Название: Uşaqlığın son gecəsi
Автор: Максуд Ибрагимбеков
Издательство: TEAS PRESS
isbn: 978-9952-532-68-5
isbn:
Biz dava-dava oynamağa davam edirdik və şənbə günü dərsdən sonra 28-ci məhəllə ilə döyüşümüz olacaqdı. Bu vaxt püstə ağacı əhvalatı baş verdi.
Həmişəki kimi, səhər həyətdə görüşüb birlikdə məktəbə getməyə hazırlaşırdıq, birdən kiminsə gözləri püstə ağacına sataşdı və gözlərinə inanmadı, sanki bu, gerçək deyil, yuxu idi: ağac çılpaq olmuşdu, bir gecənin içində bütün yarpaqları tökülmüşdü və çılpaq budaqlarda qaralmış püstə salxımları sallanırdı.
Həyətdə hay-küy qalxdı! Ümumiyyətlə, məhəlləmizdə hay-küy salmaq su içmək kimi asan iş idi, xüsusilə yayda. Bu dəfə qonşu qadın digərinə sadəcə “püstə” dedi, dava-dalaş bir yana, o gün məhəllədə görünməmiş hay-küy qopdu. Hamı səs-səsə verib çığırırdı, heç nə başa düşmək olmurdu. Bircə qonşu qadınlardan birinin: “Axır ki, istəyinə çatdı, vicdansız, ağacı məhv elədi!” – dediyini eşitdim. Bunu təzə qonşu haqqında deyirdilər. Bir başqası isə deyirdi ki, aqronoma zəng vurmaq lazımdır, bəlkə, hələ ağacı xilas etmək olar.
Təzə qonşu səs-küyə çıxdı, elə bil həyətdə baş verən mərəkənin ona dəxli yox idi. Sonra var gücü ilə qapını çırpıb evinə çəkildi.
Elə həmin gün aqronom gəldi, püstə ağacına baxdı, dedi ki, bu ağac odundan başqa heç nəyə yaramaz. Çıxıb getdi.
Şənbə günü idi, 28-ci məhəllə ilə döyüşü təxirə saldıq. Qonşu məhəllənin uşaqları haqqımızda nə deyir, desin, vecimizə də deyildi. Qərargaha toplaşdıq. Hamı yığışmışdı və təzə qonşu ilə gələcək rəftarımızı müzakirə edirdik. Qərara gəldik ki, onun haqqında fikirləşdiklərimizin hamısını bir-bir üzünə deyək. Deyək ki, o, qəddar və axmaq qadındır və onun məhəlləmizdə yaşamasını istəmirik.
Hamımız bir yerdə gedib onun qapısını döydük. Bir neçə dəfə döydük, cavab verən olmadı, işi belə görəndə içəri girdik. Sakitcə…
O, çarpayıda oturub ağlayırdı. Heç vaxt onun kimi ağlayan adam görməmişdim. Qadın bizə əhəmiyyət vermədi və ağlamağa davam etdi, paltar yumaqdan qurumuş, gömgöy damarları çıxmış əlləri ilə üzünü tutub ağladı. Onun oğlu ilə qızı biz içəri girəndən sonra bir müddət susdu, sonra ikisi də analarının üstünə cumub hönkürtü ilə ağladı.
Biz – polkovniklər, generallar, marşallar – onun qarşısında dayanıb susurduq. Hamı boğazında düyünlənmiş qəhəri udmağa çalışırdı. Zənnimcə, biz ona demək istəyirdik ki, həyatda heç bir ağac, hətta dünyadakı ən gözəl ağac belə insanın göz yaşlarına dəymir. Bəlkə də, bir az böyük olsaydıq, elə belə də deyərdik… Bir də, kim bilir axı, böyüklər belə vəziyyətlərə düşəndə nə deyirlər.
Hamımız dönüb qərargaha qayıtdıq. Poqon və ulduz almaq üçün yığdığımız pulun hamısını götürüb Kubinkaya getdik. 28-ci məhəllənin uşaqları da arxamızca düşüb gəldilər. Kubinkada tinglər satılan yeri xeyli axtardıq. Bizə köynək, donuz və ət konservi, kokos yağı təklif edirdilər. Deyirdik, bura yumurta tozu, patefon valı almağa gəlməmişik. Deyirdik, püstə tingi axtarırıq. Nəhayət, tinglər satılan yeri tapdıq. Bankalarda müxtəlif toxumlar satılırdı.
Satıcıya yaxınlaşıb ondan püstə tingi istədik.
– Banan ağacı axtarırsınız? – deyən satıcı qonşusuna göz vurdu.
Dedik, püstə tingi axtarırıq və əlimizdə olan pulu ona verdik. Satıcı yerdə dəstələyib qoyduğu tinglərin arasından birini seçib bizə uzatdı. Dedi ki, bu, xalis püstə ağacıdır, bundan yaxşısını tapa bilmərik. Sonra məsləhət gördü ki, ağacın dibinə tez-tez su verək.
Hamımız növbə ilə onu evə apardıq. Bütün günü əlləşib onun üçün çala qazdıq, torpağını yumşaltdıq, sonra ağac üçün peyin gətirməyə getdik, 28-ci məhəllənin uşaqları da bizə qoşuldu.
Bütün bu işləri görüb qurtardıqdan sonra birlikdə təzə qonşumuzun evinə gedib ona dedik ki, təzə püstə ağacı əkmişik, daha ağlamaq lazım deyil, sadəcə bundan sonra ehtiyatlı olmalıdır, daha onun dibinə qələvili su tökməsə, hər şey öz qaydası ilə gedəcək.
O hamımızın başını sığalladı, sonra dedi ki, tez gedək, yoxsa o özünü ağlamaqdan saxlaya bilməz. Səsi də qəribə idi, elə bil nəsə onu çox incidir, ağrıdırdı. Sifəti də ağlamaqdan pörtmüşdü, amma yenə də gözəl idi. Deyəsən, bizi yola salandan sonra o, yenə ağladı, ya da kim bilir, bəlkə də, bizə elə gəldi.
Axşam anam dedi ki, təzə qonşumuzun əri müharibədə həlak olub və o, dünən qara kağız alıb. Həmin gün həyətdə dava-dava oynamadıq…
Ağacımız böyüdü, ancaq, sən demə, bu, püstə ağacı yox, tamam başqa növ imiş. Biz vaxtlı-vaxtında onun dibinə su veririk, təzə qonşumuz isə – bir də ki, nə təzə, artıq üstündən 20 il keçib – ağaca hər kəsdən çox qulluq edir. Qonşularımız bu ağacın kölgəsinə yığışıb söhbət edir və heç kəs onun püstə ağacı olmadığına təəssüflənmir.
ƏLVİDA, “MİLEDİ”
Bu yay “Üç muşketyor”u oxuduq. Açığını deyim, belə bir kitabın mövcudluğundan çox gec xəbər tutmuşduq. Əvvəlcə “Bakkommuna” kinoteatrında filmini göstərdilər və küçəmizdə hər kəs “var-var-var-var-vara” oxuya-oxuya gəzirdi. Hələ indi də “var-var-var-var-vara”nın mənasını bilmirəm, ancaq o vaxt hər kəs D´Artanyanın möhtəşəm mahnısını oxuyurdu və bu, çox gözəl alınırdı, üstəlik, xorla oxuyanda adama lap ləzzət edirdi. Sonra Cəbrayıl əmi gəlib dedi ki, belə bir kitab var – “Üç muşketyor” və onu fransız yazıçısı Düma yazıb.
Cəbrayıl əmi Fransa ilə bağlı bu və digər məsələlərdən xəbərdardır, çünki Parisdə toxuculuq institutunu bitirib. Üstündən uzun illər ötməsinə baxmayaraq, valideynlərimiz və tanışlarımız hələ də elə güman edir ki, Cəbrayıl əmi fransızca mükəmməl danışır. Bəlkə də, həqiqətən, belə idi, ancaq mən o vaxt onun dilindən yeganə fransız sözü eşitmişdim: “Silyans”. “Silyans” “susqunluq” deməkdir. Kimsə Cəbrayıl əminin sözünü kəsəndə o, həmişə “silyans” deyirdi və sonra hər şey yenə öz qaydası СКАЧАТЬ