çoxdan bəri baxımsız qalmış bir bağ var. Bu bağda zamanın təsirindən köhnəlib-çürümüş bir ev durur. Uzuncorab Peppi həmin bu evdə yaşayır. O, doqquz yaşındadır, lakin təsəvvür edin ki, Peppi bu evdə tək-tənha olur. Onun nə atası var, nə anası. Sözün düzü, bunun öz üstün cəhətləri də var – oyunun ən qızğın çağında onu yatmağa çağıran olmur, könlündən konfet keçəndə isə kimsə onu balıq yağı içməyə məcbur etmir.
Əvvəllər, atası yanında olanda Peppi onu çox istəyirdi. Əlbəttə, bir zamanlar onun anası da olub, lakin Peppi onu xatırlaya bilmir. Peppi körpə ikən anası vəfat etmişdi. O inanırdı ki, anası indi göylərdə yaşayır və oradan həmişə öz qızına baxır. Ona görə Peppi tez-tez anasına əl eləyib deyir:
– Qorxma, ana! Məndən nigaran qalma.
Atasını isə Peppi çox gözəl xatırlayır. O, uzaq səfərlərə çıxan gəmi kapitanı idi. Onun gəmisi dənizləri, okeanları yarıb keçərdi. Peppi də həmişə atasının yanında olardı. Ancaq bir dəfə güclü fırtına qopdu və nəhəng dalğa atasını çəkib dənizə apardı və o, yox oldu. Bununla belə, Peppi inanırdı ki, günlərin bir günü atası qayıdıb gələcək. Çünki atasının dənizdə batmasını heç cür ağlına sığışdıra bilmirdi. Qız belə qərara gəlmişdi ki, atası zəncilərlə dolu olan bir adaya düşüb, özü də onların kralıdır və bütün günü başında qızıl tac gəzdirir. Peppi öyünərək təkrar-təkrar deyirdi:
– Atam zəncilərin kralıdır! Hər qızın belə atası ola bilməz! Atam qayıq düzəldib dalımca gələcək və mən zənci şahzadəsi olacağam.
“Toyuq” villası adlanan bu köhnə villanı atası neçə il əvvəl almışdı. Qocalıb artıq gəmi idarə etmək gücündə olmadıqda Peppi ilə bura köçmək fikrində idi. Atası dənizdə yox olandan sonra Peppi birbaş “Toyuq” villasına gəlib burada onun yolunu gözləməyə başladı. Otaqlarda mebel, mətbəxdə qab-qacaq vardı. Sanki hər şey Peppinin buradakı rahat güzəranı üçün hazırlanmışdı. Peppi atasının matrosları ilə vidalaşarkən sakit bir yay axşamı idi. Matroslar qızcığazı, qızcığaz da matrosları elə çox istəyirdi ki, ayrılanda yaman qüssələndilər. Peppi növbə ilə onların hər birinin alnından öpüb dedi:
– Salamat qalın, uşaqlar! Məndən nigaran olmayın!
Peppi özü ilə ancaq atasının bir zaman ona bağışladığı cənab Nilson adlı balaca meymuncuğazı, bir də ağzınacan qızıl pulla dolu böyük bir çamadanı götürmüşdü. Matroslar göyərtədə düzülüb qız gözdən itənədək kədərli-kədərli onun arxasınca baxdılar. Peppi bir dəfə də olsun geri dönmədən qəti addımlarla uzaqlaşırdı. Peppi döngəni burulanda matros Fridolf göz yaşını silərək dedi:
– Yola salmağa da qoymadı… Qəribə qızdır… Eh, onu heç tutub saxlamaq olardı…
O, düz deyirdi. Həqiqətən də, Peppi qəribə qız idi. Ən çox heyrət doğuran onun qeyri-adi fiziki qüvvəyə malik olması idi. Yer üzündə onunla bacara biləcək bir polis nəfəri də tapılmazdı. O istəsəydi, çox asanlıqla öz atını belə göyə qaldıra bilərdi. Həmin atı Peppi öz villasına köçdüyü gün almışdı. At Peppinin çoxdankı arzusu idi. Eyvanda ona yer də eləmişdi. Nahardan sonra Peppi həmin eyvanda bir fincan qəhvə içmək istədikdə atı asancana qucağına alıb bağa düşərdi.
“Toyuq” villasının qonşuluğunda bağ-bağat içində başqa bir ev də var. Həmin evdə ata, ana və iki qəşəng uşaq – oğlan və qız yaşayırlar. Oğlanın adı Tommi, qızınkı isə Annikadır. Bunlar tərbiyəli, sözəbaxan, mehriban uşaqlardır. Tommi heç vaxt heç kimdən heç nə istəmir və anasının bütün tapşırıqlarını sözsüz yerinə yetirir. Annika da istədiyinə nail olmayanda şıltaqlıq etmir və özünün tərtəmiz kraxmallı çit paltarında çox yaraşıqlı görünür. Tommi və Annika mehriban-mehriban öz bağlarında oynasalar da, bəzən darıxar, özlərinə bir dost arzulayardılar. Peppi hələ dəniz və okeanlarda atası ilə üzən zaman Tommi ilə Annika bəzən hasara dırmaşar, “Toyuq” villasına baxıb deyərdilər:
– Heyif ki, o evdə heç kim yaşamır. Kaş bu evə uşaqlı bir ailə köçəydi. Lap qiyamət olardı.
Xoş yay axşamı Peppi ilk dəfə öz villasına qədəm qoyanda Tommi və Annika evdə yox idilər. Anası onları bir həftəliyə nənəsigilə qonaq göndərmişdi. Ona görə də axşamçağı nənəsigildən qayıdan uşaqlar qonşu evə kiminsə köçdüyünü heç ağıllarına da gətirə bilməzdilər. Səhər uşaqlar küçə qapısının ağzında durub nə işlə məşğul olacaqları haqda düşünürdülər. Elə bu vaxt qonşu evin qapısı açıldı və bir qız küçəyə qaçdı. Bu qız Tommi və Annikanın gördükləri qızlardan ən qəribəsi idi.
Uzuncorab Peppi səhər gəzintisinə çıxmışdı. Onun qəribə görkəmi vardı: sıx, sarışın hörüklərinin hərəsi bir yana baxırdı; çil-çil burnu bapbalaca kartofa oxşayırdı, iri dişləri ağarırdı. Əynindəki mavi rəngli paltarının bəzi yerlərinə qırmızı parçadan quraq verilmişdi. Yəqin, mavi rəngli parça çatmayıbmış. Uzun, ağır ayaqlarının birinə qəhvəyi, o birinə isə qara rəngli uzun corab geymişdi. Çox böyük qara ayaqqabıları isə elə bil indicə ayağından çıxacaqdı. Bu ayaqqabıları atası Cənubi Afrikadan almışdı ki, Peppi böyüyəndə geysin.
Tommi və Annika bu yad qızın çiynindəki meymunu gördükdə heyrətdən donub-qaldılar. Meymuncuğazın əynində göy şalvar, sarı gödəkcə, başında isə ağ həsir şlyapa vardı.
Peppinin bir ayağı səkidə, o biri ayağı yolun ortasında idi. Elə beləcə də gedirdi. Tommi və Annika gözlərini ondan çəkmir, qız döngəni burulanacan arxasınca baxırdılar. Çox keçmədi ki, o yenə geri qayıtdı, lakin indi daldalı gəlirdi. Tommi və Annikagilin qapılarına çatanda ayaq saxladı. Bir anlıq uşaqlar dinməzcə baxışdılar. Nəhayət, Tommi soruşdu:
– Xərçəng kimi daldalı niyə yeriyirsiniz?
– Xərçəng kimi daldalı yeriyirəm? – Peppi suala sualla cavab verdi. – Deyəsən, biz azad ölkədə yaşayırıq, eləmi? Məgər hər bir kəs istədiyi kimi yeriyə bilməz? Onu da bilin ki, Misirdə hamı belə yeriyir və bu heç kəsi zərrə qədər də təəccübləndirmir.
– Haradan bilirsən? – Tommi xəbər aldı – Axı sən Misirdə olmamısan…
– Nə?! Mən Misirdə olmamışam?! – Peppi özündən çıxdı. – Elə isə yadında saxla: mən Misirdə də olmuşam, hələ desən bütün dünyanı da gəzib-dolaşmışam, hər cür əcaib şeylərə də doyunca tamaşa eləmişəm. Mən xərçəng kimi daldalı yeriyən insanlardan da maraqlı şeylər görmüşəm. Əgər hindlilər kimi mən də küçədə əllərim üstə gəzsəydim, onda, görəsən, nə deyərdin?
Tommi dedi:
– Bəsdir, yalan danışma!
Peppi bir dəqiqə susub kədərlə dedi:
– Elədir, mən yalan danışıram.
Annika da, nəhayət, ürəklənib dilləndi:
– Başdan-ayağa yalandır!
Peppi daha çox kədərləndi:
– Düzdür, başdan-ayağa yalandır. Çünki mən olub-olmayan şeyləri hərdən çaşbaş salıram. Axı anası göylər məleykəsi, atası okeandakı adada zənci kralı olan balaca qızdan necə tələb edə bilərsən ki, o, həmişə doğru danışsın. – Peppinin çil-çil üzü güldü. – Onu da bil ki, bütün Belçika Konqosunda doğru danışan adam tapılmaz. СКАЧАТЬ