İdeal. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İdeal - Muğanna İsa страница 15

Название: İdeal

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ yeridi.

      Nədi axı yanan? Evdə bir şey dəymir gözümə, – dedi.

      Bir də Seyid kişi özü doluxsundu.

      – Şey-mey deyil… İnsandı yanan, arvad. İki novrəstə cavandı yanan. Bədbəxt! Sultanımızdı yanan! – dedi.

      Yalnız bu sözlərdən sonra Səməd uzun müddət nəfəssiz, şüursuz qalıb ayılan adam kimi dərindən nəfəs aldı.

      – Necə, necə olub bu?! Sən necə gəlib çıxmısan bu evə?!

      Bu ilk sualdan sonra beynində sual suala calandı. Qardaşoğlunun istəklisi əminin evində arvad?! Düşmən işi, düşmən qurğusudursa, bu necə qurğudur?! Gülgəzin dili yoxdumu, Sultan əmiyə deyə bilməzdimi kimdir, kimin istəklisidir?! Belə çıxır ki, Gülgəz susmuşdu?! Niyə?! Nə isə, kim isə məcbur eləmişdi ki, sussun?! Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu “bir dənə gözələ” “Bircə bala”nın münasibəti barədə söz çatdırsın, işarə vursun? Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək, kənd də susmuşdu?! Cəfər əmi, Ayna bacı da, Gülbəniz də susmuşdu?! Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!

      Saysız-hesabsız sualları necə yağdırdığını, nəyi soruşub, nəyi soruşmadığını Səməd özü də bilmədi.

      Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.

      Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.

      Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.

      Dərdli qoca düz deyirdi: yanan insandı. Bu evdə həyatı, məişəti dəyişdirib, yorğun, gərgin raykom katibini xoşbəxtliyə çıxaran o doğma, məhrəm elqızı və evdən yenə ac gedən Sultan əminin qisməti ilə bircə Gülgəz də yanıb tüstüyə çevrilmişdi. Bu sızıldayan, göynəyən Gülgəzin ancaq adı Gülgəzdi, özü “başqasının istəklisi” idi… Qara həyula düz deyirmiş: Səməd bu evə gəlməməli idi, “ömründə görmədiyi şeyləri” görməməli, “ömründə eşitmədiyi sözləri” eşitməməli idi, “bir dəfə sınandan sonra bir də sınmamalı” idi. O “sirlə dolu sinə” doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən adam bildiyinin bəlkə heç mində birini də deməyib; “ömründə görmədiyi şeyləri” Səməd hələ bundan sonra görəcək, “ömründə eşitmədiyi sözləri” hələ bundan sona eşidəcək.

      Əli çıraqlı arvad da gəldi, “bıyy” eləyib heyrətlə içini çəkdi.

      Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:

      – Yeri, yeri! – dedi.

      Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə gəldi ki, kişi fənəri ancaq sarsıldığına görə yox, həm də ona görə belə tutub durub ki, bədbəxt “novrəstə cavan” istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə, çıxıb getməli idi. Xeyrə arvadın o cür “bıyy” eləməyindəncə məlumdu ki, Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə baxmağı isə bəlkə, hətta qəbahətdi.

      Əmma Səməd baxmaya bilmirdi.

      Əlləzoğlunun yaba ilə döyəcləyib, yapıxdırıb çəpərə qaldırdığı qaratikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə yığılan sarı-qızılı tikanlardan elə bil gül bitmişdi ki, o gülün ətrini duyandan sonra “Dəli Səməd” kəndə sığışmayıb, sinəsi, başı açıq, özünü yelə verə-verə düzlərə düşərdi və bu vaxt bədənində qeyri-adi qüvvət, zehnində qeyri-adi itilik, gözlərində qeyri-adi işıq hiss edərdi. Qəsdən soruşmuşdu, öyrənmişdi ki, bütün Qonaqlıda, bütün Tahirlidə və bütün Qurbanlıda, yəni sovetliyin üç para kəndinin üçündə də cavanlar qaratikan kolunun da vaxtı çatanda gül açdığından xəbərsizdilər. “Sədr oğlunun” sualından təəccüblənərdilər: “Qaratikan hara, gül hara?!” Qıllı Qeybalı isə, şaqqanaq çəkib, sonra kinli-kinli fısıldayardı: “Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eliyəndə gül bitirir”, – deyərdi və hətta “sədr oğlunun” cibindən çıxarıb ovcunda göstərdiyi xırda-xırda, sarı-qızılı ləçəkləri öz gözləri ilə görəndə də inanmazdı: “ Güldümü ki bu?!” – deyərdi. Belə çıxırdı ki, çəpərə vurulmaqdan və təndirdə odunun altına yalonqu kimi qoyulmaqdan başqa heç nəyə yaramayan qaratikan kolunda Qəlyanlı qocaların “axça” dedikləri qədim qızıl pulsayağı sarı-qızılı ləçəklər bitdiyini təkcə “Dəli Səməd” görmüşdü. Başqa güllərin ləçəklərinə bənzəməyən o qalın ləçəklərin meyvə-bar kimi uzun müddət kolda qalıb getdikcə zərifləşdiyini, soğulub yüngülləşdiyini və payızla qış arasında güclü küləklər əsməyə başlayanda kollardan kəpənək kimi uçub çöllərə yayıldığını da təkcə “Dəli Səməd” görmüşdü. Hər ləçəyin ortasında tək bir dənə barama toxumuna oxşayan, dəftər vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa yapışıb cücərdiyini də, həmin quru çöllərdə qaratikan kollarının o sap kimi nazik cücərtilərdən qalxdığını da təkcə “Dəli Səməd” görmüşdü və gördüklərini Qəlyanlı qocalara danışıb, “yerin altını-üstünü bilən” qəlyanlılardan “yaşı bilinməyən” “Xızr Abı” ilə yaşının çoxluğuna görə və özünün dediyi kimi, “zəmanə ilə düz gətirmədiyinə görə” “Çürük” adlanan Çürük Aşıqdan öyrənmişdi ki, “qaratikan heç yerdə tək-tək bitməz, gur bitər”, buna görə də Qaratikan – “Gurtikən” deməkdir… Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən, Sudüşən çəmənindən, əkinlərdən, otlaqlardan əsər-əlamət də yoxmuş, quru-qaysaq çöllərmiş, boş-boşanaq düzlərmiş. Gecə-gündüz yel əsərmiş, tozanaq qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gündüzün fərqi bilinməzmiş. Haman tozanağın içində bu yerə hardansa Qaratikan toxumları düşüb, bu meşənin yerində əvvəlcə kom-kom Qaratikan bitib, artıb çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara dolan toxumlardan Qaraağac şivləri əmələ gəlib, sonra da “bu gördüyün meşə, sel-su, əkin-tikin…” “Yel toxum gətirər, meşə bitirər”, – deyirdilər. “Meşə su götürər, su verər, çay axıdar”, -deyirdilər. Belə-belə şeylər danışmaqdan nə Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi ona – Səmədə eşitdirmək üçün danışardılar. Buna görə də bütün kənddə təkcə “Dəli Səməd” görmüşdü ki, qarağac da “gurağacdır”, çünki bu da “axça – “qızıl” bitirir, yazın orta ayında isti yellər əsəndə qarağacın sarı-qızılı ləçəkləri də kəpənək kimi uçuşub çöllərə yayılır. Əmma СКАЧАТЬ