– Diaqnozunu eşitmək istəyirəm, Holms.
– Təbii ki, istəyərsən, amma bu cənab otaqda heç kimin olmadığını düşünsə, diaqnozu daha dəqiq qoyar. Yatağımın arxasında sənə çatacaq qədər yer var, Uatson.
– Möcüzəsən, Holms!
– Təəssüf ki, başqa yolumuz yoxdur, Uatson. Otaq əslində gizlənmək üçün çox uyğun deyil, amma insanın şübhələnməyəcəyi şeylər belə başına gələ bilər. Nə isə Uatson, bir yolunu tapacağıq.
Sonra birdən-birə oturduğu yerdəcə diqqətlə ətrafı dinləməyə başladı.
– Təkər səsləri gəlir, Uatson. Məni sevirsənsə, tələs dostum! Və nə olursa-olsun yerindən tərpənmə! Nə olursa-olsun, oldumu? Danışma! Tərpənmə! Yalnız qulaqlarını açıb dinlə.
O, bunları söylədikdən sonra gücünü tamam itirdi; özündən əmin səsinin yerini yarıhavalanmış bir adamın alçaq səsli mızıltıları tutdu.
Gizləndiyim yerdən nərdivanlardan gələn ayaq səslərini, yataq otağının qapısının açılıb-bağlandığını eşidə bilirdim. Sonra xəstənin zorla aldığı nəfəs və xırıltı xaricində uzun bir səssizlik oldu. Qonağı yatağın kənarında dayanaraq xəstəyə baxdığını təsəvvür edirdim. Nəhayət, bu qəribə səssizlik sona çatdı.
– Holms! – deyə adam qışqırdı. Sonra yatan bir insanı qaldırmağa çalışan birinin israrlı səs tonuyla: – Holms! Eşitmirsənmi, deyə təkrarən bağırdı. – Holms?
Mən kobud şəkildə xəstə adamın çiyinlərinin silkələnməsinə bənzər səs eşitdim.
– Sizsinizmi, cənab Smit? – deyə Holms pıçıldadı. – Gələcəyinizi düşünmürdüm.
Adam güldü.
– Əminəm ki, belə olmuşdur, – dedi. – Amma gördüyün kimi, buradayam. Ocaq kömürləri, Holms, ocaq kömürləri!
– Nə qədər kübarsınız. Peşəkarlığınızı necə təqdir etdiyimi bir bilsəniz.
Qonağımız gülürdü.
– Əlbəttə. Londonda bunun fərqinə varan yeganə adam sənsən. Xəstəliyinin nə olduğunu bilirsənmi?
– Eynisidir, – dedi Holms.
– Aha! Demək əlamətləri yoxladın.
– Əlimdən gəldiyi qədər.
–Buna heç təəccüblənmədim, Holms. Eynisi olduğuna da həmçinin. Elə isə işin çox çətindir. Yazıq Viktor xəstəliyin dördüncü günü ölmüşdü – nə qədər güclü, qüvvətli adam idi. Sənin də dediyin kimi, artıq bitmiş hesab edilən bir Asiya xəstəliyini Londonun düz göbəyinə gətirmiş olması, həqiqətən, çox qəribədir. Özü də mənim mütəxəssis olduğum bir xəstəlik… Qəribə təsadüfdür, Holms. Bunu fərq etmiş olmağın ağıllı hərəkətdir, amma yenə də hər şeyin özbaşına inkişaf etdiyini sanmağın çox yanlışdır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.