Название: Şərqdə neft və qan
Автор: Лев Нусенбаум
Издательство: JekaPrint
isbn: 978-9952-8210-1-7
isbn:
Bütün cəhdlərə baxmayaraq polis onlardan fərli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi məlumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, köylülər gizli mətbəə işlətmədiklərinə və, üstəlik, şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdılar. Neft bölgəsində «ictimai dincliyi pozmağa və yanğın təhlükəsinə» görə səcdənin məbədin içində aparılmasını onlara qadağan etdilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların da əlindən alındı.
NEFT FIRILDAQÇILARI VƏ NEFT XAQANLARI
Rus tacirləri arasında belə bir kəlam var: «Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!» Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq tacirləri belə deyirdilər. Nisbətən az şərafətlilər isə, əksinə: «Əsl fırıldaqçılar yalnız Bakıda yetişir» deyirdilər və neft şəhərinin öz sıralarında başqalarına dözməyən yetirmələrinə paxıllıqla baxırdılar. Bu cümlələrdə mübaliğə azdır, çünki Bakıda nəsə bir iş görmək yabançı üçün doğrudan da mümkünsüz idi. Neft icması hər bir yabançını məmnuniyyətlə aldadan qapalı cəmiyyətdir.
Şərqin və Qərbin aldatma üsulları vahid xalis kommersion taktikada birləşdirilmişdi. Heç nədən qorxub çəkinmirdilər; heç kimdən və heç nədən çəkinməyə lüzum yox idi; axı sən haqla nahaqqın çoxdandır elastik məfhuma çevrildiyi Şərqdəsən. Feyr4 anlayışı ümumiyyətlə yox idi, bu mərəzi indi də özlərinə rəva bilən yekələrdə bəlkə də qalmışdı. İkiyüz onsəkkiz neft sahibkarı arasında ən çox onunu tapardın ki, onları aldatmaqdan çəkinirdilər, çünki yalanı ölümlə cəzalandırmaq üçün onlar kifayət qədər güclü idilər və kimi isə aldatmağa da özlərinin ehtiyacı yox idi.
Bu onluğa səkkiz müsəlman, bir erməni və Nobel familiyalı məşhur bir isveçli daxil idi. Nobel Bakıda yeganə insan kimi Şərqin mübarizə üsullarına nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar. Avropa baxışlarına görə neft xaqanlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qısaca bir çabanın tez bir zənginliyə çatdırdığı dünyanın hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Klondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarıcılarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırdığı sərvəti qoruya bilir.
Birinci nəsl hər yanda eyni olur, bəlkə o, Bakıda başqa yerlərə nisbətən hətta xeyli yaxşı idi, çünki sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özləri ilə neft sənayesinə gətirmişdilər. Atamın əksər həmkarının keçmişi qaranlıq idi, bir neçəsi əvvəllər səfil, başqaları isə oğru olmuşdu. Elələri də vardı ki, söhbət düşəndə həyasızcasına irişə-irişə Sibir katorqalarından danışırdı.
Müsəlmanlar, ermənilər, ruslar, polyaklar, gürcülər, isveçlilər burda bir silk yaratmışdılar ki, o da heç bir mənsəb fərqi bilmirdi, yalnız özünəbənzərlərdən kənarda keçmişdən həvəssiz söz salırdı və oğrularla yanaşı əsl bəylərbəyiləri, şahzadələri özünün üzvləri sırasına qəbul edirdi. Əksəriyyət üçün səciyyəvi şey həyata barbar münasibət, öz pullarını işə yaratmaq bacarıqsızlığı və, tezliklə aşkar olduğu kimi, qızılın təsiri altında böyüyən ikinci nəslin tamamilə soysuzlaşması idi. Savadsız, zəngin atalar, əslinə qalsa, bu xoşxasiyyət barbarlar, övladlar böyütmüşdülər ki, onlar da hələ beşikdə ikən həyatdan bezmişdilər, intihar düşüncələrinə qapılmışdılar və yasağı yüngül olan işlər görməyə çalışırdılar. Amma neft bəyzadəsinə Bakıda nə qadağan edilə bilərdi? Bu, talenin qisası idi. Özləri artıq müəyyən mədəniyyətə – şərq, yaxud qərb – malik olan belə neft sahibkarlarının yalnız övladları bu iti çöküşdən xətərsiz qurtula bildilər.
Ayrı-ayrı neft ailələri arasında daimi bir mübarizə hökm sürürdü ki, o da tez-tez digərlərini dartıb gətirirdi. Onda küçələrdə qan su yerinə axırdı, insanlar izsiz-tozsuz yoxa çıxırdılar və bu işlər üçün hər vaxt hazır dayanan bandalar ikiqat məvacib alırdılar. Aferistlər yığnağının iqamətgahı kimi Bakı öz gözəllikləri ilə yanaşı həm də şərq paytaxtının bütün özəlliklərini qoruyub saxlamışdı. Bir neçə neft sahibkarı təkcə sənayeçi deyildi, onlar həm də ölkənin içərilərində öz təbəələrinin yaşam və ölümü üzərində mütləq hökmə malik mülkədarlar idilər və öz kəndlərində daimi mühafizə dəstələri yetişdirirdilər. Bunlar müsəlmanlar, qismən də ermənilər idilər ki, onlar da birlikdə neft sahibkarlarının əksəriyyətini təşkil edirdilər və bir-biri ilə barışmaz mübarizə aparırdılar.
Çıxarılandan sonra xam neft dəniz sahilindəki neftayırma zavodlarının yaxınlığında qurulmuş iri rezervuarlarda saxlanılır. Neft buruqları həmin rezervuarlardan təxminən iyirmi kilometr aralıda olur. Boruları neftayırma zavodları ilə birləşdirmək üçün səhradan neft kəməri çəkilirdi ki, o da müxtəlif sahibkarların neftini ümumi rezervuarlara axıdırdı. Hər şirkətin çənlərlə boru əlaqəsi vardı ki, bu çənlərdə də axıb-gələn xam neft xüsusi xazla ölçülürdü. Neft kəmərləri ilə rezervuarlar xam nefti qoruyub-saxlayan, onu zavodlara ötürən və bunlardan yaxşı gəlir götürən bir firmaya məxsus idi. Ölkədə ikiyüzdən çox neft sahibkarı olduğuna görə səhra boyunca bir-birinə çalın-çarpaz olmuş müvafiq sayda borular çəkilmişdi; deməli, hər şirkətin özünün neft kəməri vardı ki, firmanın sərəncamına verilən neftin miqdarı qəbul edilərkən dəqiq müəyyənləşsin və başqa şirkətin hesabına yazılmasın. Neft kəməri firması yalnız rezervuara çatan neftə cavabdeh idi, daha rezervuarlara tuşlanmış neftə yox. Hərdən borular partlayırdı, yaxud yetərincə qalın olmurdu, ona görə də işlənən və daxil olan neftin miqdarı üst-üstə düşmürdü. Deməli, çölü keçəndən sonra neft rezervuara çatanda ölçülməli olurdu. Bu fırmanın yaxşı, yaxud pisliyi sonrakı məsələdir. Amma yüzlərlə boru çöldə bir-birini kəsib-keçirdi və qarışıq bir mənzərə yaradırdı.
Bu kəmərlərdən biri hörmətli ağalardan sayılan, mədəniyyətə xüsusi üstünlük verən, hər il xarici səfərlərdə olan və Avropa sivilizasionunun nümayəndəsi hesab edilən iri sənayeçi Rzaya məxsus idi. Onun qonşuluğundakı kəmər böyük bir şirkətinki idi və gecə-gündüz işləyirdi, çünki şirkətin bir ədəd milyonluq fontanı vardı və neftinin əl-ayağını yığıb-yığışdıra bilmirdi. Amma bir gün həmin şirkət gördü ki, çıxarılandan rezervuara xeyli az neft gəlir. Neft yolda borudan açıq-aşkar yox olurdu. Çölə çaparlar göndərdilər ki, boruları yoxlasınlar, amma şübhəli bir şey tapılmadı. Borular yerli-yerindəydi, lakin neft yenə də yox olurdu. Bütün yolu gecəli-gündüzlü göz altına aldılar, СКАЧАТЬ
4
Feyr – ingiliscə: başqalarına nisbətdə öz münasibətlərində doğrucul, namuslu, dürüst, abırlı.