İblisin vəkili. Эндрю Найдерман
Чтение книги онлайн.

Читать онлайн книгу İblisin vəkili - Эндрю Найдерман страница 9

Название: İblisin vəkili

Автор: Эндрю Найдерман

Издательство: Altun Kitab

Жанр:

Серия: Ekranlaşdırılmış əsər

isbn: 9789952243673

isbn:

СКАЧАТЬ etməsi və həmin sözləri deməsi kifayət idi ki, Kevin hansısa gözəgörünməz bir əlin onun ürəyini sıxdığını hiss etsin. Miriam istəsəydi, o, boynuna kəndir taxar, ucunu da arvadına verərdi. Miriamın xətrinə hər şeyə hazır idi.

      ‒ Mən öz arvadımı dəlicəsinə sevdiyim üçün günahkaram, ‒ Kevin qadına deyirdi. ‒ Olduqca nadir, az rast gəlinən bir günahdır! Səni tanımağımla birinci qadağanı pozmağım bir oldu: özünə büt yaratma.

      Onlar Kevinin işlədiyi «Boyl, Karlton və Sessler» hüquq firmasında təşkil olunan əyləncə gecəsində tanış olmuşdular. Firma Blisdeyldə yeni tikilmiş binada ofis açmışdı. Miriam gecəyə valideynləri ilə birgə gəlmişdi. Onun atası Artur Morris şəhərin ən tanınmış diş həkimi idi. Senford Boyl gənc hüquqşünası Morrislər ailəsi ilə tanış etdi və elə ilk andan Kevinlə Miriam gözlərini bir-birindən çəkə bilmədilər. Onlar hey baxışır, bir-birinə gülümsəyirdilər. Nəhayət, söhbət etməyə başladılar. Onlar gecə boyu söhbətləşdilər, axırda isə Miriam Kevinin şam yeməyinə dəvətini qəbul etdi. Gənc cütlük ildırımsürətli, ehtiraslı və alovlu bir eşq macərasına atıldıqdan cəmi bir ay sonra evləndilər.

      İndi isə onlar «Brembl İnn»in barında oturub Kevinin sonuncu qələbəsini qeyd edirdilər. Miriam fikir vermişdi ki, tanış olduqları gündən bu yana əri çox dəyişib.

      «Lap kişiləşib», ‒ Miriam düşündü. Kevinin iyirmi səkkiz yaşı olsa da, daha yaşlı görünürdü. O hər şeyi nəzarətdə saxlamağa qadir yetkin bir kişiyə çevrilmişdi. Yaşıl gözlərindən özünəinam oxunur, hərəkətlərindən isə, adətən, insanın uzun illər ərzində əldə etdiyi təcrübə hiss olunurdu. Kevini iricüssəli adlandırmaq olmazdı, amma o, əsl idmançı kimi möhkəm bədənə malik idi və ətrafa enerji saçırdı. Lazım olanda gücünü və hisslərini nümayiş etdirir, lakin, əsasən, təmkinini qoruyub saxlayırdı. Kevin o dərəcədə intizamlı, sağlam, şöhrətpərəst və inadkar idi ki, Miriam tez-tez ona sataşır və köhnə mahnılardan birinin sözlərini yada salırdı: «O elə gözəl, elə qəşəngdir, cismən və ruhən sağlamdır, şəhərdə ən hörmətli adamdır…»

      ‒ Mənə de görüm, bu gün məhkəmə zalında oturanda hansı hisslər keçirdin? Məsələn, mənimlə fəxr etdinmi? Azca da olsa…

      ‒ Kevin, mən demirəm ki, səninlə fəxr etmirəm! Sən… ustacasına hərəkət edirdin, ‒ qadın cavab verdi. Miriam balaca qızın qorxu ifadə edən sifətini, Kevinin onu hədələdiyi, evlərində rəfiqələri ilə nə işlərlə məşğul olduğunu hamıya danışacağını dediyi zaman uşağın gözlərində yaranan təlaşı unuda bilmirdi, odur ki dərhal da əlavə etdi. ‒ Mən sənin bu işi uşağa sirlərini açıb-tökəcəyini deyərək onu qorxutmaqla yox, başqa cür udmağını istəyirdim…

      ‒ Əlbəttə, belə daha yaxşı olardı, ‒ Kevin başını tərpətdi. ‒ Ancaq mən bunu etməli idim. Bir də yadından çıxarma ki, Barbara Stenli özü də rəfiqələrinə hədə-qorxu gəlməklə onları müəlliməyə şər atmağa vadar etmişdi.

      ‒ Sən onun üstünə atılanda qıza lap yazığım gəldi…

      Kevinin rəngi ağardı.

      ‒ Unutma, Lois Uilsona qarşı belə ağır ittihamı irəli sürən mən deyildim, ‒ o dedi. ‒ Bunu Martin Balm etmişdi. Barbara Stenlini məhkəməyə çağırıb çarpaz dindirməyə məruz qoyan da odur. Mən öz müştərimi, onun hüquqlarını və gələcəyini müdafiə edirdim. İlk növbədə məhz bu barədə düşünməli idim.

      ‒ Kevin, bəlkə, qız təkcə özü ifadə verməkdən qorxduğu üçün rəfiqələrini bu işə təhrik edib?

      ‒ İttiham tərəfi gərək başqa cür hərəkət edəydi, ya da etiraz irəli sürəydi… Bunun mənə dəxli yoxdur. Miriam, unutma, mən vəkiləm və müştərimi istənilən üsullarla müdafiə etməliyəm. Əks halda öz vəzifəmi yerinə yetirməmiş olaram. Bunu ki, anlayırsan?

      Miriam başını tərpətdi. O, könülsüz də olsa, əri ilə razılaşmışdı. Kevin də haqlı idi.

      ‒ Yəni mənim işi necə apardığımla heç fəxr etmirsən? ‒ Kevin arvadının çiynini qucaqlayıb yenidən soruşdu.

      ‒ Sən dahi aktyor ola bilərdin. Ora-bura elə hərəkət edir, andlılara elə baxır, sualları elə bacarıqla verirdin ki… ‒ Miriam ürəkdən güldü. ‒ «Oskar»a namizədliyini irəli sürmək lazımdır!

      ‒ Bu, əsl tamaşa idi, elə deyil, Miriam? Ümumiyyətlə, məhkəmə zalına daxil olanda məndə nəsə qeyri-adi dəyişiklik baş verir. Bunun səbəbini izah edə bilmirəm. Sanki pərdə qalxır və mən öz rolumu oynamağa başlayıram. Müştərinin kimliyi, işin mahiyyəti mənasını itirir. Sadəcə, mən səhnəyə çıxıram və nə lazımdırsa, onu da edirəm…

      ‒ Necə yəni müştərinin kimliyi və işin mahiyyəti mənasını itirir? Sən, həqiqətən, kimi gəldi müdafiə etməyə hazırsan?

      Kevin dillənmədi. Miriam bir daha soruşdu:

      ‒ Kimi gəldi?

      Kevin bu dəfə çiyinlərini çəkib dedi:

      ‒ Düşünürəm, bu, qonorardan asılıdır.

      Miriamın gözləri qıyıldı.

      ‒ Kevin, mənə düzünü de!

      Gənc vəkil sağ əlini qaldırıb arvadına baxdı.

      ‒ Düzünü və yalnız düzünü deyəcəyimə and içirəm…

      ‒ Mən ciddi soruşuram, ‒ Miriam onun əllərini aşağı saldı.

      ‒ Yaxşı, de görüm, nəyi bilmək istəyirsən?

      Kevin barın piştaxtasına söykəndi.

      ‒ Hüquq jarqonunu bir kənara qoy. Mənə ittiham tərəfinin, yaxud vəkilin rolundan, ümumiyyətlə, buna bənzər şeylərdən danışma… Sən üç qızın yalan danışdığını, bunu kənar təsir altında etdiklərini sübuta yetirdin, ya da ən azından belə bir görüntü yarada bildin. Barbara Stenlinin yaxşı iş tutmadığını inkar etmirəm. Bəs əgər, həqiqətən də, Lois Uilson ona qarşı əxlaqsız hərəkətə yol veribsə, onda necə olsun? Bəlkə, bu, doğrudan belədir? Axı sən onunla ünsiyyətdə olmusan, xeyli söhbət etmisən…

      ‒ Ola bilər, ‒ Kevin cavab verdi. ‒ Axı mən sənə deyirəm: mənim vəzifəm ittiham tərəfinin mövqeyindəki zəif yerləri tapmaq və zərbəni məhz ora endirməkdir.

      ‒ Bəs müəllimə, həqiqətən, günahkardırsa…

      ‒ Kimin günahkar, kiminsə günahsız olduğunu bilən varmı? Əgər biz yalnız günahsızlığına adımız kimi əmin olduğumuz adamları müdafiə etsəydik, çoxdan acından ölərdik.

      Kevin kiməsə əli ilə işarə elədi və yeni kokteyl sifariş СКАЧАТЬ