Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 3

Название: Amerika faciəsi

Автор: Теодор Драйзер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ FƏSİL

      Əlbəttə, oxuculara çox ötəri təqdim etdiyimiz bu ailənin başqa ailələrdən fərqlənən öz tarixi, öz sərgüzəşti olmalıdır. Bu, doğrudan da, belədir. Bu ailə elə mənəvi və ictimai anomaliyalardan1 biri idi ki, onun arzu və hərəkətlərindən yalnız ən mahir psixoloq, özü də yalnız kimya və fiziologiya mütəxəssislərinin köməyi ilə baş çıxara bilərdi. Ailənin başçısı Eysa Qrifitsdən başlayaq. Bu, az istedadlı və qərarsız bir adam idi, mühitin və dini ideyaların tipik yetişdirməsi olan bu adam müstəqil düşünmək iqtidarına malik deyildi, lakin o, hər şeyi tez qavradığı üçün olduqca həssas idi və üstəlik həyatda irəlini, dərini görə bilmirdi, praktiki hissdən məhrum bir adam idi. Əslində onun arzularının nədən ibarət olduğunu, həyatda onu nə maraqlandırdığını aydınlaşdırmaq çətin bir məsələ idi. Digər tərəfdən, əvvəldə dediyimiz kimi, onun arvadı xasiyyət etibarı ilə daha möhkəm, təbiətcə daha fəal idi, lakin o da, həyat haqqında ərinə nisbətən daha düzgün və yaxud daha əməli bir təsəvvürə malik deyildi.

      Bu adamın və onun arvadının sərgüzəşti bizim üçün yalnız bir nöqteyi-nəzərdən – onların on iki yaşlı oğulları olan Klayd Qrifitsin həyatına aid bir hadisə kimi maraqlıdır. Klayd anasından çox atasından irs aldığı bir qədər həssaslıq və romantik əhvali-ruhiyyədən başqa, coşqun bir xəyala malik idi, həmişə həyat məsələlərini özü üçün aydın etməyə çalışırdı. Bu yeniyetmə daima xəyalında düşünüb-daşınırdı ki, bəxti gətirsəydi, həyatda özünə yol açıb görkəmli bir adam ola bilərdi, hara isə gedərdi, nə isə görərdi və bütün bu işlər bu cür olmayıb başqa cür olardısa, o, öz həyatını başqa bir şəkildə qura bilərdi. On beş yaşınadək Klayda (sonralar da uzun müddət bunu xatırlamaq ona olduqca böyük bir əzab verirdi) ata və anasının məslək və ya peşələrinə başqa adamların pis gözlə baxmaları, bunu miskin və ləyaqətsiz bir şey hesab etmələri xüsusilə çox əzab verirdi. Onun ata və anası küçələrdə dini vəzlər oxuyur və Qrend Repitse, Detroyt, Miluoki, Çikaqo son vaxtlar isə Kanzas-Siti kimi müxtəlif şəhərlərdə missiyalarına rəhbərlik edirlər və hər yerdə adamlar, hər halda Klaydın rast gəldiyi oğlan və qız uşaqları – belə bir ata və ananın övladları olan – ona, onun qardaşına və bacılarına açıq həqarət gözü ilə baxırdılar. O, dəfələrlə – ata və anası onun xasiyyətindəki bu tündlüyü bəyənməsələr də – küçədə ona sataşan oğlan uşaqlarıyla savaşa girişib onlarla, əlbəyaxa olurdu. Lakin həmişə qalib gəlsə də, məğlub olsa da, ona açıq-aydın işarə vururdular ki, başqaları onun ata-anasının əməyinə hörmət etmirlər və belə bir məşğuliyyəti lüzumsuz, miskin bir iş hesab edirlər. O isə daim düşünür, müstəqil yaşamaq imkanı əlinə keçən zaman nə edəcəyi barədə fikirləşirdi.

      Klaydın ata-anası, öz uşaqlarının gələcəyinin qeydinə qala bilməyən aciz adamlar idi. Onlar başa düşmürdülər ki, uşaqların hər birinə müəyyən bir əməli sahədə, yaxud ixtisas üzrə bilik vermək tamamilə zəruri bir şeydir, əksinə insanlara İncil həqiqətlərinin nurunu saçmaq ideyası ilə başları qarışmış bu adamlar, hətta uşaqlarını şəhərlərin birində məktəbə düzəltmək haqqında fikirləşməmişdilər. Onlar çox vaxt dərs ilinin qızğın vaxtında bir şəhərdən başqa bir şəhərə yola düşərək öz dini fəaliyyətləri üçün daha geniş sahə tapmaq məqsədi ilə tez-tez yerlərini dəyişirdilər. Bəzən bu dini fəaliyyət heç bir gəlir vermirdi. Eysa isə bağbançılıqdan, yaxud az-çox başı çıxdığı yeganə bir iş olan yeni şeyləri satmaq üçün agentlik vəzifəsindən çox pul qazana bilmədiyi üçün ailə yarıac həyat sürür, onun üzvləri cır-cındır geyir və uşaqlar məktəbə gedə bilmirdilər. Lakin uşaqlar ailənin bu vəziyyəti haqqında nə düşünürlərsə, düşünsünlər, Eysa və arvadı belə hallarda özlərinə məxsus nikbinliyi itirmirdilər, hər halda nikbin qaldıqlarını özlərinə təlqin edir, Allaha və Allahın himayəsinə həmişəki kimi yenə sarsılmaz inam bəsləyirdilər.

      Qrifits ailəsi missiyanın yerləşdiyi binada yaşayırdı. İstər onların mənzili, istərsə də missiya binası hər bir gənc ürəkdə qüssə və kədər doğurmaq üçün kifayət qədər tutqun və xəfə bir yer idi. Onlar Kanzas-Siti şəhərinin istiqlaliyyət bulvarından şimalda Trust-avenüdən qərb tərəfdə yerləşən hissəsində uzun, lakin görkəmsiz bir küçə olan Missuri-avenü xiyabanına doğru uzanan, Bikel adlı örtülü bir döngədə görkəmsiz taxta bir evin bütün alt mərtəbəsini tuturdular. Ətrafdakı hər bir şeydə artıq mərkəzi çoxdan bəri bu yerlərdən cənub-qərbə köçmüş işgüzar ticarət həyatının zəif, lakin xoşa gəlməyən ruhu hakim idi. Qrifitslərin idarə etdikləri missiya onların həftədə iki dəfə açıq havada öz dini vəzlərilə çıxış etdikləri yerdən, beş kvartal uzaqda idi.

      Evin o biri tərəfi özünə oxşayan digər görkəmsiz evlərin qaranlıq dal həyətlərinə açılırdı. Küçə tərəfdəki qapıdan daxil olduqda uzunu qırx, eni iyirmi beş fut olan geniş bir zala girmək olurdu: burada bir-birinin yanına düzülmüş, açılıb-bükülən taxta stul və kafedra kürsüsü vardı, divarlarda müqəddəs torpağın – Fələstinin xəritəsi və kardon üzərində çap olunmuş aşağıdakı dini mətnlər gözə çarpırdı:

      “Şərab insanı aldadır, şərab içmək dəliliyə qatılmaq deməkdir, kim özünün aldanmasına yol verirsə, o aqil deyildir”.

      “Əgər sənin ürəyində noxud böyüklüyündə bir etiqad varsa, o zaman üzünü dağa tutub: “yerindən tərpən” – desən, dağ yerindən tərpənəcəkdir və sənin üçün qeyri-mümkün heç bir şey olmayacaqdır. Matfeydən 17, 20”.

      “Xəbis insanın gələcəyi yoxdur. 24, 20-ci ayələr”.

      “Şərabın al rənginə baxıb aldanma. O səni ilan kimi çalacaq, əqrəb kimi sancacaqdır. 23-31, 32-ci ayələr”.

      Bu qüdrətli dini ayələr, natəmiz divarlardan gümüş və qızıl lövhələr üzərində yazılmış pozulmaz, sarsılmaz qanunlar kimi asılmışdı.

      Mənzilin qalan hissəsi, irili-xırdalı otaqların müxtəlif və mürəkkəb birləşməsindən ibarət idi, burada üç kiçik yataq otağı pəncərələri dal həyətə və bu həyətə oxşar digər həyətlərin taxta hasarlarına açılan qonaq otağı, sonra düz on kvadrat fut sahəsində açılan yemək otağı vəzifəsini görən mətbəx və ailənin nəzərində müəyyən qiymətə malik olan, lakin hər gün işlənməsi heç də lazım olmayan kiçik kitablar, risalələr, sandıqçalar, qutular və digər xırım-xırda şeylərlə dolu kiçik bir anbar var idi. Anbar vəzifəsini görən bu kiçik otaq dua yığıncaqları keçirilən salona bitişik idi və mister Qrifits ilə missis Qrifits ya vəzdən qabaq, ya da sonra dua oxumaq, tək başlarına düşünmək və yaxud bir məsələ barəsində məsləhətləşmək üçün bu zala keçərdilər.

      Klayd, onun bacıları və kiçik qardaşı, tez-tez bu zalda analarının, yaxud atalarının, ya da hər ikisinin bir yerdə, məsləhət və ya kömək istəməyə gələn (çox vaxt kömək istəməyə gələn) yolunu azmış, yaxud tutduğu işdən yarıpeşman olmuş adamlara necə vəz oxuyub təskin etdiklərini görürdülər. Ailənin СКАЧАТЬ