Название: Qış gecəsi
Автор: Salam Qədirzadə
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn: 978-995-256-627-7
isbn:
İçdiyi sərin sudan Rəhmanın ürəyinin hərarəti söndüsə də arvadın gözlərindən qəlbində nə isə alışıb yandı. Diləfruz da oğrun baxışlarla Rəhmana təpədən-dırnağa nəzər yetirdi. Kişinin qalın, enli qaşları altında bic-bic gülümsəyən gözləri arvada sanki gizli bir söz demək istəyirdi. Qartal dimdiyinə oxşayan burnunun ucu sarımtıl bığlarının üstünə əyilmişdi. O sanki bütün simasını arvada göstərmək üçün furajkasını da çıxarıb əlinə götürmüşdü. Daz başı tərdən par-par parıldayır, hər şeyi ayna kimi özündə əks etdirirdi. Gicgahlarındakı qara tüklərin arasında tək-tək ağları da nəzərə çarpırdı. Rəhman rəngi bozarmış dəmiryolçu köynəyinin üstündən bağladığı enli kəmərinin ucuna bir qarışa qədər başqa qayış tikmişdi. Bu onun sonradan kökəldiyini göstərirdi.
Kişi suyu içib, stəkanı yerə qoyanda Diləfruz dilləndi:
− Bir də süzümmü?
Rəhman əvvəlcə nə cavab verəcəyini bilmədi. Qadının eyni təbəssümlə həmin sözləri təkrar etdiyini eşitcək ürəyi çırpındı. Qəlbində sanki bir sim titrədi.
− Ver, bir stəkan da ver içək! –deyə bu dəfə Rəhman da ürəyindən keçənləri aydınca ifadə edən mənalı bir tərzdə qımışdı.
Bəli! Onların əsl məhəbbət macərası bu ikinci stəkandan sonra başladı.
O günü axşama qədər, pərvanə çırağın başına fırlanan kimi, Rəhman da pəncərəsindən zəif işıq gələn bu yaşıl budkanın ətrafına dolandı. Elə bil Diləfruzun əlindən alıb içdiyi o ikinci stəkanın sərin suyu ilə, qadının odlu eşqi də Rəhmanın canına süzülmüşdü.
Kişi o gecə ah-uf edib səhərə kimi yerində qurdalandı. Lakin arabir gözü Adilin çarpayısına və onun başı üstündən asılmış Nərgizin şəklinə sataşanda qəlbi sıxılır, nə edəcəyini bilmirdi. Rəhman gözlərini yuman kimi yenə yaşıl su budkası içərisində dayanmış ağ xalatlı Diləfruz şərbət dolu stəkanı ona uzadıb gülümsəyirdi: “Bir də süzümmü?” Ancaq burada da Nərgizin xəyalı onu təqib edirdi. Rəhman budkadan uzaqlaşmış Adillə, Nərgizlə qarşılaşdı. Hər ikisi acıqlı-acıqlı ona baxıb susurdu. Bu iti baxışlar iynəyə dönüb Rəhmanın qəlbinə sancılır, nə isə onu içindən yandırır, ağrıdır, incidirdi. “Bir də süzümmü?..” deyən Diləfruzun da səsi qulaqlarından getmirdi..
Diləfruzla birinci görüşdən iki ay ötdü. İlk vaxtlar odla su arasında qalan Rəhman, çox çəkmədi ki, bütün tərəddüdə son qoydu. Sanki Diləfruzun suyu odu söndürdü, Rəhman Nərgizin ruhunu xəyalından qovdu.
Artıq Diləfruz Rəhman üçün “Diləfruz xanım” olmuşdu. İndi hər dəfə yola çıxanda, səfərdən qayıdanda Rəhman əvvəlcə yaşıl su budkasına yaxınlaşıb saatlarla Diləfruzla uzun söhbət edər, arabir ona eyham vurardı. Diləfruz da danışıqlardan kişinin məqsədini duyub ona naz satar, yerini daha şirin salardı. Hərdən qəhqəhə çəkib elə ucadan gülərdi ki, səsi vağzalın o biri başında eşidilərdi. Rəhmanı Diləfruza sevdirən bir şey vardısa, o da kişinin qatarda bələdçi işləməsi idi. Arvad Rəhmanın Moskvadan gələndə çox vaxt özü ilə nə isə gətirdiyini duymuşdu. Üstəlik bu kişinin subay olduğunu da onun iş yoldaşlarından soruşub öyrənmişdi.
Diləfruzun əvvəlki ərindən uşağı olmamışdı. Özünün dediyinə görə həkimlər bunun səbəbini kişidə görmüşdülər.
Doqquz il başqasının kəbinli arvadı olduğunu Rəhmana danışmaq Diləfruza ar gəldiyindən o bunu da öz yaşı kimi xeyli ixtisar eləmişdi. Hələ üstəlik, ərini sevmədiyini, ancaq anasının təkidi ilə ona getdiyini də Rəhmana eşitdirmişdi. Guya buna görə də cəbhədən ərinin həlak olması xəbərini alan Diləfruz o qədər də kədərlənməmişdi.
İndi Diləfruz Rəhmana getmək xatirinə hər şeyi danmağa hazır idi.
Ləpədöyəndə keçən günlər
Məktəblilərin yay tətilində Rəhmanın bacısı Adilin anasının qırxını verməyə gəlmişdi. Qardaşı oğlunun evdə darıxdığını görüb, gedəndə onu da özü ilə kəndlərinə apardı.
Onlar qatarla getdilər. Gün batana yaxın bibisi Adilə stansiyaya çatdıqlarını bildirdi.
Qatardan düşüb xeyli getmişdilər ki:
− Ayaqqabılarını çıxart, oğlum, − deyə bibisi ona tapşırdı. Meyvə bağlarının arasilə uzanan qumsal yollarda çəkmə ilə addımlamaq çətinlik törədirdi.
Adil də, bibisi də ayaqqabılarını soyunub əllərinə aldılar. Hava yavaş-yavaş qaralır, sərinlik çökürdü.
Bir-birindən uzaq, alçaq kənd evlərinin çoxu yaşıl ağacların arasında gizləndiyindən güclə görünürdü. Ətrafda tam sakitlik idi: sanki bu evlərdə heç kəs yaşamırdı. Adil əvvəllər də anası ilə bu yollarla bir neçə dəfə getmişdi. Lakin o vaxtlar uşaq olduğundan, indi bibisigilin kəndlərini xatırlaya bilmirdi.
Qarşıdan əsən sərin yel Adilin qıvrım saçlarını oxşayır, bibisinin nazik örpəyini oynadıb onun üzünə sürtürdü. Adil bu örpəkdən nə isə xoş bir ətir duyur,anası yadına düşür; elə bil bibisinin örtdüyü bu qara örpək onun anası Nərgizdən qalmışdı.
Yol getdikcə uzanırdı.
Uşağın yorulduğunu hiss edən arvad:
− Az qalıb, oğlum, − deyə ona ürək-dirək verməyə başladı, − bax, o qaya üstündəki böyük çinarın altından evimiz görünəcək.
…Onlar böyük çinara yetişəndə qaranlıq bağların üzərinə qanad gərmişdi. Buradan ancaq zəif ay işığında parıldayan dənizin nəhayətsiz səthi sezilirdi. Adilə elə gəldi ki, dəniz yaxında, lap ayaqlarının altındadır; elə buradan tullansa birbaş suya düşər.
Qayanın dörd yanını torpaq basmışdı. Yaşıl otların arasilə uzanan cığır sahilə enirdi. Enişə çatanda Adil istər-istəməz dayandı. Evlərin kiçik pəncərələrindən işıq gəlirdi. Ara-sıra boğuq it hürüşməsi eşidilirdi. Buradan dəniz bayaqkından xeyli uzaqda görünürdü.
− Bax, o qıraqdakı ev bizimkidir, − deyə bibisi əlini qabağa uzadıb qaranlıqda ulduz kimi yanan bir işığı göstərdi.
…Alçaq СКАЧАТЬ