Onlar da insandı. Дженгиз Дагджи
Чтение книги онлайн.

Читать онлайн книгу Onlar da insandı - Дженгиз Дагджи страница 7

Название: Onlar da insandı

Автор: Дженгиз Дагджи

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ olar başqa? Kəndə Yaltadan oğrumu gəldi?

      Bəkir tövləyə tərəf getdi, hələ çatmamışdı ki, dəhlizdən Ayşənin səsi gəldi:

      – Ana, Məcikin muncuqları hardadı?

      Dönüb qızına baxdı, bu səhər daha tez qalxdığını sandığı üçün qızını dəhlizdə görüncə çaşdı.

      – Xoruz kimi bannama! Bu saatda qadın qismi yatağında yatar, üstəlik də yuxu görər… Kişinin işi kişinindir, siz isə…

      – Oğlumuz yoxdu deyə, kədərlənirdin dünən axşam, atacan. Mən də bir kişi kimi işə yaramıram?

      – Zır-zır etmə, evə gir, dedim sənə!

      Əsma Məciki tövlədən çıxarıb divarın yanına bağladı.

      – Nədir səhər-səhər bu səs-küy, canım? Əsma, Ayşə qızı niyə qaldırdın tezdən? Artıq qaraçı tayfası olduq?

      Əsma ərinin sözlərini eşitmirmiş kimi dəhlizdə səssizcə dayanan Ayşəyə tərəf çevrildi:

      – Muncuqları duası ilə bərabər döşəyin altındadır. Zınqovurunu da gətir!

      Sonra ərinə döndü:

      – Zəhmətsiz mal yeyilməz. Dünən axşam Allahın verdiyi bu havada “tütünləri yığmasaq işimiz fırıqdır” deyə sifətin kül-əhəng olmuşdu. Səhərə qədər kirpiyimi qırpmadım.

      – Dedimsə dedim, siz də niyə döşəklərinizdən qaçdınız? Elə bil, yanğın bacanı qucaqlamışdı!

      – Bacanı sarmadan çarə tapmalıyıq. Sən get dərə başından qırmağa başla. Biz də Ayşə ilə sahələrə gedək. Battal Ənvərdən də xahiş et, öz uzunqulağına baxarkən bizim ata da baxsın. O baxar. Qızıl kimi insandır. Səhər işin bərəkəti çox olur.

      – Hey, komandir kimi qışqırma. Mən işimi bilirəm.

      – Əsəbləşmə, zarafat etdim, bütün aləm eşitdi səsini…

      Ayşə dəhlizə çıxdı:

      – Tapdım, ana!

      – Bura gətir. Zınqırovu da.

      Ayşə anası ilə birgə Məcikin boynuna yaşıl muncuqları və zınqovuru bağlayarkən, Bəkir Ağa mızıldaya-mızıldaya tövləyə girdi. Tövlə olduqca qaranlıq idi, isti kübrə qoxusu gəlirdi. Bəlkə arvadının səhər-səhər bu qışqırığı, hələ ürəyini gəmirən yaş məsələsi – gizli bir başqa səbəb üzündən, Bəkirin könlü heç rahat deyildi bu səhər.

      Bəkir elə düşünərək atı tövlədən çıxarmaq istəyirdi, at isə yeri eşəliyir, diqqətini çəkmək üçün sahibinin çiynini, arxasını itəliyirdi. Qapıda arvadı qışqırmasaydı, Bəkir hələ çox fikirləşəcəkdi.

      – Heyvana azanmı oxuyursan tövlədə? Üfüqlər qızardı, günortaya gedəcək deyilsən ki tarlaya!

      Elə bu vaxtda atı da arxadan dürtmələdi.

      – Arı sancsın səni! Biri qabaqdan, biri arxadan, dəli edəcəklər adamı. Gəl, tələsirsənsə aparım səni işə!

      Amma Bəkir heç tələsmirdi. Əllərində atının ipini tutmağa belə gücü qalmamışdı. Atına baxıb dedi:

      – Mən də zəifləmişəm haa!

      Atı çölə çıxardı. Sonra yenə tövləyə girib tütün səbətlərini, orağını, baltasını, ipini, köhnə paltarlarını, yəni tarlada lazım olacaq şeyləri çölə çıxartdı. Qızı və arvadı hələ Məcik ilə məşğul idilər. Məcik dünən Rum öküzündən döndü deyə, bəlkə də səhərin sərin və şirin olmasından, Əsma da bu səhər həmişəkindən daha şən, daha canlı idi. İşin birini bitirib dərhal ikincisinə başladı, işləyərkən də hərdən ərinə və ya qızına əmrlər verirdi.

      – Ayşə! Çobana yaxşıca izah et Məcikin halını. Çöllərdə göz-qulaq olsun, heyvandan uzaqlaşmasın, gözdən qaçırmasın. De ki, balalayanda, gözaydınlığına gəlsin!

      Ayı Dağın arxasındakı qızılı rəng tündləşirdi, dənizə uzanan evlərin nəmli damları gecədən qurtulub Günəşi gözləyirdi. Hər evdə, Bəkir Ağanın evindəki kimi bir hazırlıq var idi. Hər qapıdan, hər bağçadan, hər dəhlizdən bir səs, bir səsləniş, yolların daşlarında nal səsləri eşidilir, keçilər mələyir, yuxulu inəklər başlarını qaldıraraq uzun-uzun böyürürdülər.

      Üfüqə aldanıb göy ağardıqca insanlar da vaxtın yaxınlaşdığını evdən-evə, insandan insana bildirirmiş kimi, daha yüksək, daha sürətli səslərlə danışır, Günəş doğulmadan evlərindən ayrılıb tarlalarına getmək istəyirdilər. Təpələrdə çobanlar heyvanları gözləyərkən, kəndin içində yollar sıxlaşırdı, evlər get-gedə boşalırdı.

      Artıq gündüz olmuşdu, heyvanlar başlarını torpağın yaşıl otlarına endirmişdilər. İnsanlar əlləri, qəlbləri və ümüdləri ilə torpağa əyilirdilər. Qızıldaşın bütün həyatı torpağa bağlanırdı. Yüz ildən bəri atalarının, babalarının ayaqları ilə açılmış yollarda elə sıxlıq, elə canlı, təcrübəli bir hərəkət var idi ki! Hamısı da sanki bir-birlərini qovur, bir-birlərindən daha əvvəl tarlalarına çatmaq, torpaqlarına sarılmaq istəyirdilər.

      Kənd tezliklə boşalır, evlər sükuta qərq olurdu. Qabağı çiçəkli dəhlizlərdə səksən-doxsan yaşında, ağ başıbağlı nənələr, uzun əl ağaclarını tutan ağsaqqal babalar məsud, bəxtiyar, tarlalarına gedən övladlarına baxırdılar. Dəhlizlərə açılan otaqların qapılarını açıq qoyurdular, çünki oğurluq eşidilməmiş bir şeydi, evlərin qapısını kilidləmək, bağçaları hündür divarlarla ayırmaq kəndlərində çox ayıb sayılırdı. Yol üstündəki evlərin açıq qapılarından otaqlardakı əşyalar görünürdü, kimsədən sirr saxlanmırdı. Birinin halı ortalıqda müəyyən idi, o birindən şikayətçi deyildi. Bərəkətli illərdə varlığa sevinir, Allahın verdiyinə şükür edirdilər, qıtlıq olsa da yanır, “aza qənaət etməyən çoxu tapa bilməz!” – deyib ayaqlarını yorğanlarına görə uzadaraq yaşayırdılar.

      Ayşə Məciklə kənddən çıxanda Qızıldaş tamamilə boşalmışdı. Ayşə indi Gəlinqayaya yaxınlaşmışdı, buradan evlərini, kəndini, tütün sahələrini, dəniz sahilinə qədər uzanan tütün tarlalarını, hətta tarlasının kənarında işləyən atasını da görə bilirdi.

      Kənd boş və səssiz idi, lakin artıq qəribə deyildi, çünki gündüz olmuşdu. Evlərin damlarında, köhnə quyuların ətraflarında qaranquşlar, yol kənarlarında çör-çöpün arasındakı müxtəlif quşlar ailə qurur, tövlələrin qarşısındakı kübrə yığınlarından çoxlu toyuqlar yalnız özlərinin başa düşdüyü bir dillə СКАЧАТЬ