Kapitan qrantın uşaqları. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу Kapitan qrantın uşaqları - Жюль Верн страница 3

Название: Kapitan qrantın uşaqları

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241242 

isbn:

СКАЧАТЬ hər şeyi olduğu kimi ona danışdı. Paqanel kapitan Qrantın başına gələnlərə təəssüfləndiyini bildirdi:

      – İş ki belə gətirib və mənim Hindistana getmək niyyətim puça çıxıb, onda bu səyahətdə sonadək sizinlə olacağam!

      Paqanelin bu sözləri gəmidəkiləri sevindirdi. Axı o, coğrafiya alimi idi və bu səfərdə onun səyahətçilərə çox köməyi dəyə bilərdi. Beləliklə, “Dunkan”da yaxşı adamların biri də artdı.

      Kapitan Qrantın izi ilə

      “Dunkan” okean sularında qırx iki gün üzdükdən sonra Çiliyə çatdı. Gəmi limanda lövbər saldıqdan sonra Qlenarvan və Paqanel sahilə çıxaraq burada kapitan Qrant və ya “Britaniya” gəmisi ilə bağlı yerli sakinlərdən məlumat əldə etməyə çalışdılar. Amma nə qədər çalışsalar da, heç nə öyrənə bilmədilər. Onlar gəmiyə qayıdıb axtarışların sonrakı marşrutunu dəqiqləşdirməyə başladılar. Qərara gəldilər ki, Kordilyer dağlarını aşaraq Çilidən Argentina ərazisinə adlasınlar. Hamı bu qərarı bəyəndi. İndi bir şeyi dəqiqləşdirmək lazım idi: qarşıdakı uzun, yorucu, bəlkə də, təhlükəli səfərə kimlər çıxmalıdır? Gəmidə kimlər qalmalıdır?

      Paqanel öz fikrini dedi:

      – Məncə, adam nə qədər az olsa, bir o qədər yaxşıdır. Axı biz müharibəyə getmirik, kəşfiyyata gedirik. Yaxşı olar ki, səfərə mister Qlenarvan, mayor Mak-Nabs və mən, yəni sizin itaətkar nökəriniz Paqanel getsin.

      – Bir də mən! – deyə Robert səsləndi.

      – Sən uşaqsan, Robert, – Meri qardaşına etiraz etdi.

      – Uşaq? – Paqanel təəccübləndi, – Robert uşaq deyil, gənc və zirəkdir. Səyahət onu daha da möhkəmləndirəcək. Beləliklə, biz dördümüz, bir də gəminin üç matrosu səfərə hazırlaşmalıyıq.

      Hamı Paqanelin təklifi ilə razılaşdı. Qlenarvan Elen və Merini kapitan Con Manqlsa tapşırdı. Onlar kəşfiyyat dəstəsi ilə gəminin okean sahilində növbəti görüş yerini müəyyənləşdirdilər.

      Ertəsi gün gəmini tərk edənlər özləri ilə yemək və ərzaq götürdülər. Nəhayət, Qlenarvan dedi:

      – Yola düşmək vaxtıdır!

      Elen kövrəldi, Meri həyəcanlandı. Qlenarvan onları qucaqladı:

      – Biz kapitan Qrantı da tapıb sağ-salamat sizin yanınıza qayıdacağıq, – deyə onları ürəkləndirməyə çalışdı.

      Hamı bir-biri ilə vidalaşdı. Qlenarvan, Paqanel, Mak-Nabs, Robert və üç matros gəmini tərk etdilər. “Dunkan”ın lövbərləri qaldırıldı. Bu gözəl və möhkəm gəmi sahildən uzaqlaşdı. Gəmidəkilərin havada yellənən əlləri sanki kapitan Qrantın axtarışına çıxan dəstəyə uğur arzulayırdı.

      Sıldırım dağlardan keçid

      Qlenarvan Kordilyer dağlarını keçmək üçün yerli adamlardan dörd bələdçi tutdu. Kordilyeri aşdıqdan sonra isə Argentinada da bələdçi tutmaq fikrində idi.

      Dəstə ərzağı və silahlarını bələdçilərə məxsus qatırlara yükləyib yola düşdü. Hava gözəl idi, göy üzü buludsuz idi. İki gün ərzində səyyahlar heç bir çətinlik və maneə ilə qarşılaşmadılar. Amma üçüncü gün onlar dağların sıldırım ətəklərindən keçməli oldular. Bu çox təhlükəli idi. Bir azdan dəstə yalnız bir adamın keçə biləcəyi cığıra rast gəldi. Başqa yol olmadığından onlar bu dar keçidlə irəliləməyə məcbur idilər. Ən pisi o idi ki, bələdçilər burdan o yana getmək istəmirdilər. Belə olduqda Qlenarvan onların pulunu verib yola saldı.

      Bir azdan onlar dar cığırdan genişliyə çıxdılar. Kordilyer dağlarına qalxmaq üçün isə bütün gecəni dırmaşmalı oldular. Getdikcə dağa qalxmaq çətinləşirdi. Üstəlik, qalın qar onlara mane olurdu. Səyyahlar addım atmazdan əvvəl qarın altında uçurum olmadığına əmin olmaq üçün əllərindəki ağacı qara batırmalı olurdular. Qabaqda matroslardan biri gedirdi. Onun arxasınca düzülmüş yoldaşları addımlarını ancaq matrosun izi ilə atmağa çalışırdılar.

      Dəstə gündə yalnız bircə dəfə − səhər yemək üçün dayanırdı. Günün qalan hissəsini Kordilyer dağlarını tez aşmağa sərf edirdilər. Onlar Argentinaya çatıb kapitan Qrantı mümkün qədər tez tapmağa çalışırdılar.

      Günorta dəstə Kordilyer zirvələrinin arasında yerləşən böyük və tamamilə boş sahəyə gəlib çıxdı. Robert möhkəm yorulmuşdu. Hamı hiss edirdi ki, bu çətin yolu sonadək getməyə onun gücü çatmayacaq. Ona görə də Qlenarvan dayanmaq əmri verdi. Amma Paqanel təklif etdi ki, Roberti, lazım gəlsə, çiyinlərdə apara bilərlər. Coğrafiya alimi əlavə etdi:

      – Biz dayanmamalı və bu zirvəni tez aşmalıyıq!

      Hamı Paqanellə razılaşdı. Robert də iradəsini toplayıb hələ ki yeriyə bildiyini dedi.

      Axşamayaxın yorğunluq bütün səyyahları əldən salmışdı. Onların çoxu tez-tez büdrəyir, yıxıla-dura yeriyirdi. Bəziləri isə yıxıldıqdan sonra heç dura da bilmir, sürünə-sürünə gedirdilər.

      Qlenarvan narahat idi: bu uca, kimsəsiz, soyuq və qarlı dağların başında onları nə gözləyir? Bunu heç kim deyə bilməzdi.

      Artıq dəstənin irəli getməyə taqəti qalmamışdı. Soyuq az qala onların sümüklərinə işləyirdi. Bu vaxt mayor əlini Qlenarvanın çiyninə qoyub həmişəki kimi sakit və təmkinli səslə dedi:

      – Daxma!

      Daxmada

      Qarla örtülmüş və ətrafdakı daş-qayadan güclə seçilən bu daxmanı yalnız Mak-Nabsın iti gözləri görə bilərdi. Bu adamın diqqətindən heç nə yayınmırdı.

      Səyyahlar dərhal daxmanın qapısını tapmaq üçün onun dörd tərəfini qardan təmizlədilər. Bir azdan onlar artıq daxmaya girmişdilər, ocaq qalamaq üçün çır-çırpı yığırdılar. Ocaq alışdıqca onların canına isti keçməyə başladı. Sonra yemək hazırlandı. Bu, dəstənin son bir neçə gündə ən rahat və ləzzətli naharı idi.

      Yeməkdən sonra səyyahlar yatmağa hazırlaşdılar, yorğunluq onları heydən salmışdı. Üstəlik, səhər tezdən yola davam etməli idilər. Tezliklə hamının gözünə yuxu getdi. Yalnız Qlenarvan oyaq idi. Onun qəlbində bir narahatlıq var idi. Ürəyinə dammışdı ki, dəstəni hansısa dəhşətli bir fəlakət gözləyir. Ona görə də bir xeyli yata bilmədi. Çölə çıxdı. Gecə aydınlıq idi, ay üfüqdən qalxmışdı. Qlenarvanın qulaqlarına çox uzaqdan qəribə uğultu səsləri gəlirdi. O bu səslərin nə olduğunu anışdıra bilmirdi, bu səbəbdən narahatlığı daha da artırdı. Saata baxdı. Saat iki idi. Nəhayət, daxmaya СКАЧАТЬ