Təqdim etdiyi çiçəyin atıldığından bir qədər pərt olmuş Pandalevski dedi:
– Nə buyurursunuz, Darya Mixaylovnaya necə ərz edim? Nahara buyuracaqsınızmı? Onlar sizin qardaşınızın da gəlməyini xahiş edirlər.
– Hə, yəqin gələrik. Bəs Nataşa necədir?
– Allaha şükür, Nataliya Alekseyevna sağ salamatdır… Ancaq biz Darya Mixaylovnanın malikanəsinə gedən döngəni ötüb keçdik. İcazə verin, sizinlə xudahafizləşim.
Aleksandra Pavlovna dayandı.
– Bəyəm siz bizə getməyəcəksiniz? – deyə o, qəti olmayan bir səslə soruşdu.
– Getməyi ürəkdən arzu edərdim, ancaq qorxuram gecikəm. Darya Mixaylovna Talberqin yeni bir etüdünü dinləməyi arzu buyurmuşlar, buna görə də hazırlaşmalı və öyrənməliyəm. Bir də, sözün düzü, mənimlə söhbət etməyin sizə bir ləzzət verə biləcəyinə şübhə edirəm.
– Yox, yox… Niyə ki…
Pandalevski köks ötürüb mənalı bir əda ilə gözlərini yerə dikdi.
Bir qədər sükutdan sonra o:
– Xudahafiz, Aleksandra Pavlovna! – deyib baş əydi və bir addım geri çəkildi.
Aleksandra Pavlovna dönüb evə getdi.
Konstantin Diomidıç da öz evlərinə tərəf getməyə başladı. Bütün xoşhallıq əlamətləri həmin saat onun üzündən çəkilib getdi, üzündə lovğa, demək olar ki, sərt bir ifadə zahir oldu. Konstantin Diomidıçın hətta yerişi də dəyişdi. O indi addımlarını daha geniş atır və ayaqlarını yerə daha bərk basırdı. Ağacını sərbəst bir halda yelləyə-yelləyə, iki verst qədər yeridi və yenə dişlərini ağartdı. O, yolun ağzında cavan və xeyli göyçək bir kəndli qızı gördü. Qız danaları yulaf zəmisindən qovurdu. Konstantin Diomidıç pişik kimi ehtiyatla qıza yaxınlaşıb onunla danışmağa başladı. Qız əvvəlcə dinmir, qızarır və gülürdü. Nəhayət, qoluyla ağzını tutub üzünü kənara çevirdi və dedi:
– Yeri get, ay ağa, düzü…
Konstantin Diomidıç onu barmağıyla hədələyib çöl çiçəkləri gətirməsini tapşırdı.
– Çiçək sənin nəyinə lazımdır? Çələng hörəcəksən? – deyə qız soruşdu. – Yaxşı, yeri get, düzü…
– Bura bax, ay mənim mehriban gözəlim, – deyə Konstantin Diomidıç sözə başlamaq istəyirdi ki, qız onun sözünü kəsdi:
– Di yaxşı, yeri get, odur, xanımın balaları gəlirlər.
Konstantin Diomidıç dönüb baxdı. Doğrudan da, yol ilə Darya Mixaylovnanın oğlanları Vanya və Petya yüyürürdü. Onların dalınca kursu təzəcə bitirmiş, iyirmi iki yaşlı cavan müəllimləri Basistov gəlirdi. Basistov uca boylu, sadə üzlü, yekəburun, qalındodaq və gözləri donuz gözünə oxşayan yaraşıqsız, yöndəmsiz, lakin mehriban, sədaqətli və düz ürəkli bir cavan idi. O, səliqəsiz geyinər və saçını vurdurmazdı. Bunu o bəzək-düzək üçün yox, tənbəllikdən edirdi, o yeməyi, kitab oxumağı və şirin söhbət etməyi xoşlayardı. Onun Pandalevskidən lap zəhləsi gedirdi.
Darya Mixaylovnanın uşaqları Basistova çox böyük hörmət bəsləyir, amma ondan heç qorxmurdular. Basistov ev əhli ilə olduqca sadə rəftar edirdi, evin xanımı heç bir qeyd-şərt tanımadığını deyirdisə də, müəllimin bu halından xoşu gəlmirdi.
– Xoş gördük, əzizlərim! – deyə Konstantin Diomidıç dilləndi. – Bu gün gəzməyə nə tez çıxmısınız? Mən isə, – deyə o, Basistova müraciət etdi, – evdən çoxdan çıxmışam. Təbiətdən zövq almağa yaman həvəsim var.
– Təbiətdən necə zövq aldığınızı gördüm, – deyə Basistov mızıldandı.
– Siz materialistsiniz, allah bilir mənim haqqımda nə fikirləşirsiniz. Sizi tanıyıram.
Pandalevski Basistovla və ya onun kimi adamlarla danışanda çox tez hirslənir və “s” hərfini çox təmiz, hətta azca fit çalan kimi deyirdi.
– Bəs o kəndli qızı ilə nə danışırdınız? Bəlkə yolu soruşurdunuz? – Basistov gözlərini sağa-sola tərpədərək soruşdu. O, hiss edirdi ki, Pandalevski düz onun gözlərinə baxır, bu isə onun xoşuna gəlmirdi.
– Mən təkrar edirəm ki, siz materialistsiniz, vəssalam. Siz hər şeyin mütləq bayağı tərəfini görürsünüz.
– Uşaqlar! – Basistov gözlənilmədən komanda verdi. – Çəməndəki o söyüdü görürsünüz? Görək kim tez qaçıb ona çatacaq? Bir! İki! Üç!
Uşaqlar var gücləriylə söyüdə tərəf götürüldülər. Basistov da onların dalınca qaçdı.
“Kəndlinin biri! – deyə Pandalevski özlüyündə fikirləşdi. – Bu uşaqları korlayacaq. Kəndlidir ki, kəndli!”
Konstantin Diomidıç öz səliqəli və qəşəng vücudunu məmnun bir halda nəzərdən keçirtdi, sürtukunun qolundakı tozu çırtmayla vurub təmizlədi, yaxalığını çırpdı və yola düzəldi. O, otağına daxil olub köhnə xalatını geyindi və qayğılı simayla fortepianonun qabağında oturdu.
II
Darya Mixaylovna Lasunskayanın evi bütün … quberniyasında, demək olar ki, birinci ev sayılırdı. Rastrellinin şəkilləri üzrə, keçmiş əsrin zövqüylə tikilmiş bu yekə daş bina təpənin üstündə əzəmətlə ucalırdı. Bu təpənin ətəyindən orta Rusiyanın ən böyük çaylarından biri axırdı. Darya Mixaylovna özü məşhur və varlı bir xanım idi, gizlin müşavir olan əri öləndən sonra dul qalmışdı. Hərçənd Pandalevski Darya Mixaylovna haqqında danışıb deyərdi ki, guya o bütün Avropanı tanıyır və bütün Avropa da onu tanıyır, –ancaq Avropa Darya Mixaylovnanı az tanıyırdı. Hətta o, Peterburqda da mühüm rol oynamırdı. Moskvada isə hamı onu tanıyır və evinə gəlib-gedirdilər. Darya Mixaylovna kübar aləminə mənsub idi, bir az qəribə, çox da mehriban olmayan, ancaq son dərəcə ağıllı bir qadın kimi tanınmışdı. Cavanlığında o xeyli qəşəng imiş. Şairlər ona şeir yazır, cavanlar aşiq olur, adlı-sanlı cənablar dalınca düşürdülər. Ancaq o vaxtdan bu yana iyirmi beş, ya da otuz il keçmişdi və əvvəlki gözəllikdən heç iz də qalmamışdı. Darya Mixaylovnanı birinci dəfə görən adam ixtiyarsız öz-özündən soruşardı: görəsən, hələ çox da qoca olmayan bu arıq, sarı, şişburun arvad bir zaman doğrudan da gözəl olubmu? Görəsən, doğrudan da liraların tərənnüm etdiyi qadın budurmu? Hər bir kəs öz aləmində yer üzündəki hər şeyin dönüklüyünə heyrət edərdi. Doğrudur, Pandalevski bu fikirdə idi ki, Darya Mixaylovnanın gözləri öz gözəlliyini heyrət oyadıcı dərəcədə mühafizə etmişdir, ancaq elə həmin Pandalevski bunu da iddia edirdi СКАЧАТЬ