Название: Baskervillərin iti
Автор: Артур Конан Дойл
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241068
isbn:
Holms soruşdu:
– Bataqlıqda, yəqin, çobaniti çoxdur?
– Əlbəttə, çoxdur. Ancaq bu, çobaniti deyildi.
– Bu izlər otun üstündə idi, ya yolun üstündə?
– Otun üstündə iz, adətən, görünmür.
– Bu izlər yolun qapı olan tərəfində idimi?
– Bəli, yolun lap qırağında, qapıya yaxın yerdə idi.
– Son dərəcə maraqlı bir məsələ! Bir sual da verim: xiyabanın qapısı bağlı idimi?
– Nəinki bağlı idi, hətta qıfıl da vurulmuşdu.
– Qapının hündürlüyü nə qədər olar?
– Dörd futa qədər. Yəqin, ser Çarlz qapının qabağında beş-on dəqiqə dayanmışdır.
– Bunu nədən bilirsiniz?
– Çünki çəkdiyi siqarın külü iki dəfə yerə düşmüşdü.
– Çox gözəl! Bax belə köməkçi bizim işimizə yaraya bilər! Elə deyilmi, Uotson?
– Bundan başqa, bundan başqa…
– Siz niyə tərəddüd edirdiniz?
– Elə bir sahə var ki, orada ən dəhşətli, ən təcrübəli xəfiyyə belə acizdir. Mister Holms, ser Çarlzın ölümündən qabaq yerli əhalidən bir neçəsi bataqlıqda qəribə bir şey görmüşlər. Onların dedikləri əlyazmada təsvir edilən Baskervillər kabusunun təsviri ilə üst-üstə düşür. Onu görənlər bir ağızdan deyirlər ki, bu, işıqsaçan, çox iri, qorxunc bir məxluqdur. Mister Holms, inanın ki, bütün bizim mahal dəhşət içindədir, gecələr ən cəsarətli adamlar belə cürət edib bataqlığa gedə bilmir.
– Siz də elmli bir adam olduğunuz halda, inanırsınız ki, bu, mistik bir qüvvədir?
– Mən heç özüm də bilmirəm nəyə inanım.
Holms çiyinlərini qısaraq dedi:
– Bu vaxta qədər mənim xəfiyyəçilik fəaliyyətim bu dünyadan kənara çıxmamışdır. Mən öz gücüm və imkanlarım dairəsində şərlə mübarizə edirəm; lakin şəri yaradanın özünə qarşı çıxmaq, yəqin ki, mənim tərəfimdən həddindən artıq böyük bir cəsarət olardı. Doktor Mortimer, əgər mistikaya inanırsınızsa, onda nə üçün mən sizə lazım olmuşam? Sözlərinizdən belə çıxır ki, ser Çarlzın ölümünün səbəbini təhqiq etmək faydasız bir işdir, eyni zamanda bu işə girişməyi məndən xahiş edirsiniz.
– Mən belə bir şeyi sizdən xahiş etməmişəm. Əslində, mən sizin yanınıza məsləhətə gəlmişəm. Məsələ burasındadır ki, Baskervillərin yeganə varisi olan ser Henri Baskervil düz bir saat on beş dəqiqədən sonra Vaterloo vağzalına gələcək. Mən ona nə deməliyəm? Ser Çarlzın ölümündən sonra biz yoxlayıb bildik ki, Henri Baskervil Kanadada, öz fermasının təsərrüfatı ilə məşğuldur. Aldığımız məlumata görə, o, çox gözəl, çox ləyaqətli, cavan bir adamdır. Mən indi bir həkim kimi deyil, ser Çarlz tərəfindən vəkil edilmiş bir adam kimi danışıram.
– Varislik iddiasında olan bir başqası yoxdur ki?
– Xeyr, yoxdur. Biz bu ailə barəsində bəzi şeylər öyrənə bildik. Onlar üç qardaşmış. Ortancıl qardaş cavan yaşlarında ölmüşdür. Henri onun oğludur. Kiçik qardaş Rocer isə ailədə fərsiz övlad hesab edilirmiş. O, bir neçə il əvvəl Mərkəzi Amerikada qaraqızdırmadan ölmüşdür. Henri – Baskervil nəslinin axırıncı nümayəndəsidir. İndi, mister Holms, siz mənə məsləhət verin görüm, mən onunla nə edim?
Holms fikrə getdi. Nəhayət, o belə dedi:
– Ser, məsləhət görürəm ki, təkatlı ekipaj çağırasınız, qapının ağzında atılıb-düşən spanieli götürüb ser Henri Baskervili qarşılamaq üçün vağzala gedəsiniz.
– Sonra?
– Sonra siz mənim gələcək işlər üçün nə kimi plan tökəcəyimi gözləyəcəksiniz. Bu vaxta qədər də varisə heç bir şey söyləməyəcəksiniz. Doktor Mortimer, siz sabah səhər saat onda bura gəlsəniz, ser Henri Baskervili də özünüzlə bərabər gətirsəniz, mən sizə çox minnətdar olaram. Mən gərək onunla tanış olam.
– Yaxşı, mister Holms.
Doktor Mortimer otaqdan çıxdıqdan sonra Holms divanın küncündə oturub gülümsədi; həmişə onun qarşısına ona layiq olan bir məsələ çıxanda onun üzündə razılıq ifadə edən sakit bir təbəssüm görünərdi.
– Uotson, gedirsiniz?
– Bəli, gedirəm, onsuz da mənim sizə bir köməyim dəyməyəcək.
– Yox, dostum, işə başlayanda mən sizə kömək üçün müraciət edəcəyəm. İndi isə gedin, axşam görüşəndə bu məsələ ilə bağlı fikirlərimi sizə söyləyəcəm.
Mən bilirdim ki, belə məqamlarda Holmsu təkbaşına buraxmaq lazımdır. Buna görə də bütün günümü klubda keçirtdim, ancaq axşam saat doq-quza yaxın Beyker-stritə qayıtdım.
Qonaq otağının qapısını açanda qorxudan duruxub dayandım. «Olmaya içəridə yanğın var?» – deyə düşündüm. Otağa o qədər tüstü dolmuşdu ki, lampa işığı bu tüstünün arasından güclə görünürdü. Elə o saat çox bərk və ucuz tütünün acı tüstüsü burnuma doldu, boğazım o saat göynədi. Tüstü arasından, kresloda rahatca oturan Holmsu güclə gördüm. O, xalat geymişdi, qara, saxsı çubuğu ağzında tutmuşdu. Holms məni görüb dilləndi:
– Uotson, bu, çox qəribə əhvalatdır. Xüsusilə onun bəzi xırda cəhətləri; məsələn, ayaq izlərinin dəyişməsi! Mortimer deyirdi ki, ser Çarlz xiyabanın bu hissəsini pəncəsi üstə getmişdir. Siz bunu necə izah edirsiniz?
– Bilmirəm… Adam axı öz bağında niyə pəncəsi üstə gəzsin?
– Uotson, o yüyürmüşdür. Canını qurtarmaq üçün var gücü ilə qaçmışdır! Burda başqa bir dolaşıq məsələ var: ser Çarlz həmin axşam kimi gözləyirmiş və nə üçün bu görüş onun evində deyil, xiyabanda olmalı imiş?
– Siz elə zənn edirsiniz ki, o kimi isə gözləyirmiş?
– Bir özünüz fikirləşin: niyə xəstə adam rütubətli havada xiyabanın qapısı qabağında boş-boşuna beş dəqiqə, ya bəlkə, on dəqiqə durmuşdur? Uotson, görürsünüzmü, məsələ necə dolaşıqdır… İndi, xahiş СКАЧАТЬ