– Çöldə qalan olmadı?
Hamı narahatlıqla qapıya tərəf baxdı.
Sonuncu daxil olan zabit:
– Xeyr, – söyləyərək arxasınca otağın qapısını örtüb yerində əyləşdi. Rəis hamıya nəzər gəzdirib sözünə davam etdi:
– Növbətçi, məruzə eylə görüm, gecə növbəsində xidməti necə yerinə yetirmisiniz?
Qolundakı qırmızı sarğının üzərində MRNK yazılmış zabit ayağa durdu:
– Rəis, növbə zamanı hadisə baş verməyib. Xidmət lazımi qaydada təşkil olunub. Salamatlıqdır.
– Axşamkı hadisədən danış, nə baş verib, necə olub ki, o oğraşı sənin nəzarətçilərin kor olub görməyib. Mən bilmirəm siz bura xidmətə gəlirsiniz, ya yatmağa?
– Cənab polkovnik, məhkum adboydan əvvəl gizlənibmiş, biz aşkarladıq tapdıq…
– Hamısını bilirəm, özünə əziyyət vermə. Əziyyəti axşam çəkəydin, hadisənin qabağını alaydın. Birdən o anasını gördüyümü vurub öldürəydilər, kim cavab verəcəkdi prokurorun qabağında? Rasim, – o, müavinlərindən birinə, gözləri ilə adamı yeyən mayor müraciət etdi, – burdan çıxan kimi axşam növbədə olanları yığırsan otağına, araşdırırsan, mənə məruzə edirsən, hərəni öz günahına görə cəzalandıracağam. Bəsdi! İşləyə bilən işləsin, bilməyən getsin bacar-dığı işin dalınca. Heç kimin evinə dəvətnamə göndərilməyib ki, sən Allah gəl islah-əmək müəssisəsində işlə. Xərc qoyub özünüz gəlmi-siniz, zəhmət çəkin işləyin.
Bu vaxt qapı ehtiyatla döyüldü. Rəis sözünə ara verib, “Gəl”, – söylədi. Ucaboylu baş leytenant yolda baş verən hadisə ilə əlaqədar gecikdiyinə görə üzrxahlıq etmək istəyirdi ki, rəis daha da qəzəbləndi:
– Bura bax, avtobus belə gəldi, yol belə getdi, bunların mənə dəxli yoxdur. Zəhmət çək, evindən tez çıx. Saatdan xəbərin var? Bir başını qaldır saata bax.
Girəcəkdə qapının üstündəki saatda ona on dəqiqə işləmişdi.
– On dəqiqədir hardasan? Mənim iclasıma gecikən adam kabinetimə girməsin, getsin çölə işinin dalınca. Ümumiyyətlə, tapşı-racağam ki, qapıdakı əsgər bir dəqiqə gecikən adamı içəri buraxma-sın. Rasim, – yenidən müavinə müraciət etdi, – izahatın alarsan.
Rəis nəzərlərini dolandırıb Şəfinin üstündə dayandırdı:
– Onu da bildirim ki, hörmətli nazirimizin əmri ilə kollektivi-mizə bu gündən gənc zabit göndərilib – Şəfi Osmanlı.
Şəfi adını eşitcək ayağa durub farağat vəziyyətini aldı. Kabi-netdəki bütün gözlər ona dikildi.
– Əyləş, – rəis sözünə davam etdi, – dəstə rəisi vəzifəsində çalışacaq. İlk gündən pisikdirməyin, nə çətinliyi olsa kömək edin. Zampalit, – deyə, o biri müavininə müraciət etdi, – bu leytenantı sənə tapşırıram. Hələlik bir neçə gün işləyib, müəssisə ilə tanış olsun. Sonra dəstə verərik işləyər. Bu qədər. Hərə öz işinə. Kimisə başqası-nın otağında laqqırtı vuran görməyim. Görsəm özündən küssün, mən-dən yox.
– Axşam növbəsində olanlar, bir də əməliyyatçılar, mənim otağıma yığılın, – rəisin əməliyyat üzrə müavini mayor Rasim elan etdi.
– Dəstə rəisləri də mənim otağıma getsinlər. Mən də indi gəli-rəm, – o biri müavin də dilləndi.
Zabitlər bir-birinin ardınca rəisin kabinetini tərk edib dəhlizə çıxdılar.
Şəfi dəhlizdə dayanıb Əliməmməd müəllimin “zampalit” de-diyi müavinini gözləyirdi. Otaqda müavinlərdən savayı kimsə qalma-mışdı.
Az keçmədi zampalit də otaqdan çıxdı.
– Siz burada niyə dayanmısınız? – O, Şəfiyə müraciət etdi.
– Cənab mayor, mən sizin otağınızı tanımıram.
– Onda gəl mənimlə gedək. Əvvəlcə tanış olaq. Sizin adınız Şəfi oldu, eləmi?
– Bəli, elədir.
– Mənim adım Bəhramdır. Bəhram müəllim. Otağım yaşayış zonasındadır.
“Zampalit” zabitlərin arasında ən ucaboylusu idi. Enli kürəkləri, geniş alnı, köklükdən əsər-əlaməti olmayan əsl hərbçi bədəni var idi. Bəhram müəllim böyük addımlarla yaşayış zonasına yönəldi. Baxanda uzağı qırx yaş vermək olardı. Baxışlarında ciddilik olsa da, səsinin tonundan, danışıq tərzindən bir az mülayim xasiyyətli olması sezilirdi. Tərbiyə işləri üzrə müavin elə mülayim, insaflı olmalıdır, – Şəfi düşündü.
Onlar pilləkənlə ikinci mərtəbədən həyətə enib sol tərəfə – yaşayış zonasına tərəf addımladılar. Sexlərin arasından keçdikdən sonra daha bir qapıdan, – “vaxta” deyilən yerdən keçdilər. Yol boyu rastlaşan zabit və nəzarətçilər Bəhram müəllimi görcək salam verir, təzim edir, onunla yanaşı gələn Şəfiyə də göz qoyurdular.
“Vaxta”dan çıxıb hər tərəfi müxtəlif formalı iki, üç mərtəbəli binalarla əhatə olunmuş, içərisi qarışqa kimi qaynaşan məhkumla dolu geniş həyətə daxil oldular. Əyinlərində qaramtıl paltar, başları qırxıq, boş-boşuna həyətdə günün altında fırlanmaqdan yanıb qaral-mış bu əcaib məxluqlar görünüşcə qarışqaya daha çox oxşayırdılar. Hər tərəfdən yüzlərlə göz ona tərəf baxıb heç də xoş olmayan işıq-larla parlayırdı. Şəfiyə elə gəldi ki, ona yalquzaq kimi baxırlar. O, bu təsirdən daxilində nəfəsinin daraldığını hiss etdi, amma, tövrünü pozmadı, “zampalit” sayaq sifətinə ciddi ifadə verdi, gözünü qırp-madan onların baxışına əks cavab verərək özünü tox tutdu.
Şəfi Bəhram müəllimlə həyətin mərkəzi hissəsindəki ikimər-təbəli binanın ikinci mərtəbəsinə qalxan dəmir pilləkənlərlə balkona çıxdılar.
Balkonun yuxarı başındakı qapının ağzına ona yaxın zabit yığışmışdı. Onlara yaxınlaşan kimi Bəhram müəllim “Bir daha saba-hınız xeyir”, – deyə salamlaşdı.
СКАЧАТЬ