Qış gecəsi. Salam Qədirzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Qış gecəsi - Salam Qədirzadə страница 4

Название: Qış gecəsi

Автор: Salam Qədirzadə

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn: 978-995-256-627-7

isbn:

СКАЧАТЬ Başa düşdüm, ancaq ki…

      − Rəhman! Ancaqsız! – Arvad ayağını döşəməyə vurub qışqırdı. − Sən nə alsan, gərək mənim adıma layıq olsun!

      Rəhman “baş üstə” deyib susdu. Elə bu əsnada həyət qapısının zəngi çalındı. Rəhman aynabəndə çıxdı.

      − Ay kimsən?

      Qapının o tərəfindən kişi səsi gəldi:

      − Aç, mənəm.

      − Kimdir o?! – deyə Diləfruz otaqdan dilləndi. –Olmaya yenə Saleh müəllimdir?!

      − Deyəsən özüdür, səsindən ona oxşayır.

      Rəhman tənbəl-tənbəl pilləkəni enib, qapını açdı.

      Məmməd, əlində köhnə bir avtomobil pakrışkası, üst-başı toz-torpaq içində həyətə girdi. Beş-altı yaşlarında olan bu uşağın, yaxası qarnının ortasınadək cırılmış köynəyi o qədər kirlənmişdi ki, nə rəngdə olduğunu bilmək çətindi. Gödək tumanının aşırması qırıldığından, bir balağı sıyrılıb qanamış dizinə qədər sallanmışdı. Onun sir-sifətinə cırmaq dəyməyən yer yox idi. Boynundan, çirkli ipə keçirilmiş iri bir gözmuncuğu asılmışdı.

      Məmməd həyətə gircək heç nəyə əhəmiyyət vermədən, əvvəlcə pakrışkanı çarhovuzun yanına yuvarladı. Sonra əyilib yerdən kiçik bir kərpic parçası götürdü; oğrun-oğrun qapıya tərəf baxaraq pilləkənin üstünə çıxıb dayandı.

      Diləfruz səhv eləməmişdi: qonşu həyətdə yaşayan Saleh müəllim yenə Məmməddən şikayətə gəlmişdi.

      − Ay başınıza dönüm, axı uşağın da bir böyüyü, tərbiyə verəni olar, − deyə balacaboylu, ağsaçlı, gödək, bozumtul bığları olan, göy miləmil pijama geymiş Saleh müəllim həyətə gircək üzünü Rəhmana tutub şikayətə başladı. – Mən deməkdən yoruldum, bu uşaq pəncərələrimin şüşələrini sındırmaqdan yorulmadı…

      Elə bu vaxt Diləfruz aynabənddən başını çıxarıb əyilərək yarıya qədər həyətə boylandı.

      − Nə var? Yenə nə olub?! Məşədi İbad kimi nə özündən çıxmısan, ay müəllim?! Tutub öldürməyəcəyik ki! Uşaqdır də! – deyə arvad Rəhmanı qabaqlayıb onun əvəzindən cavab verdi. Müəllim yenə mülayim səslə, sakitcə:

      − Ay anam, ay bacım, − dedi, − axı bu yaşda uşağı küçəyə tək buraxmazlar. Sabah başına bir iş gəlsə…

      Diləfruz, müəllimin sözünü yarımçıq qoydu:

      − Yaxşı ya! Qoca kişisən, ağzını xeyirliyə aç! – O, müəllimi yamsılayaraq: − “Sabah başına bir iş gəlsə”. Mağıl! Bir dənə şüşəni sındırıb başına sadağa! Atasının, anasının canı sağ olsun! Ölməmişik ki, üç manat verərik, saldırarsan. Daha mənə dərs vermək lazım deyil. Uşaq mənimdir, özüm bilərəm necə tərbiyə elərəm!

      Məmməd ovcunda kərpic parçası hələ də pilləkənin üstündə dayanıb anasına qulaq asırdı. Diləfruz bir an ara verdi, sonra nəyisə xatırlayıb yenidən alovlandı:

      − Yandırdı səni uşağın bir dənə şüşəni sındırmağı?! Bəs məni heç yandırmır ki, neçə illərdir işıq pulunu mən verirəm, işığında sən oturursan! Hə…

      − Nə işıq, nə pul? – deyə müəllim çeşməyini alnına qaldırıb, qaşlarını çataraq arvada baxdı. –Mən başa düşmürəm siz nə danışırsınız?

      − Əlbəttə, əlbəttə! Başa düşməzsən də… Axı xeyrinə deyil. İkiyüzlük lampoçka yanır mənim həyətimdə, işığının çoxu hasarın üstündən düşür sizin xarabaya. Pulunu da hər ay verirəm mən. Heç gör bir kərə ağzından çıxıb ki, ya… qoy bu dəfə mən verim?..

      Rəhman arvadının qorxusundan danışmırdı. Hirsin-dən dişi bağırsağını kəsirdi. Ancaq Diləfruzun işıq məsələ-sində müəllimi nahaq danladığını görəndə özünü saxlaya bilmədi:

      − Heç dəxli mətləbə var?! – deyə üzünü yana tutub deyindi.

      Yaxşı ki, Diləfruz xanım eşitmədi!

      Müəllim hövsələdən çıxmadan deyirdi:

      − Axı, mənim taqsırım nədir ki, işığınız bizim həyətə düşür. Mən ki, bunu sizdən xahiş eləməmişəm. Mənim öz işığım özümə bəsdir!

      − Hə? İndi belə oldu? Eybi yoxdur! Heç eybi yoxdur! Görərsən!..

      Müəllim yenə nə isə demək istədi. Bu an Diləfruz pəncərələri elə çırpdı ki, şüşələri cingildədi. Saleh müəllim narazı halda əvvəlcə Rəhmana, sonra isə örtülən şüşəbəndə baxıb başını bulaya-bulaya çıxanda Məmməd əlindəki kərpic parçasını onun dalınca tulladı və tez evə qaçdı.

      Müəllim bircə addım gec tərpənsəydi, kərpic başını yaracaqdı.

      Oğlunun bu “qoçaqlığını” görən Diləfruz fərəhlə uşağa baxdıqdan sonra:

      − Mamulya!… – deyə ona tərəf yüyürən Məmmədi bağrına basıb öpdü.

      Diləfruz çayını içdikdən sonra süfrəni yığışdırmağı ərinə tapşırıb paltarını dəyişməyə başladı. İndi Diləfruz paltarını dəyişməkdə olsun, biz naməhrəmlər də üzümüzü yana çevirib söhbətimizə başlayaq.

      Diləfruzun pasportunda da, zaqsın verdiyi kəbin kağızında da qırx üç yaşı tamam olmuşdu. Ancaq arvad qocalmaq istəmir, həmişə cavan qalmağı, özünü qızlara, gəlinlərə tay tutmağı sevirdi. Düz dörd ildir ki, hər yerdə, hamıya otuz səkkiz yaşında olduğunu söyləyirdi. Keçən ay, başda Diləfruzun rəfiqələri olmaqla bütün qohumlar, tanışlar “otuz doqquz yaşa qədəm qoyduğu üçün” ona cürbəcür qiymətli şeylər gətirib təbrik etmişdilər.

      Diləfruz başqalarının nəzərində gözəl görünmək üçün həmişə al-əlvan bəzənib-düzənərdi. O, çox çətinliklə də olsa, saçlarını saman kimi sarı rəngə saldırmışdı. Vaxtilə boz olan enli qaşlarını nazildib qaraltmışdı. əvvəl gözə görünməyən seyrək kirpiklərinə o qədər sürmə çəkmişdi ki, sanki onlar uzanmışdı. Ətli yanaqlarını ənlik-kirşanla doldurmuşdu. Sifətinin qalan hissəsi dəyirmandan çıxmış adamın üzü kimi idi. Bir sözlə, Diləfruzun zahirdə iki gözündən savayı heç nəyi təbii halında deyildi. Əgər mümkün olsa idi o, məmnuniyyətlə gözlərinin giləsini də boyatdırıb, ən çox xoşladığı mavi rəngə saldırardı.

      Burada söhbətimiz uzansa gərək bağışlayasınız. Mən bu qırmızı kirəmidli evdə baş verən bütün əhvlatları, hətta indiyədək СКАЧАТЬ