Название: Baskervillərin iti
Автор: Артур Конан Дойл
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241068
isbn:
Doktor Mortimer onu bizə təqdim etdi.
– Ser Henri Baskervil.
Baronet dedi:
– Mister Holms, əgər mənim dostum sizin yanınıza gəlməyi mənə təklif etməsəydi, mən özüm gələcəkdim. Deyirlər ki, siz cürbəcür dolaşıq məsələləri açmağı bacarırsınız; bu gün səhər mən elə bir şeyə rast gəlmişəm ki, bunu açıb həll etməyə mənim gücüm çatmaz.
– Ser Henri, əyləşin. Əgər mən sizi düz başa düşmüşəmsə, görünür, Londonda sizin başınıza çox da adi olmayan bir hadisə gəlmişdir, eləmi?
– Mister Holms, mən buna çox da əhəmiyyət vermirəm. Yəqin, kimsə mənimlə zarafat edib. Bu gün səhər mənə belə bir məktub gəlib – əgər buna məktub demək mümkündürsə…
O, stolun üstünə bir zərf qoydu. Zərfin üzərində – «Norsamberlend» mehmanxanası, ser Henri Baskervilə» sözləri yazılmışdı.
Holms sınayıcı bir nəzərlə qonağa baxaraq soruşdu:
– Sizin «Norsamberlend»ə düşəcəyinizi bilən vardımı?
– Bunu heç kəs bilmirdi. Mən ancaq doktor Mortimerlə görüşdükdən sonra harada qalacağımı qət etdim.
Holms konvertin içindən dörd qatlanmış bir vərəq çıxartdı, açıb stolun üstünə qoydu. Vərəqin ortasında tək bircə cümlə vardı: «Əgər həyatınız sizin üçün qiymətlidirsə, torf bataqlığından uzaq olun».
Şerlok Holms dedi:
– Uotson, bizdə dünənki «Tayms» qəzeti varmı?
Mən otağın küncündən «Tayms»ın sonuncu nömrəsini götürüb dostuma uzatdım. O, qəzetə baxıb sevinclə qışqırdı:
– Özüdür ki var! Eyni şriftlərdir.
Biz onun dediklərindən heç nə başa düşmədik.
– Baxın, məktubu göndərən «Əgər həyatınız sizin üçün qiymətlidirsə… uzaq olun» sözlərini qəzetdən kəsib yapışdırmışdır; «torf bataqlığından» sözləri qəzetdə az rast gəlindiyindən onları tapa bilməmiş və əllə yazmışdır, özü də, görünür, xəttini dəyişdirmişdir. Bu adam kimliyini gizlətmək üçün əlindən gələni edir. Sözlər düz sıra ilə yapışdırılmamışdır; onlardan bəzisi sətirdən yuxarı çıxır. Bu isə məktubu yazan adamın səliqəsizliyini, ya bəlkə, onun həyəcanlı olduğunu, ya da tələsdiyini göstərir. Ser Henri, deyin görək: Londona gələndən bəri sizin başınıza başqa qeyri-adi bir hadisə gəlməyib ki?
– Xeyr, mister Holms, elə bir hadisə gəlməyib. Ancaq yox, bir dəqiqə… Mən ayaqqabımın bir tayını müəmmalı şəkildə itirmişəm.
Doktor Mortimer ucadan dedi:
– Əzizim, görünür, sizin ayaqqabınızı harasa qoyublar. Tapılar. Belə bir boş şeydən ötrü mister Holmsu niyə narahat edək!
– Yox, yox, – Holms etiraz etdi. – Məni hər bir xırda şey maraqlandırır. Deməli, sizin ayaqqabınızın bir tayı itib?
– Bəli, itib, bəlkə də, onu, doğrudan da, harasa qoyublar. Dünən axşam mən ayaqqabılarımı otaqdan çıxarıb bayıra qoydum, səhər durub gördüm ki, ayaqqabının bir tayı yoxdur. Bu ayaqqabını mən mağazadan yenicə almışdım, heç ayağıma da geyməmişdim. Açıq-qəhvəyi rəngdə ayaqqabı idi.
Şerlok Holms dedi:
– Əgər bu oğurluqdursa, çox mənasız oğurluqdur.
Ser Henri qəti bir ifadə ilə:
– Centlmenlər, – dedi, – indi siz gərək verdiyiniz sözü yerinə yetirəsiniz: məni başa salasınız görüm burada nələr baş verir.
Şerlok Holms bu fikrə şərik oldu:
– Doktor Mortimer, məncə, siz gərək olanları bizə danışdığınız kimi, ser Henriyə də danışasınız.
Alim dostumuz bu sözdən həvəslənərək əlyazmanı və qəzeti cibindən çıxarıb dünənki söhbətini eynən təkrar etdi. Ser Henri diqqətlə qulaq asırdı, arabir təəccüb ifadə olunan bir səslə doktorun sözünü kəsirdi.
Bu uzun hekayə qurtardıqdan sonra ser Henri dedi:
– Bəli də, mənə yaxşı irs düşüb! O itin barəsində mən hələ uşaqkən eşitmişəm. Bizim ailədə bu əfsanəni söyləməyi xoşlayardılar, halbuki hələ indiyə kimi mən buna heç bir əhəmiyyət verməmişəm. O ki qaldı əmimin ölməsi, mən heç bir şey anlaya bilmirəm. Məncə, heç siz özünüz də bilmirsiniz ki, bu məsələdə kimə müraciət etmək lazımdır: falçıya, yoxsa polis idarəsinə?
– Lap doğru deyirsiniz.
– Bir tərəfdən də mənim aldığım bu məktub! Görünür, bu da eyni hadisə ilə bağlıdır.
Doktor Mortimer dedi:
– Bəli, bu məktubdan belə görünür ki, kim isə torf bataqlıqlarında olan işləri bizdən çox-çox yaxşı bilir.
Holms:
– Bu «kim isə», görünür, sizin tərəfinizi saxlayır, – dedi, – çünki o, təhlükə olduğunu sizə xəbər verir.
– Bəlkə də, əksinədir: məni qorxudub Baskervil-holdan uzaqlaşdırmaq kimin isə xeyrinədir.
– Bu da ola bilər. Ser Henri, indi gərək biz bir məsələni həll edək: siz Baskervil-holla gedə bilərsiniz, ya yox?
– Niyə də getməyim?
– Görünür, sizin ora getməyiniz təhlükəlidir.
– Hər nə olur-olsun, nə dəhşətli qüvvələr, nə də insan hiylələri məni burada saxlaya bilməz. Mən dədə-babadan qalma evimizə gedəcəyəm. Mister Holms, bilirsiniz nə var? İndi saat on ikinin yarısıdır, mən buradan birbaş mehmanxanaya gedirəm. Siz və sizin dostunuz Uotson saat ikidə nahara mənim yanıma gəlsəniz, minnətdar olaram. O vaxta qədər mən, hər halda, fikirləşib bir nəticəyə gələ bilərəm.
– Biz gələrik. Sizə keb çağırımmı?
– Yox, yaxşısı budur, mən doktor Mortimerlə gəzə-gəzə piyada gedim. Bu söhbətdən sonra bir az özümə gələrəm.
Biz onların pilləkənlə aşağı endiyini və bayır qapını bərkdən örtdüklərini eşitdik. Holms bir anda dəyişdi, xalatını СКАЧАТЬ