Hekayələr. О. Генри
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - О. Генри страница 3

Название: Hekayələr

Автор: О. Генри

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8202-3-2

isbn:

СКАЧАТЬ Mak-Qarri yerindən qalxdı, paltosunu geyib şlyapasını qoydu. O, ciddi, boy-buxunlu, sentimental, həm də fərasətli idi.

      – Neynək, – deyə o, söhbət İngiltərə çempionu ilə keçiriləcək yarışın şərtlərini imzalamaqdan gedirmiş kimi soyuqqanlılıqla dilləndi, – bu saat gedib gətirərəm.

      Təzəgəlin dedi:

      – Amma çox yubanma, yoxsa mənim yaramazım üçün darıxaram. Bax ha-a, yaxşısını, dəymişini seç.

      Balaca, uzaq ölkələrə təhlükəli səyahətə çıxdığı vaxtlar olduğu kimi, uzun-uzadı vidadan sonra, küçəyə çıxdı.

      Burada o əsaslı surətdə fikrə daldı, ona görə ki, bu iş yazın əvvəlində baş verirdi və həm də o inana bilmirdi ki, haradansa, küçələrin üfunətli rütubətində və dükanların soyuğunda yayın qızılı yetkinliyinin arzu olunan şirin barını tapmaq mümkün olsun.

      O, meyvəsatan italyanın çadırı qurulmuş tinə çatan kimi dayandı və nifrətli bir baxışla papiros kağızına bükülmüş portağal, parıltılı, al-qırmızı alma və solğun, günəş üçün darıxmış banan təpələrini süzdü. Sonra vurğunların vurğunu Dantenin һəmvətəninə müraciət etdi:

      – Şaftalı varmı?

      Satıcı ah çakdi:

      – Şaftalı yoxdur, sinyor, hələ bir aydan sonra çıxaçaq. İndi vaxtı deyil. Yaxşı portağal var. Alarsınızmı?

      Balaca ona cavab verməyi özünə rəva bilmədi və axtarışa davam etdi. O öz köhnə dostu, pərəstişkarı, ucuz restoranı, gecə kafesi və kegelbanı olan müəssisənin һamisi Cestes O.Kellexenin yanına yollandı. O.Kellexen öz yerində idi. O, restoranda gəzişir və qayda-qanun yaradırdı.

      – Təcili iş var, Kel. Mənim qarımın beyninə şaftalı düşüb. Əgər səndə bir dənə də olsa şaftalı varsa, tez bura ver. Yox, əgər çoxdursa, bir neçəsini ver, lazım olar.

      – Bütün evim sənə qurbandır,– deyə O.Kellexen cavab verdi. – Ancaq onda sən şaftalı tapmazsan. İndi vaxtı deyil. İlin bu vaxtında heç Brodveydə də şaftalı tapılmaz. Sənə yazığım gəlir. Axı, əgər qadının bir şeyə iştahı açılıbsa, gərək ona hökmən o şeyi verəsən, başqasını yox. Vaxt da gecdir, ən yaxşı meyvə mağazalarının hamısı artıq bağlanıb. Bəlkə sənin xanımın portağala razılaşa? Mən bir qutu seçmə portağal almışam, Əgər lazımsa…

      – Yox, sağ ol, Kel. Yarışın şərtlərinə görə şaftalı tələb olunur və əvəz etməyə içazə yoxdur. Gedirəm yenə axtarmağa.

      Balaca qərbi avenülərdən birinə çatanda artıq gecəyarı olardı. Mağazaların çoxu bağlı idi, hələ açıq olanlarda isə onu şaftalıdan söhbət açan kimi az qala lağa qoyub gülürdülər.

      Ancaq haradasa, hündür divarlar arxasında təzəgəlin oturub, arxayınca xarici sovqatı gözləyirdi. Doğrudanmı yarımorta çəkili çempion onun üçün şaftalı tapa bilməyəcək? Doğrudanmı öz sevgilisini dadlı, sarı, ya da çəhrayı meyvə ilə sevindirmək üçün o, mövsümlərin, iqlimlərin və təqvimlərin səddini aşa bilməyəcək?

      Qabaqda, yer üzündəki bolluğun, hər nemətin aşıb-daşdığı işıqlandırılmış vitrin göründü. Balaca onu hələ əməlli gözaltı eləməmişdi ki, işıq söndu. O var gücü ilə qaçdı və meyvəsatan dükanın qapısını bağladığı anda ona çatdı.

      – Şaftalı varmı?

      – Nə danışırsınız, ser! Bir iki-üç həftədən sonra, tez olmaz. Siz indi onu bütün şəhərdə tapmazsınız. Əgər bir yerdə bir neçə dənə varsa, o da oranjereya şaftalısıdır, hələ onun da harada olduğunu yəqin deməyə cürət etmirəm. Bəlkə bahalı otellərin birində, o yerdə ki, adamlar pulları xərcləməyə yer tapmırlar. Lazımdırsa, qəşəng portağal təklif eləyə bilərəm, bir partiya bu gün gəmiylə gətirilib.

      Balaca yaxındakı tinə çatıb, bir dəqiqə fikirli halda dayandı, sonra qətiyyətlə qaranlıq döngəyə döndü və eyvanı yaşıl fənərli evə tərəf yollandı.

      – Kapitan buradadır? – deyə növbətçi polis serjantından soruşdu.

      Ancaq elə bu vaxt kapitan özü növbətçinin arxasından boylandı. O, mülki paltarda idi və fövqəladə məşğul adam kimi görünürdü. Kapitan Balacanı salamladı:

      – Salam, Balaca, mən elə bilirdim ki, siz toy səyahətindəsiniz.

      – Dünən qayıtmışam. İndi mən Nyu-Yorkun oturaq vətəndaşıyam. Hələ bələdiyyəçilik fəaliyyəti ilə də məşğul olacağam. Kapitan, deyin görüm, Denver Dikin müəssisəsini bu gecə bağlamaq istərdinizmi?

      Kapitan bığını bura-bura dedi:

      – Gec ayılmısınız! Denveri hələ iki ay bundan qabaq qamarlayıblar.

      Balaca razılaşdı:

      – Düzdür. İki ay əvvəl Rafferti onu Qırx üçüncü kuçədən qovdu. İndi isə o sizin yaxınlığınızda yurd salıb, oyunu da həmişəkindən daha şiddətli, daha yağlı gedir. Mənim Denverlə öz haqq-hesabım var. İstəyirsiniz sizi aparım onun yanına?

      – Mənim yaxınlığımda? Siz buna əminsinizmi, Balaca? Əgər belədirsə, mən bunu sizin tərəfinizdən böyük bir qulluq hesab edərəm, Sizə parol məlumdurmu? Ora necə girəcəyik? Balaca dedi:

      – Qapını sındırarıq. Qapını hələ dəmirlə bərkitməyiblər. Özünüzlə on nəfər adam götürün. Ora mənim üzümə bağlıdır. Denver mənim işimi bitirməyə çalışdı. Elə bilir ki, keçən dəfə onu mən satmışam. Amma, yeri gəlmişkən deyim ki, səһv eləyir. Hə, tələsin, kapitan. Mən evə tez qayıtmalıyam.

      Heç on dəqiqə keçməmişdi ki, kapitan və onun itaətində olan on iki nəfər öz bələdçilərinin arxasınca gündüzlər on mötəbər firmanın yeri olan qaranlıq yə görünüşdən ləyaqətli binanın küçə qapısına girdilər.

      Balaca astadan:

      – Üçüncü mərtəbə, koridorun axırında, – dedi. – Qabaqda mən gedəcəyəm.

      Balta ilə silaһlanmış iki igid Balacanın göstərdiyi qapının qabağında dayandı.

      Kapitan şübһə ilə dilləndi:

      – Deyəsən orada sakitlikdir. Siz səһv etmədiyinizə əminsinizmi, Balaca?

      Balaca cavab əvəzinə:

      – Qapıları sındırın, – deyə əmr etdi. – Əgər səhv etmişəmsə, cavabdeһəm.

      Baltalar tappıltı ilə taxta qapılara sancıldı. Yarıqlardan gur işıq axdı. Qapı СКАЧАТЬ