Название: Mən, nənəm, İliko və İllarion
Автор: Нодар Думбадзе
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241334
isbn:
– Səni manqabaşçısı təyin edəndə ağlım harada imiş?
– Sualım var, – biri ayağa durdu, – sədr nə vaxt məktəbin təmirinə başlayacaq? Sinif otaqları uçulub-dağılır.
– Mənim bir yaxşı təklifim var! – deyə İliko əlini qaldırıb söz aldı. – Dostlar, biz yenə əsas mətləbdən uzaqlaşdıq: idarəni harada quraşdıraq?
– Təklifin nədir?
– Bəlkə, idarəni heç sökməyə dəyməz? Yığışıb hamılıqla sədrə maşın alaq?
– Yox, yaxşısı budur ki, hər səhər onun evinə iki igid göndərək, sədrimizi qolları üstündə idarəyə gətirsinlər!
– Başımızda oturduğu bəs deyil, hələ bir qollarımızın da üstündə gəzdirək?
– Bir təklif də var. Bizim sürücü hanı?
– Buyur, İliko!
– Artıq dörd təkərin varsa, onları idarənin altına qoyub sədrin istədiyi yerə dığırladaq.
Zalda qəhqəhə qopdu. Sədr çaşıb qaldı.
– Yaxşı, nə qərara gəldik? – iclasın sədri soruşdu.
– Təklifim var! – deyə öz cəsarətimdən özüm qorxdum.
– Danış, yaramaz! – deyə iclasdakılar hay-küy saldılar.
– Mən…təklif edirəm: təzə sədr seçək!
Tam sakitlik çökdü. Dizlərim əsirdi. Mənim ümumi iclasda etdiyim təklif yekdilliklə qəbul olundu.
– Nəhayət, ağıllı bir adam tapıldı! Zuriko olmasaydı, hələ səhərə kimi buradaydıq! – deyə İllarion alnımdan öpdü.
Yapıncı, uzunboğaz çəkmələr və corablar
Bu il qış sərt gəlmişdi. Soyuq bizim otağın dəlmə-deşiyindən içəri dolurdu. Nənəm əvvəlcə dəlmə-deşikləri əsgi-üsgü ilə, sonra mənim dəftərlərimdən cırdığı kağız-kuğuzla tıxadıqdan sonra otaq bir az isindi.
…Nənəmlə buxarının yanında oturmuşduq. O, hansısa nağılı danışa-danışa ona qulaq asdığıma əmin olmaq üçün arabir gözaltı mənə baxırdı. Birdən eyvanda ayaq tappıltısı eşidildi.
Pəncərədən boylandım. İliko və İllarion eyvanda üst-başlarının qarını çırpırdılar. Qapını açıb, onları içəri dəvət etdim.
– Axşamınız xeyir! – İllarion salam verib, təptəzə xizəkləri küncə tulladı.
– Xizəklər haradandır, İllarion? – deyə soruşdum.
– Səhər məktəbə necə gedəcəksən, zırrama! Sənə gətirmişik…
İllarionu qucaqlayıb tüklü, soyuq üzündən öpdüm…
Nənəm buxarının qabağında süfrə açdı. İllarion:
– Nahaq yerə əl-ayağa düşmə, Olqa, vallah, axı biz elə-belə söhbətə gəlmişik! – dedi.
– Kef sizindir, yığışdıra bilərəm! – nənəm dedi.
– Sən istəmirsənsə, rədd ola bilərsən! Başqalarının əvəzinə danışma! – deyə İliko bağırdı.
İllarion almanı dişinə çəkib sözə başladı:
– Bu gün poçtalyon yanıma gəlmişdi, Gerasimin oğlunun ölüm xəbərini gətirib. Dedi ki, mən ona xəbər verə bilmərəm. Məndən xahiş etdi…
– Ah, yazıq Gerasim! – deyə nənəm ağladı…
– Yazıq Kerçdə həlak olub. Kəndimizə gələn yeddinci ölüm xəbəridir… – İllarion davam etdi.
– Gerasimə xəbər verdin?
– Nə danışırsan? Kişi saatbasaat oğlunun qayıdacağını gözləyir, mənim heç dilim gələr?
– Ay Allah, o yırtıcı Hitlerə cəza ver! – nənəm ağlayırdı.
– Bəs indi nə etmək istəyirsən? – deyə soruşdum.
İllarion məktubu cibindən çıxardıb xeyli baxdı, sonra əyilib oda atdı. Alov İllarionun üzünü işıqlandırdı. Onun qırxılmış üzündə iki damla göz yaşı göründü.
– Oğlan sağdırsa, gec-tez gələr, yox, ölübsə, qoy bədbəxt ata gözləsin. İnsanı yaşadan ümiddir.
Bu zaman kənd təşviqatçısı Georgi Vaşakidze gəldi.
– Gəlmək olar? Bağışlayın ki, belə vaxtsız gəlmişəm.
– Buyurun! – nənəm onu içəri dəvət etdi.
İllarion soruşdu:
– Təzə nə xəbər var? Cəbhədə işlər necədir?
– Pis deyil. Düşmənin hücumunun qarşısı alınıb, Hitlerin ildırım sürətli müharibə planı iflasa uğrayıb! – təşviqatçı birnəfəsə danışdı.
– Biz bu barədə bir ay əvvəlki qəzetlərdə oxumuşuq.
– Sizinlə ciddi işim var. Qulaq asın! Vətənimiz təhlükədədir: xain düşmən bizim azadlığımızı qanlı pəncələri ilə boğmaq istəyir! Şanlı Ordumuz faşist işğalçılarına sarsıdıcı zərbələr endirir!
– Qəzetdəkiləri sözbəsöz əzbərləmisən ki! – İliko onun sözünü kəsdi, – açıq söylə görək nə istəyirsən?
Təşviqatçı pərt oldu.
– Əsgərlərə hədiyyələr yığırıq. Bəlkə, sizin də köməyiniz dəyə… – deyib rahat nəfəs aldı.
– Belə de də, oğlum, yoxsa bizimçün başlamısan Adəm və Həvvadan danışmağa, – deyə nənəm gülümsədi.
– Bazar ertəsi bizim kəndin adından cəbhəyə bir vaqon hədiyyə yollanacaq. Əgər bir şey tapsanız, bura, Olqanın yanına gətirin. Sabah bizim uşaqlar gəlib apararlar.
Təşviqatçı sağollaşıb getdi.
Biz uzun-uzadı düşündük. İliko sükutu pozdu:
– Qapının dalında asılmış yapıncımdan başqa, nəyim var ki?! Zurikela, СКАЧАТЬ