Название: Fəlsəfə : dərs vəsaiti
Автор: Elşən Bayramzadə
Издательство: JekaPrint
isbn: 978-9952-3706-4-5
isbn:
1.2.3. Sankhya. Banisi müdrik Kapila olan sankhya ən qədim fəlsəfi təlimlərdəndir. “Sankhya” sözü birmənalı təfsir edilmir. Bəziləri onun rəqəm anlamı verdiyini iddia edir. Çünki bu sistem idrakın əsas obyektlərinin sadalanması yolu ilə gerçəkliyin öyrənilməsini ön plana çıxarır. Lakin ikinci variant daha ağlabatan hesab edilir: sankhya kamil bilik deməkdir. Nyaya və vayşeşika təlimlərində olduğu kimi sankhya təlimi də dünyanı praktik məqsədlər: bütün iztirab və bədbəxtliklərə son qoymaq üçün dərkinə cəhd edir.
Sankhya təlimi bir-birindən asılı olmayan iki ilkin gerçəkliyi qəbul edir: puruşa və prakriti. Puruşa zəkalı başlanğıcdır, şüur isə onun atributu yox əsl mahiyyətidir. Puruşa bədən, hiss və ağıldan tam fərqli olan “Mən”dir.
Prakriti şüursuz ilkin materiya və tükənməz enerji olub, dünyanın ilksəbəbidir. O, üç ünsürdən (quna) ibarətdir. Birinci quna (sattva) –nəcib işıqlı başlanğıc olub, harmoniya və dincliyə aparan müdriklik və xoşbəxtliyi törədir. İkinci quna (racas) –fəal və ehtiraslı başlanğıc olub fəaliyyəti törədir. Üçüncü quna (tamas) –kobud, passiv başlanğıc olub biganəlik və yalanı yaradır. Kosmik təkamül pruşa və prakritinin birləşməsindən yaranır, qunaların qarşılıqlı təsiri ilə bütün fenomenal dünyanı yaradır. Sankhya fəlsəfəsinin də əsas məqsədi pruşanı materiyanın əsirliyindən azad olmasına və insasa bəxtiyarlıq halına çatmaqda (mokşa) kömək etməkdir.
1.2.4. Yoqa. Yoqa fəlsəfi təlimi m.ö.IV-III əsrlərdə yaransa da müdrik Patancali (m.ö.II əsr) tərəfindən sistemləşdirilib. Yoqa sözü hərfən birləşmə, toparlanma anlamını verir. Bu təlimin xüsusi maraq doğuran cəhəti yoqa praktikasıdır. Bu praktikanın məqsədi viveka-cnyananın –daha doğrusu azadolmanın (mokşa) vacib şərti olacaq idrakın məhdudlaşdırılma vasitəsinin əldə edilməsidir. Bu təlimə görə yoqa ağılın bütün funksiyalarının dayandırılmasını birləşdirir. Ağılın funksiyalarının isə beş pilləsi mövcuddur.
Birinci pillə ağılın diqqətsiz halıdır (kişpta) : bu zaman ağıl bir obyektdən digərinə doğru “sürüşür”.
İkinci pillə ağılın kütləşmə halıdır (mudha), məsələn yuxuda olduğu kimi.
Üçüncü pillə ağılın nisbi sakitləşmə halıdır (vikşipta). Bu halların heç birində yoqa mümkün deyil.
Dördüncü və beşinci pillələr ekaqra və niruddha adlanır. Ekaqra ağılın düşüncə predmeti olan hansısa obyekt üzərində toparlanması halı, niruddha isə hər bir təfəkkür fəaliyyətinin tam kəsilməsidir.
Yoqa halı da iki növdədir. Birinci halda yoqa ağılın düşüncə obyektində tam toparlanması və mövcud obyektin aydın dərkinə gətirən vəziyyətdə təzahür edir. İkinci halda bütün əqli modifikasiyaların tam kəsilməsi idrakın tam yoxluğu kimi müşahidə edilir.
Yoqa praktikasında səkkiz mərhələ mövcuddur: cilovlama, etika mədəniyyəti, vəziyyət, nəfəsə nəzarət, hisslərin uzaqlaşdırılması, diqqət, canlı seyr, toparlanma.
1.2.5. Mimansa. Mimansa təlimi (mimansa –dərin düşüncə, tədqiqat) m.ö. V-IV əsrlərdə yaranıb. Lakin o vahid fəlsəfi təlim olaraq m.s. II-III əsrlərdə Caymini tərəfindən sistemləşdirilib. Bu təlimin ilk məqsədi veda ayinçiliyinin müdafiəsi və ona haqq qazandırılması olmuşdur. Təbii ki, bu cəhdlər son nəticədə veda ayinçiliyini əsaslandıran dünyagörüşünün axtarışlarına gətirmişdir.
Vedaların əsaslandırılmış olduğunu sübut etmək üçün mimansa təlimi mükəmməl işlənmiş idrak nəzəriyyəsini təklif edir. Bu nəzəriyyə ilk növbədə göstərməlidir ki, hər bir idrakın səhihliyi özlüyündə aşkardır. Kafi şərtlər ödəndikdə bilik yaranır. Hisslər sağlam olarsa, obyektlər məlumdursa və bütün köməkçi şərtlər ödəndikdə qavrayış baş verir. Kafi məlumatlar olduqda nəticə çıxarılır. Hər bir halda əldə edilmiş bilik həqiqidir və biz onları etirazsız qəbul edirik. Şübhə üçün hər hansı bir səbəb olarsa bilik yaranmır, çünki inam yoxdur. Buna bənzər olaraq, bu vedaları oxuyanda bilik, həm də ona inam əldə edirik. Veda dərkinin səhihliyi digər dərklərdə olduğu qədər aşkardır. Hansısa şübhə meydana çıxarsa o, mimansa arqumentləri ilə aradan qaldırılır. Maneə aradan qaldırıldıqdan sonra vedalar öz məzmununu oxucuya aşkarlayırlar. Beləliklə vedaların nüfuzu heç bir şübhə doğurmur.
Vedaların buyurduğunu icra etmək düzgün, qadağan etdikləri isə düzgün deyil. Hər bir kəsin borcu düzgünü icra etmək, düzgün olmayandan isə imtina etməkdir. Vedaların buyurduğu ayinlərin icrası nəyinsə, hansısa mükafatın əvəzində yox, məhz vedaların buyurduğu üçün vacibdir. Bilik və özünənəzarətin sayəsində ayinlərin təmənnasız icrası ölümdən sonra azadolmaya gətirir.
Mimansa təlimində görə maddi dünyanın gerçək mövcudluğu etiraf olunur. Bununla yanaşı canın ölümsüzlüyü xüsusi vurğulanır. Əks halda ölümdən sonra azadolmanı nəzərdə tutan veda ayinlərinin icrasına ehtiyac olmazdı. Lakin bu təlim tərəfdarları şüurun cana immanent xas olması ideyasını qəbul etmirlər. Onlar hesab edirlər ki, can yalnız bədənlə qovuşanda şüur yaranır. Bədəndə yerləşən can müxtəlif bilik növlərinə malik olur. Bəzi mimansa məktəbləri idrakın beş mənbəyini göstərirlər: qavrayış, nəticə, müqayisə, şəhadət və postulatlaşdırma.
1.2.6. Vedanta. Vedanta sistemi vedalara aid müqəddəs düşüncələrin zirvəsi hesab edilir. Məhz bu səbəbdən vedanta –yəni vedaların yekunu adlandırılır. Vedanta upanişadlarda əksini tapmış bütün fəlsəfi fikirləri özündə cəmləyir. Əsas müddəaları Badarayanın müəllifi olduğu “Brahma-sutrada” əksini tapıb. Bütün hind fəlsəfi sistemləri içərisində hind həyatına ən çox təsir göstərən sistem də vedantadır.
Vedanta təliminə görə bütün mövcudluğun mənbəyi Mütləq gerçəklik olan Brahmandır. Hər bir fərdin mənəvi başlanğıcı, yəni Atmanı Brahmanla eyniyyət təşkil edir. Maddi gerçəklik maddi səbəb olan mayanın fəaliyyətinin nəticəsidir. Brahman mayaya maqnit kimi təsir göstərərək onu fəallaşdırır. Ona görə də maddi dünya yalnız xəyal, illuziyadır. Upanişadlarda deyilir ki, dünya öz başlanğıcını bu gerçəklikdən götürür, onda mövcud olur və məhv olarkən ona qayıdır. Kainatda qavranılan ayrıca obyektlərin çoxluğunun (çoxcalığının) gerçək olması inkar edilir. Hər şey Tanrıdır. Can Tanrıdır. Çoxcalıq mövcud deyil. Bu can, və ya Tanrı gerçəklikdir; o qeyri-məhdud şüur (cnyana) və bəxtiyarlıqdır (ananda). Gerçək müdrik özünün daxili “Mən”i, öz Atmanını dərk etməklə Brahmanla qovuşmağa cəhd edir, bununla da dinclik halına yetişir.
Vedanta təlimi sonrakı dövrlərdə də inkişaf etdirilmişdir. СКАЧАТЬ