Название: Fəlsəfə : dərs vəsaiti
Автор: Elşən Bayramzadə
Издательство: JekaPrint
isbn: 978-9952-3706-4-5
isbn:
Dünyagörüşünün tarixən ilk növü olan mifoloji dünyagörüşü cəmiyyətin inkişafının ilk mərhələlərində formalaşmışdır. Onun əsas məqsədi insanın dünyanın mənşəyi və quruluşu, insan və heyvanların əmələ gəlməsini, təbiətin kortəbii hadisələrinin səbəblərini şərh etməyə ilk cəhdidir.
Mifoloji dünyagörüşü üçün insanın özünü təbiətlə eyniləşdirməsi səciyyəvidir. Məhz bu səbəbdən ibtidai insanın fantaziyasının məhsulu olan mifik vücudlar: Tanrılar, ruhlar, əfsanəvi qəhrəmanlar insani cizgilərə malik olub, insan kimi hərəkət edirlər. Bunların taleyi də fani insan taleyinə oxşardır.
Qeyd edək ki, mifləri öyrənən elm mifologiya adlanır. Mifologiya miflərin yaranması, mahiyyəti və məqsədlərini tədqiq edir.
Dini dünyagörüşü qədim cəmiyyətlərin nisbətən yüksək inkişaf mərhələsində formalaşıb. Dini dünyagörüşü mifolojidən fövqəltəbii qüvvələrin mövcudluğuna və onların dünyanın və insanların həyatında həlledici roluna inamla fərqlənir. Fövqəltəbiiliyə inam –dini dünyagörüşün əsasıdır. Miflərdə insan özünü təbiətdən ayırmır, Allahlar təbii, yer dünyasında yaşayır, insanlarla ünsiyyətə girirlər. Mifoloji surətlərin səhihliyi öz-özlüyündə qəbul edilir və inama ehtiyac duyulmur. Dini şüur dünyanı iki hissəyə bölür: təbii, hiss orqanları ilə qavranılan yer dünyası və səmavi, fövqəltəbii, fövqəlhissi dünya.
Yalnız vahid fövqəltəbii qüvvənin varlığını qəbul edən dini təsəvvürlər (və yaxud, din) monoteizm (“mono” –tək, bir, “teos” –Allah), bu qüvvənin çoxluğunu qəbul edən dini təsəvvürlər isə politeizm adlanır. Politeizm, və yaxud, bütpərəstlik monoteizmdən daha əvvəl əmələ gəlmişdir. Yalnız sonralar monoteist dinlər, yəni, tək Allahın varlığını qəbul edən dinlər formalaşmışdır. Bu gün dünyada mövcud olan monoteist dinlər İudaizm, Xristianlıq və İslam dinləridir. Onlara səmavi dinlər də deyirlər.
Dünyagörüşünün keyfiyyətcə yeni növü fəlsəfi dünyagörüşüdür. Mifologiya və dindən onun əsas fərqi dünyanın rasional şərhinə istiqamətlənməsidir. Təbiət, cəmiyyət və insan haqqında ən ümumi təsəvvürlər nəzəri araşdırma və məntiqi təhlilin predmetinə çevrilir. Fəlsəfi dünyagörüşünə mifologiya və dindən onların dünyagörüşü səciyyəsi, dünyanın mənşəyi və quruluşu, dünyada insanın yeri haqqında bütün sualların məcmusu miras qalmışdır. Lakin, gerçəkliyə hissi-obrazlı münasibəti ilə səciyyələnən və bədii, pərəstiş elementlərinə malik olan mifoloji və dini dünyagörüşündən fərqli olaraq, fəlsəfi dünyagörüşü bir qayda olaraq, məntiqli nizama malik biliklər sistemi olub müəyyən müddəa və prinsiplərini nəzəri əsaslandırmağa cəhd etməsi ilə səciyyələnir. Bu o demək deyil ki, fəlsəfə üçün bədii-obrazlı təfəkkür xas deyil. Dünyaya mifoloji baxışla sıx bağlı olan Antik fəlsəfədə poetik fantaziya aşkar ifadəsini tapır. Eyni zamanda sonrakı dövr fəlsəfi sistemlərdə də fikrin ciddiliyi, sübut məntiqi tez-tez aşkar bədii obrazlarla, alleqoriyalarla, mifoloji və dini süjetlərin düşünülməsi ilə qovuşmuşdur. Beləliklə, fəlsəfə –dünyagörüşünün ali səviyyəsi və növüdür. O, formalaşdırılmış, sistemli-rasional dünyagörüşüdür.
3. Fəlsəfənin predmeti
Fəlsəfənin predmetininin müəyyənləşdirilməsi “Fəlsəfə nəyi öyrənir?” sualına cavab verməyi, yəni gerçəkliyin fəlsəfi vasitələrlə mənimsəniləcək və fəlsəfi biliklər sistemində inikas etmiş hadisə, obyekt və proseslərin məcmusunun dəqiqləşdirilməsini tələb edir.
Fəlsəfənin predmeti –təbii, sosial və mənəvi gerçəkliyin ən ümumi inkişaf qanunları və varlıq formaları, onların insan şüurunda təkrar istehsal xüsusiyyətləri və insanın həyat mövqeyini seçimindəki roludur. Dünyanı vəhdət və bütövlükdə əhatə etməyə çalışan fəlsəfə son dərəcə ümumi səciyyəli suallar qoyur: Dünyanın mahiyyət necədir? Onun ilk mənbəyi nədir? İnsan nə üçün mövcuddur? Cəmiyyət tarixinin mənası nədir? İnsanın birgəyaşayış varlıqlarının fundamental əsasları nədən ibarətdir? İnsan həyatının mənası varmı? və s.
Fəlsəfə öz metoduna görə gerçəkliyin şərhinin rasional üsuludur. O, emosional simvollarla kifayətlənməyib məntiqi arqumentləşdirmə və əsaslandırmaya cəhd edir. Fəlsəfənin dünyanı bütövlükdə təhlil edən, lakin qarşısında onu rasional şərh etmə məqsədi qoymayan din, incəsənət və mifologiyadan fərqi də bundadır. Fəlsəfə inam, və yaxud, bədii obraza deyil, zəkaya əsaslanan biliklər sistemi qurmağa çalışır. Bədii obraz, metafora, müqayisə və s. fəlsəfədə köməkçi rol oynayır.
4. Fəlsəfi biliyin strukturu
Fəlsəfi bilik müəyyən struktura malikdir. Ənənəvi olaraq fəlsəfi biliyin struktur elementləri belə müəyyənləşdirilir: ontologiya (yun. ontos –varlıq, logos –təlim) –varlıq haqqında təlim; qnoseologiya (yun. qnosis –bilik, logos –təlim) –idrak nəzəriyyəsi; aksiologiya (yun. axios –dəyər, logos –təlim) –dəyərlər haqqında təlim; məntiq; sosial fəlsəfə; fəlsəfi antropologiya (yun. antropos –insan, logos –təlim) –insan haqqında təlim; etika; estetika.
Fəlsəfi ontologiya, və yaxud, varlıq təlimi ən ümumi şəkildə mövcudiyyət məsələlərini araşdırır. Ontologiyanın əsas sualı: gerçək mövcud olan nədir və nəyin mövcudluğu zahirilikdir, illüziyadır, xəyalidir? Ontologiya bütövlükdə təkcə dünya haqqında təsəvvür formalaşdırmağa imkan verən dünya mənzərəsini yaratmağa yox, həm də dünyanın gizli mahiyyətini, dərin səbəblərini aşkarlamağa imkan verən mənzərəsini yaratmağa çalışır.
Qnoseologiya, və yaxud, idrak nəzəriyyəsi insanın xarici dünyanı dərk etmə prosesinin xüsusiyyətlərini tədqiq edir. O, əsasən bu suallara cavab verir: İnsan ətraf dünyanı necə dərk edir? İdrakın hansı mərhələ, və yaxud pillələri var? İdrakda həqiqət nədir? Həqiqət hansı yollarla dərk edilə bilər? və s.
Aksiologiya –dəyərlər haqqında təlimdir. İnsan dünyanı təkcə dərk etmir, onun bir hissəsi olub onda yaşayır. Öz mövcudluğunu, digər insanlarla qarşılıqlı münasibətlərini, öz hüquq və vəzifələrini emosional olaraq qavrayır. Bu problemlər aksioloji səviyyədə həllini tapır. Burada insan varlığının, onun praktiki fəaliyyət və davranışlarının ən ümumi dəyər əsasları aşkarlanır. Aksiologiyanı varlıq və onun dərkolunma qanunları necə varsa yox, ilk növbədə varlığa insanın münasibəti maraqlandırır.
Məntiq –ardıcıl və nizamlı təfəkkür, onun qanunları haqqında təlimdir. O, fikrin ifadə və biliyin inkişaf formalarını, idrakın üsul və metodlarını öyrənir. Müəyyən mənada bu köməkçi fəndir və onun predmeti müasir mərhələdə xüsusi fəlsəfi problemlərdən uzaqlaşır. Lakin, bu həm də fəlsəfi fəndir. Aristotelə görə məntiq analitik təfəkkür tərzini formalaşdırır СКАЧАТЬ