Yunis stəkanı şappıltı ilə nəlbəkiyə qoydu:
‒ Səhv edirsiniz, yoldaş sudya.
‒ İşin gedişi göstərdi ki, onlar cinayət baş verəndə, yəni istirahət günü öz kəndlərində olublar.
‒ Bu, sübut deyil, səhər gedib axşam qayıda bilərdilər.
‒ Qırx kilometr yolu bir gündə piyada gedib qayıtmaq?! Yəni 80 kilometr yolu…
‒ Olar. Mən onları yaxşı tanıyıram.
‒ Haradan tanıyırsınız?
‒ Bura bax, yoldaş sudya, ədaləti tapdalayıb müqəssirə yan basmaq Sovet hüquqşünasına yaraşmaz. Mən sovet müəllimi adını ləkələyənlərə cəza veril-məsini tələb edirəm.
‒ Əsəbiləşməyin. Hökm çıxaranda gərək soyuqqanlı olasan. Bir də axı, ev sahibi özü boynuna aldı ki…
‒ Siz onu çaşdırdınız.
Yunis papiros yandırdı. Kibriti şaqqıltı ilə stolun üstünə atdı. Otağı göyümsov tüstü bürüdü:
‒ Əgər belə etsəniz, mən qol çəkməyəcəyəm!
‒ Onda işimizi pozmuş olarsınız.
Bəhlul sakitcə söhbətə qulaq asır və Yunisin dediklərini təəccüblə dinləyirdi. Onun ürəyinə dammışdı ki, hakim haqlıdır, ancaq özünün nə kimi imtiyaza malik olduğunu bilmədiyindən susurdu. Yunis “qol çəkməyəcəyəm!” deyəndə başa düşdü ki, iclasçıdan çox şey asılıdır.
‒ Əgər Yunisin qərəzli fikrinə qulaq assanız, mən çıxıb gedəcəyəm.
Yunis Bəhluldan bu cavabı gözləmədiyindən diksindi və daha da sərtləşdi:
‒ Şura müəllimi adını…
‒ Şura müəlliminə böhtan atmaq, məncə, daha böyük cinayətdir. Hakim bilməsə də, özünə yaxşı məlumdur ki, niyə onların əleyhinə gedirsən.
‒ Mənim qərəzliyim var?
‒ Var! Onlar gərək sənin iclasçılığına etiraz edəydilər.
Yunis başa düşdü ki, Bəhlul keçən il rayon qəzetində Mirzənin onun haqqında çap etdirdiyi şeiri nəzərdə tutur. Bir az da höcət etsə, hər şey açılacaq.
‒ Mən nə deyirəm, istəyirəm, günaha batmayaq.
‒ Əlbəttə!
Hər şeyə yenidən baxdılar, müqəssirlərin, şahidlərin cavablarını bir də nəzərdən keçirdilər və əsl müqəssirin ev sahibi olduğunu yəqinləşdirdilər.
Yenə “məhkəmə gəlir!” dedilər, yenə camaat ayağa durdu, elə ayaq üstündə hökm oxundu. Zaldan alqış səsi eşidildi. Ev sahibi boynunu büküb məhkəmədən aman dilədi, hər şeyi qaytaracağına söz verdi.
…Rayon adamları yenə qəzet növbəsində dayanırdılar. Cavanlar yenə gözaltı mehmanxananın eyvanına baxırdılar. Ancaq Bəhlul bir daha görünmədi. O, qonaqlıqlardan vaxt tapıb meydançaya gələ bilmirdi. Hər axşam bir evə, hər gün bir məclisə çağırırdılar. Ona ömründə bu qədər hörmət olmamışdı, bəlkə, bundan sonra da heç olmayacaqdı.
Əmioğlu
Düz bir həftə idi ki, rayon maarif şöbəsi ilə baş mühasib Şeydayevin idarəsi arasında ayaq döyməkdən yorulmuşdum. Ancaq hələ də tələbnaməni yoxlatdıra bilməmişdim. Hesabdar hər gün sayğacı şaqqıldadıb bir səhv tapır, tələbnaməni təzədən köçürtdürür, mən yenidən növbəyə dayanır, gah fasiləyə düşür, gah da hesabdarı baş mühasib yanına çağırtdırdığından ləngiyir, beləliklə, iş günü qurtarır və sabahı gözləməli olurdum. Sözün düzü, direktorun əvəzinə zəhmət haqqı almağa gəldiyimə peşman olmuşdum. Əslində, bu bəhanə ilə rayon mərkəzindən azca aralı olan evimizə dəymək və ata-anamla görüşmək istəyirdim. İşlədiyim kənd uzaq olduğundan və yolun pisliyindən oralara maşın gəlmirdi. Rayon mərkəzinə getmək üçün cığırlarla dərələr aşıb çaylar keçmək və qırx beş kilometrlik yolu addımlamaq lazım idi. Mən elə bilirdim ki, rayona çatan kimi pulu alacağam, bir gün evimizdə qaldıqdan sonra qayıdıb müəllimlərin zəhmət haqqını vaxtında özlərinə çatdıracağam.
Səhər tezdən qapını kəsdirib növbədə onuncu adam oldum. Bu gün hər şeyi qurtarıb pul alacağıma əmin idim. Ancaq hesabdar yenə bir şey tapıb məni geri qaytardı. Acığımdan tələbnaməni atıb küçəyə çıxdım. Şəhərdə qalmağa yerim də yox idi. Mehmanxana müdirinə yalvarmaqdan da üzümün suyu tökülmüşdü. Sabah da istirahət günü idi. Yox, yaxşısı budur, geri qayıdım. Qoy direktor özü gəlsin, müəllimlərin gözü yoldadır, axı onların ailəsi var, pul lazımdır!
– Xoş gördük, İslam, niyə burada durursan?
– Maaş almağa gəlmişəm.
– Mən də. Bəs nəyi gözləyirsən?
– Heç. Papiros çəkmək üçün çıxmışam.
Doğrusu, başıma gələnləri ona demək istəmədim. Hər halda özümü sındırmamağa çalışdım. Camal gülə-gülə məndən aralandı. Mən onun tünd-mürəkkəbi rəngli drap paltosunun əyninə necə kip yatdığına baxdım. Bu palto onsuz da qıvraq olan Camalı bir az da çevik göstərirdi.
Aradan on beş dəqiqə keçməmiş yanımdan güllə kimi ötdü. Elə bil sümüyü çırtlayırdı.
– Hara qaçırsan?
– Banka.
– Dayan görüm.
O, ayaq saxladı. Təəccübümü gizlədə bilmədim:
– Tələbnaməni yoxlatdın?
– Nə tələbnamə? – deyə gülümsündü və əlindəki kağızı mənə göstərdi. – Çek də yazdırmışam. Bəs sən banka getmirsən?
– Yox, – deyə köksümü ötürdüm, – rəhmətliyin oğlu, kefdən danışırsan, heç hesabdarın torundan çıxa bilirəm ki?
– Dayan, dayan, – o, qolumdan yapışıb məni bir az da kənara çəkdi. – Əmioğlunu görübsən?
– Əmioğlu kimdir?
– Şeydayev.
– Yox.
– Onda yarım ay buradasan.
Camal СКАЧАТЬ