Polyanna. Элинор Портер
Чтение книги онлайн.

Читать онлайн книгу Polyanna - Элинор Портер страница 4

Название: Polyanna

Автор: Элинор Портер

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242249 

isbn:

СКАЧАТЬ dilləndi:

      – Hə, çox gözəl malikanədir. Üstəlik, deyəsən, çox gözəl bağçası var. Deyəsən, Polli xala çox varlıdır, Nensi.

      – Elədir, xanım Polyanna. Xalanız hədsiz varlıdır.

      – Bax buna görə sevinməyə dəyər. Hər halda, bir insanın çoxlu pulunun olması yaxşı şeydir. Mən indiyədək bir varlı ailə görmüşdüm. Uaytlar ailəsini nəzərdə tuturam. Onlar çox varlıdırlar. Evlərində hər yerə xalça döşənib. Bəs Polli xalamın xalçaları necə, var?

      – Var, kiçik xanım. Hətta bir neçə xalçası var.

      – Bütün otaqlara xalça döşənib?

      Nensi birdən-birə çardaqdakı kiçik, xalçasız otağı xatırladı. Kədərli səslə dedi:

      – Əksər otaqlarda xalça var desək, daha doğru olardı.

      – Çox gözəl! Mən xalçaları çox sevirəm.

      Artıq araba Harrinqton malikanəsinə lap yaxınlaşmışdı. Gözünü evdən çəkməyən Polyanna gördükləri qarşısında heyrətdən donmuşdu. Nəhayət, dilləndi:

      – Aman Allah! Necə gözəl evdir. Həm gözəldir, həm də böyük.

      Araba malikanənin önündə dayandı. Timoti arabadan Polyannanın çamadanını düşürərkən Nensinin qulağına pıçıldadı:

      – Bu kiçik xanımın gəlişindən sonra Harrinqton malikanəsində çox şey dəyişəcək. Cansıxıcı günlər başa çatır. Qarşıda bizi əyləncəli günlər gözləyir.

      Nensi Timotiyə tərs-tərs baxıb dedi:

      – Sən elə düşün! Amma mən bu zavallı qızcığazı heç də yaxşı günlərin gözləmədiyi fikrindəyəm.

      Nensi Polyannanın əlindən tutub malikanəyə apardı.

      Çardaqdakı kiçik otaq

      Polli Harrinqton bacısı qızını qarşılamaq üçün oturduğu yerdən qalxmadı. Sadəcə, başını oxuduğu kitabdan qaldırıb əlini uzatmaqla kifayətləndi.

      – Xoş gəlmisən, Polyanna, – deyə dilucu dilləndi xanım Polli. – Mən…

      Ev sahibəsi sözünü tamamlamağa macal tapmadı. Çünki artıq bu vaxt Polyanna yüyürərək özünü xanım Pollinin qucağına atmışdı. Qızcığaz hıçqıraraq dedi:

      – Polli xala! Məni himayənizə götürdüyünüz üçün sizə necə təşəkkür edəcəyimi bilmirəm. O qədər sevinirəm ki! Bu mənim üçün həyatımın ən gözəl anıdır.

      Xanım Polli ona sarılmış qollardan xilas olmağa çalışdı. Qaşlarını çataraq dedi:

      – Yəqin ki, elə belədir.

      Sonra isə qızı özündən uzaqlaşdırmaq üçün fənd qurdu:

      – Polyanna! Bir az qıraqda dayan, qoy sənə kənardan baxım və daha yaxşı görüm.

      Polyanna bir neçə addım geri çəkilib dayandı:

      – Doğru deyirsiniz, xalacan. Heç imkan vermədim ki, mənə diqqətlə baxasınız. Əslində, üzümdə bu qədər çoxlu çil varkən, heç bilmirəm, mənə baxmağa dəyərmi? Ən əsası isə niyə qara yox, qırmızı paltar geyindiyimi sizə izah etməliyəm. Yolda Nensiyə atamın dediklərini…

      – Atanın dedikləri mənim üçün maraqlı deyil! Səhv etmirəmsə, sənin kiçik bir çamadanın olmalı idi.

      Polyanna yenidən şən səslə dilləndi:

      – Əlbəttə var, xalacan. Onu mənə Xeyriyyə Cəmiyyətindən hədiyyə ediblər. Təəssüf ki, çox əşyam yoxdur. Axır vaxtlar Xeyriyyə Cəmiyyətinə mənim kimi kiçik qızlara yaraşacaq şeylər bağışlamırdılar. Çamadanımda atamın bir neçə kitabı, bir də bəzi xırda-para şeylər var. Atamın dediyinə görə…

      Xanım Polli bu dəfə qızın sözünü daha sərt şəkildə kəsərək dedi:

      – Polyanna! Bunu qulağında sırğa elə. Yanımda atandan danışmağını istəmirəm. Başa düşdünmü?

      Birdən-birə Polyannanın gözləri yaşardı. Titrək səslə dilləndi:

      – Polli xala, yəni siz… siz…

      Amma sözünün arxasını gətirə bilmədi. Xanım Polli acıqla dedi:

      – İndi səninlə birlikdə yuxarı – otağına çıxacağıq.

      Qadın irəlidə, Polyanna isə arxasınca çardağa doğru qalxdılar. Qızcığazın gözlərindən xırda yaş damlaları süzülürdü. Ürəyində dedi: “Görünür, atamdan danışmağı ona görə istəmir ki, mən üzülməyim. Atamı xatırladıqca nə qədər kədərləndiyimi, hər halda, o da bilir”

      Bu ehtimal qızı sakitləşdirdi. Göz yaşları qurudu. Yenidən əvvəlki şən Polyanna oldu. Yuxarı qalxarkən başını açıq qapılardan içəri uzadır, otaqları gözucu nəzərdən keçirirdi. Otaqlarda gördüyü gözəl əşyalar onu heyran etmişdi. Ayaq basdığı xalçalar yosun kimi yumşaq idi. Atlaz pərdələr, geniş və bəzəkli divanlar, divarlardan asılmış qızıl suyuna çəkili çərçivələrdəki rəsmlər… Bütün bu gördükləri Polyannanın heyranlığını birə-beş artırırdı. Pilləkənlə çardağa doğru qalxarkən qızcığaz, nəhayət, aradakı sükutu pozdu:

      – Polli xala, necə gözəl əşyalarınız var! Əminəm ki, bu qədər varlı olduğunuza görə çox məmnunsunuz!

      Xanım Polli geri çevrilib sərt nəzərlərlə Polyannaya baxdı və dedi:

      – Ayıb olsun, Polyanna! Məni dəhşətə gətirirsən! Bu sənin ağlına necə gələ bilərdi?

      – Xalacan, yoxsa varlı deyilsinizmi?

      – Var-dövlətlə ancaq axmaqlar və acgözlər öyünə bilərlər.

      Polyanna əlavə sual verməyib susdu. O artıq öz otağını xəyalında canlandırmağa başlamışdı. Qızın təsəvvüründə onun otağı geniş və işıqlı idi. Yerə əlvan xalçalar döşənmişdi. Divarlardan cürbəcür rəngli şəkillər asılmışdı. Pəncərələrində isə parıltılı pərdələr yellənirdi.

      Polyanna qurduğu bu xəyaldan çox həyəcanlandı və otağını görmək üçün ürəyi uçundu. Bu vaxt xanım Polli başqa bir qapı açdı, onlar artıq başqa pilləkənlə qalxmağa başlamışdılar. Dəhliz bomboş idi, üstəlik, hava o qədər isti idi ki, az qalırdı adam boğulsun.

      Xanım СКАЧАТЬ