Üçatılan. Ильяс Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Üçatılan - Ильяс Эфендиев страница 3

Название: Üçatılan

Автор: Ильяс Эфендиев

Издательство: Altun Kitab

Жанр:

Серия: Azərbaycan ədəbiyyatı

isbn: 9789952245004

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Günlərin bir günü bir çoban xəbər gətirdi ki, «Zalım Ərşad, nə durmusan, dayın Sərvinazı nişanladı Hacı Tanrıverdinin oğlu Nuruya». Bunu eşidəndə az qaldı Ərşadın başına hava gəlsin. Üstünü qar basmış komada yeddi saat üzüqoylu yatdı. Gecə qaranlıq düşəndə Əliyə dedi ki, sən sürüdən muğayat ol, mən getdim qışlağa.

      Haramı ilə qışlağın arası azı iyirmi beş kilometr idi. Qışda Haramıda çobanlar at saxlamırdılar, ancaq qoyun saxlayırdılar. Ona görə də Ərşad göz-gözü görməyən qış gecəsində qar basmış çöl-biyabanla payi-piyada üz qoydu Kürdobaya tərəf… Yolboyu ürəyində dayısını yamanlayırdı: «Sərvinazı gör götürüb kimə verir? Nuru kimi bir gədəyə! Nə var, nə var, Bakıda oxuyur. Nə var, nə var, Hacı Tanrıverdinin qoyunu çoxdur. Atı, dəvəsi çoxdur. Ay evin tikilsin, ayrı vaxt deyirsən ki, Tavadın uşaqları gözümün işığıdı. Amma işə gələndə, qızı verirsən Hacı Tanrıverdinin gədəsinə!»

      Nəhayət, uzaqdan itlərin hürüşməsi eşidildi. Heç yerdən işıq gəlmirdi. Demək, oba yatmışdı. Ərşad birbaşa dayısıgilə yollandı. Dayısının həyətdəki iti Ərşadın qaraltısını görüncə o yandan bəri götürüldü. Yaxınlaşdıqda Ərşad ona acıqlandı:

      – Nə var, ay it?

      İt Ərşadı tanıyıb səsini kəsdi.

      Ərşad yavaş-yavaş dayısıgilin damına yaxınlaşıb dayandı. Diqqətlə qulaq asdı. İçəridən heç bir səs-səmir gəlmirdi. Sonra ehtiyatla tövləyə yaxınlaşıb balaca kilidi asanlıqla burub sındırdı. Qapını açıb girdi içəri. Tövlədəki qoyunlar qaranlıqda ürküb qalxdılar. Tövlənin yuxarı tərəfində bağlanan inəklər gövşəklərini kəsdilər. Ərşad bayıra işıq düşməsin deyə qapını örtüb kibrit çəkərək baxdı. Nurunun elçilərinin nişan üçün gətirdikləri dörd nəhəng qoçu tapdı. Qapını açıb onları sakitcə bayıra çıxardı. Əvvəl fikirləşdi ki, bu erkəklər yaxşı pula gedər. Hamsını qovub aparsın Avşara, orada keçmiş oğru dostu Şahmarın vasitəsilə satsın. Lakin sonra ağlına gəldi ki, Nuru əhvalatı bilsə, gülüb deyəcək: «Ə, o nə kişidi ki, pul üçün qoyun oğurlayıb satır?» Qoy Nuru görsün ki, Ərşad ona da, onun qoyununa da tüpürür, Ərşad öz ovunun üstünə mərdi-mərdanə atılan pələngdi!

      Sonra ayrı itləri duyuq salmamaq üçün hər yerdə çöllə gedərək qoyunları qovub apardı düz Hacı Tanrıverdinin qapısına. Bu zaman hürə-hürə tökülüb gələn itlər Ərşadı tanıyıb quyruqlarını buladılar. Hacının da qoyunları Haramıda olduğu üçün ağılları7 boş idi. Ərşad ağılın qapısını açıb erkəkləri saldı içəri. Sonra Nurunun qarasına yağlı bir söyüş söyüb öz həyətlərinə gəldi. Birbaşa dəvəliyə girdi. Ərşad lap uşaq olanda atasıgil bu tövlədə dəvə saxlayardı. İndi isə dəvəlik xarabalığa oxşayırdı.

      Ərşad bilirdi ki, əmisi qaçaq Kərbalayı Əsəd vurulandan sonra rəhmətlik anası onun üçatılan tüfəngini üç qatar patronla birlikdə köhnə keçəyə bükərək gətirib bu dəvəlikdə torpağa basdırıb, üstünə də çır-çırpı töküb. El adəti idi: igidin tüfəngi gərək ayrı ələ keçməsin. Tüfəngin yerini o zaman balaca uşaq olan Ərşaddan başqa heç kəs bilmirdi. Anası Ərşada tapşırmışdı ki, bax, tüfəngin yerini heç kəsə demə. Ərşad da heç kəsə deməmişdi. İndi isə onun bu üçatılana ehtiyacı var idi.

      Ərşad ayaq altındakı çır-çırpını təmizləyib xəncəri ilə qaranlıqda yeri oyaraq keçəyə bükülmüş tüfəngi çıxardı. Kibrit çəkib baxdı: «Sən bu dünyanın işinə bax, rəhmətlik anam necə qoyubsa, tüfəng də, patronlar da elə o cür qalıb. Heç bir tikə də pas-zad atmayıb. Yazıq arvad keçənin hikmətini bilirmiş!» Anasının əli dəyən bu keçə parçası Ərşadın ürəyini kövrəltdi. Sonra o, tüfəngin çaxmağını açıb bir-iki dəfə irəli-geri çəkdi. Patronla dolu kəmərlərdən birini götürüb çiyninə saldı. Digər ikisini isə yenə də həmin keçəyə büküb basdırdı torpağa. Sonra bayıra çıxıb ətrafı diqqətlə dinlədi. Xoruzun üçüncü banı idi. Oba yatmışdı…

      Ərşad bacısıgilə gəldi. Onu yuxudan oyatdı. Bacısı soruşdu:

      – Nə olub, qağa?

      – Heç nə, yeri içəri…

      Qabaqca bacısı, ardınca da Ərşad girdilər dama.

      Ərşad soruşdu:

      – Bəs ərin hanı?

      Bacısı cavab verdi ki:

      – Axşam getdi şəhərə, həftə bazarına… Ayaqda durma, otur.

      – Oturmuram, qayıdıram Haramıya.

      – Bəs niyə gəlmişdin?

      Ərşad onun sözünə cavab verməyib dedi:

      – Səhərin gözü açılan kimi gedib Eyvaz dayıma deyərsən: Ərşad anamızın goruna and içdi ki, əgər Sərvinazı mənə verməyib Hacı Tanrıverdinin oğluna versə, dayımı da, Hacı Tanrıverdinin oğlunu da öldürüb qaçaq olacağam!

      Sözünü bitirib iti addımlarla damdan çıxdı və Haramıya tərəf yol aldı.

      … İndi sizə kimdən xəbər verim – Eyvaz əmidən.

      Eyvaz əminin gözü çoxdan Hacı Tanrıverdinin sürüsündəki qoçlardaydı. Çünki o qoçlar təkcə Kürdobada deyil, bütün mahalda ən cins heyvan sayılırdı. Nə ətinə söz ola bilərdi, nə yununa… Hacı erkəkləri Qarabulaq, Ağdam bazarlarındakı qəssab müştərilərinə satardı. Odur ki onun dörd buruqbuynuzlu qoçu nişan üçün göndərməsi böyük iş idi…

      Eyvaz əmi tezdən durdu ki, həmin erkəklərdən birini saxlayıb qalanlarını göndərsin Haramıdakı sürüsünə. Ancaq baxıb gördü ki, erkəklərdən əsər-əlamət yoxdur, tövlənin qapısına vurulan kilidi də sındırıb atıblar yerə.

      Eyvaz əmi qara, taxta qutusunu açıb, iri papiros büküb müştüyünə qoyaraq yandırdı. Sakit halda bir-iki nəfəs çəkəndən sonra böyük oğlu Şamxala dedi:

      – Boynuna qamış ölçüm sənin kimi oğulun ki, gəlib qapından qoyun oğurlayırlar!

      Şamxal da qızarıb pörtərək cavab verdi ki:

      – Əşi, elə hər nə oldu məni danlayırsan. Sənə neçə dəfə demişəm ki, bizim bu it sümsüyün biridi, qabağına bir tikə şey atan kimi səsini kəsir. Bu gecə də bir dəfə ağzını açmayıb.

      Eyvaz əminin ikinci arvadı Zərəfşanın Şamxalla – ögey oğlu ilə arası yox idi. Ərinə dedi:

      – Yox, it gecə üç-dörd ağız hürdü. Özü də başa düşdüm ki, adama hürür.

      – Bəs niyə məni səsləmədin? СКАЧАТЬ



<p>7</p>

Ağıl – içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer (red.)