Название: Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/
Автор: Mehman Kərimov
Издательство: JekaPrint
isbn: 978-9952-8450-9-6
isbn:
Bu mövzu məni sürü həyatını yaşayan insanların ən pis təzahüründən, heç sevmədiyim hərbi sistemdən bəhs etməyə vadar edir. Əgər insan orkestrin sədaları altında cərgə ilə marş etməkdən zövq alırsa, bu, ondan zəhləm getməsi üçün kifayətdir. Ona baş beyin səhvən verilib; ona lazım olan ancaq onurğa beynidir. İnsan sivilizasiyasının bu “taun ləkəsini” qısa zamanda aradan qaldırmaq lazımdır. Əmrə əsaslanan qəhrəmanlıq, mənasız zorakılıq və vətənpərvərlik adlanan bu iyrənc cəfəngiyat bütün bunlara necə də nifrət edirəm! Müharibə mənim üçün rəzil və çirkin bir işdir. Belə bir çirkinlikdə iştirak etməkdənsə, parça-parça olmağı üstün tutaram. Bütün bunlara baxmayaraq, insan soyu haqqında yüksək fikrə sahibəm və inanıram ki, millətlərin sağlam düşüncəsi sənaye və siyasi dairələrin maraqları tərəfindən məktəblər və mətbuat vasitəsilə sistemli olaraq korlanmasaydı, bu kabus çoxdan yox olmuşdu.
Hiss edə biləcəyimiz ən gözəl təcrübə həyatın sirli tərəfidir. Bu fundamental emosiyalar əsl incəsənətin və əsl elmin beşiyidir. Bunu bilməyənlər heyran olmaq və valeh olmaq bacarığını itirmişlər ölü kimidirlər və onların gözləri görmür. Həyatın sirləri ilə qarşılaşma, qorxu hissi ilə qarışaraq dinləri yaratmışdır. Nüfuz edə bilmədiyimiz nəyinsə mövcud olduğunu bilmək, dərində olan səbəbləri və parlaq gözəlliyi ən ibtidai şəkildə də olsa qavrama cəhdlərimiz, məhz bu biliklər və bu emosiyalar əsl dini yaradır. Bu mənada və yalnız bu mənada mən dindaram. Mən öz yaratdıqlarını mükafatlandıran və cəzalandıran və ya bizim malik olduğumuz iradə ilə eyni iradəyə malik bir Tanrını təsəvvür edə bilmirəm. Fiziki ölümdən sonra həyatı da başa düşmürəm və başa düşmək istəmirəm; bu anlayışlar yalnız qorxmuş və zəif insanların absurd eqoizminə xasdır. Mən həyatın sonsuzluğundakı sirr və kainatın möcüzəli strukturunun dərk edilməsi, təbiətdə özünü büruzə verən Səbəbin cüzi bir hissəsinin başa düşülməsinə edilən cəhd ilə kifayətlənirəm.
UMBERTO EKONUN NƏVƏSİNƏ YAZDIĞI MƏKTUB
Mənim əziz nəvəm,
İstəməzdim ki, bu milad məktubu De Amicis sayağı səslənsin və bizim kimilərə, vətənə, dünyaya və bu qəbildən olan digər şeylərə sevgi bəsləməyi təbliğ etsin. Əks təqdirdə mənə qulaq asmazdın (sən artıq böyüksən, mən isə çox qoca), çünki dəyərlər sistemi o qədər dəyişib ki, mənim məsləhətlərim yersiz görünə bilər.
Beləliklə, iPad-i istifadə edərkən (iPad-dən istifadə etməməyi sənə rəva bilməməkdə məqsədim özümü çox danışan baba olmaqdan sığortalamaq deyil; sadəcə özüm də onu çox istifadə etdiyimdən bu məsələyə toxunmuram) belə əməl edə biləcəyin bir məsləhətin üzərində dayanmaq istəyirəm. Sənə maksimum bu məsləhəti verə bilərəm: əgər təsadüfən iPad-ində iki insan övladı arasındakı və yaxud bir insan övladı ilə bir heyvan arasındakı əlaqəni göstərən yüzlərlə pornosaytlardan birinə daxil olsan, çalış, seksin yalnız bundan ibarət olduğuna inanmayasan. Bundan əlavə, kifayət qədər monoton olan bu səhnəciklər, sənin çölə çıxıb həqiqi qızları görməməyin üçün təşkil olunub. Əvvəlcədən deyim ki, bu məsləhətimi sənin heteroseksual olduğunu düşünərək dilə gətirirəm, yox belə deyilsə, mənim tövsiyəmi öz mühitinə uyğunlaşdır: diqqətini məktəbdəki və yaxud oyun meydançalarındakı qızlara yönəlt, çünki həqiqi qızlar TV-də gördüyün qızlardan daha yaxşıdırlar və bir gün internetdəki qızlardan daha çox həqiqi qızlardan məmnun qalacağının şahidi olacaqsan. Səndən daha təcrübəli birinin sözlərinə inan (əgər mən ancaq kompüterdə seksə baxsaydım, sənin atan doğulmazdı, sən də kim bilir haralarda olardın, bəlkə heç olmazdın da).
Əslində mən sənə yuxarıda sadaladıqlarım barəsində deyil, sənin yaşıdlarının, səndən daha böyüklərin, bəlkə də onlar universitet tələbələridir, yoluxduğu bir xəstəlik – yaddaşın itirilməsindən danışmaq istəyirəm.
Bu danılmaz bir həqiqətdir ki, bir gün sənə Carlo Manyonun kim olduğunu və yaxud Kuala Lumpurun harada yerləşdiyini bilmək lazım gələrsə, bir düyməni basmağın kifayətdir ki, internet bunu sənə desin. Əgər təsadüfən sənə bunu bilmək yenidən lazım olarsa, məsələn, hər hansı ev tapşırığını edərkən, gör, öyrəndiklərini onları ikinci dəfə axtarmağa məcbur olmadan nə qədər yaxşı xatırlayırsan. Bunun pis cəhəti odur ki, kompüterin hər an sənə istədiyini deyə biləcəyini düşündüyündən, sən öyrəndiklərini yadda saxlamağın ləzzətindən məhrum olacaqsan. Bu, bir az da, bir küçədən digərinə avtobus və ya metro ilə getməyin (tələsəndə bu, doğrudan da, çox rahatdır) mümkün olduğunu biləndən sonra piyada gəzməyin lazımsız olduğunu hesab etməyə bənzəyir. Amma piyada gəzməyi dayandırsan, əlil arabasıyla hərəkət edən insana çevrilərsən. Əlbəttə, bədənini idarə etmək üçün idmanla məşğul olduğunu bilirəm, ona görə də gəl yenidən beyninə qayıdaq.
Yaddaş da ayaq əzələləri kimidir, əgər onu məşq etdirməsən, zamanla zəifləyər və sən (ağıl baxımından) əlil, yəni (açıq danışsaq) bir axmaq olarsan. Bundan əlavə hamımızın qocaldıqda Alzheimer xəstəsi olmaq (yaddaşı itirmək) təhlükəsi var və bu xoşagəlməz bəlanı önləməyin yollarından biri də yaddaşı inkişaf etdirməkdir.
Beləliklə, sənə öz reseptimi təqdim edirəm. Hər səhər bir beyt, qısa bir şeir və yaxud böyüklərimizin bizi öyrənməyə vadar etdiyi “La Cavallina Storna”nı, yaxud “İl sabato del vilaggio”nu öyrən. Hələ dostlarınla kimin yaxşı yadda saxladığı haqqında yarış da keçirə bilərsən. Əgər şeir xoşuna gəlmirsə, bunu klubların heyəti ilə də edə bilərsən. Amma Roma klubunun yalnız bu günkü heyətini yox, həm də digər klubların heyətini, klubların keçmişdəki heyətlərini öyrənməlisən (təsəvvür et ki, mən Torino klubunun bütün oyunçuları ilə birlikdə Superqada təyyarə qəzasına uğradığı zamankı heyətini hələ də xatırlayıram: Baçiqalupo, Ballarin, Marozo və digərləri). Bundan əlavə, dostlarınla “Kim daha yaxşı yadda saxlayır” yarışı da keçirə bilərsən, məsələn, oxuduğun kitablar haqqında (xəzinələr adasına yollanan İspanyolanın göyərtəsində kimlər var idi? Lord Treloni, Kapitan Smollet, Doktor Livsi, Con Silver, Cim ....). Bax gör dostların üç muşketyorun və D’Artanyanın nökərlərinin adlarını xatırlayırlarmı (Grimo, Bazen, Muşketon və Planşe). Yox, əgər “Üç muşketyor” əsərini oxumaq istəmirsənsə (bununla nə itirdiyini bilməsən də), belə bir oyunu, oxuduğun digər əsər əsasında et.
Bu, bir oyuna bənzəyir (zatən bir oyundur), amma başının personajlarla, hekayələrlə, müxtəlif xatirələrlə necə dolduğunu hiss edəcəksən. Soruşacaqsan ki, niyə vaxtilə kompüterlər elektron СКАЧАТЬ