Minima Moralia. Теодор В. Адорно
Чтение книги онлайн.

Читать онлайн книгу Minima Moralia - Теодор В. Адорно страница 5

Название: Minima Moralia

Автор: Теодор В. Адорно

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn: 978-9953-8077- 9-2

isbn:

СКАЧАТЬ bu cür köhnə sistemin dayanıqlığı üçün lazım olan terroru da artırdılar: köhnə iqtisadi sistemin ağıldankənar xüsusiyyətlərini təkcə terrorla gizlətmək mümkün idi. Bu terrordan şəxsi həyat da öz nəsibini aldı. Qapalı və havasız şəxsi həyat, xırda mənafelərin partizanlığı, çoxdan vədəsini doldurmuş ailə quruluşu, mülkiyyət hüququ və onun şəxsdə təzahürü – kənardan avtoritarlığın gücləndirilməsiylə bu anlayışların da ömrü bir qədər uzandı. Bununla belə, bu proseslərdə daim narahat bir vicdan özünü biruzə verdi. Vicdanı yanlışlıq və saxtalığın gizlədilə bilməyən görüntüsünün yaratdığı düşüncə müşayiət etdi. Burjua dəyərlərində bir vaxtlar yaxşı və saf olan hər şey: müstəqillik, ötkəmlik, bəsirət, ehtiyatlılıq kimi xüsusiyyətlər tamamilə çürüdü, çirkləndi. Bu da səbəbsiz deyildi: burjua mövcudiyyət forması təcavüzkarlıqla qorunarkən, onun iqtisadi şərtləri qorunmamış və bu şərtlər tamam aşınmışdı. Məhrəmiyyət yerini gizlində eyni olduğu məhrumiyyətə verdi, özü də, bütünlüklə. Xırda mənfəətçiliyə yönəlmiş inadkar sədaqətə qəzəb də əlavə olundu: daha yaxşı, daha fərqli dünyanı qura bilməyəcəklərini anlayanların qəzəbi. Köhnə burjua təkrarlandı. Burjua məsumiyyətini itirdiyi anda quduzlaşdı. Balaca bağçanı uzun müddətdir “özəl mülk” hesab etmədən sulayan, lakin hansısa yad bir adam bağçaya girmək istədikdə onu qorxuyla bayıra itələyən əl, siyasi mühacirin mühacirət tələbini də rahatlıqla rədd etdi. Ancaq bu əl oyektiv təhdidi aşkar duyurdu. Nəticədə idarəçilərin və müftəxorların subyektivliyi bütünlüklə insanlıqdankənar xarakter aldı. Bu, burjua sinfinin – dünyanın gedişatına istiqamət verən destruktiv gücü öz əlinə alaraq qiyamət xəbərçisi xortdanlar kimi yaşamağa davam edən bir sinfin özünü realizəsi idi.

      15

      La nouvel avare (1) – İki növ tamahkarlıq var: birincisi əzəlidir – şəxsin həm özündən, həm də başqalarından hər şeyi əsirgəməsinə səbəb olan ehtiras. Bu tipin fizionomik xüsusiyyətlərini Molyer ölümsüzləşdirmiş, Freyd anal xarakterlə (2) əlaqələndirmişdi. Bu tipin ən mükəmməl nümunəsi məşhur xəsisdə, nağılların qiyafə dəyişmiş xəlifəsinin asketik maskasını xatırladan milyonçu dilənçidə görə bilərik. Onun kolleksionerlə, psixlə, yaxud böyük aşiqlə münasibəti Qobsekin Esterlə münasibəti (3) kimidir. Qəzetlərin yerli xəbərlərlə əlaqəli sütunlarında hələ də qarşımıza çıxa biləcək bir növ antikvardır. Zamanımızın xəsisi isə özü üçün heç nəyi baha bilməyən, başqalarına hər şeyi baha görən şəxsdir. Münasiblik hesabları ilə fikirləşər və bütün həyatını bir qaydaya, şəxsin aldığından azını verməsi, gələn dəfələrdə də verdiyindən çoxunu alması qaydasına həsr edər. Bu tipin bütün yaxşı əməllərini “Lazımdırmı?”, “Etməliyəmmi?” sualı müşayiət etməkdədir. Bu tip etdiyi yaxşılığın “intiqamını almaq üçün” düşdüyü təlaşla özünü ələ verər: Hər bir xərcin qarşılığının alındığı mübadilə zəncirində bircə dənə də olsun itirilmiş halqaya dözümü yoxdur. Bütün işlərini aşkar və rasional üsulla həll etdiyi üçün Harpaqon, yaxud Skrucdan fərqli olaraq, günahlandırılması, yaxud tovlanması qeyri-mümkündür (4). İnsafsız olduğu qədər də dostcanlıdır. Lazım gəldikdə doğrunun tərəfinə keçər və doğrunu yalana çevirər. Köhnə xəsisin səfil acgözlüyünün xilaskar cəhəti vardı: kassadakı qızıllar oğruları da cəzb edirdi. İfadəli desək: eynilə, cinsi sahiblənmə ehtirasının ancaq şəxsin özünü təslim etməsiylə doyuzdurulması kimi, köhnə xəsisliyin də ehtirası fədakarlıq və itki ilə doyuzdurulurdu. Yeni xəsislər isə zahidliklərini günah kimi yox, fəzilət kimi yaşayırlar. Onlar sığortalıdırlar.

      16

      Nəzakətin dialektikası barədə – Yaranmaqda olan sənaye cəmiyyətinin hər cür insani münasibəti mümkünsüzləşdirəcəyini hiss edən Höte Vilhelm Meisterin səyahət illərində nəzakət anlayışına toxunaraq bu anlayışı yadlaşmış insanları soyuqluqdan xilas edəcək güc kimi təqdim etmişdi. Nəzakət – imtinadan ayrılmayacaq güc. Total qaynaşmadan, ehtirasdan, saf səadətdən imtina edilməliydi. Höte üçün insani olan şey tarixin sorğulanmayan axışını, inkişafın insanlıqdankənar keyfiyyətlərini, subyektivliyin süqutunu öz mübarizəsi kimi qəbul edən özünü təbiyə idi. Di gəl ki, o vaxtdan bu yana baş verənlər hötevari imtinanın bir növ tələbat olaraq görünməsinə yol açacaq qəbildəndir. Bu arada, Höteyə görə nəzakət və insanlıq (bunlar onun üçün eyni şeylər idi) bizi getməkdən qoruyacaq-ları hədlərə özləri gedib çıxmışdılar. Yaxşı bildiyimiz tarixi bir an var. Nəzakətin tarixi anı. Burjua fərdinin özünü mütləqiyyətçi gücün qarmağından xilas etdiyi an. Fərd azad və təkbaşınadır. Sadəcə özüylə hesablaşır. Digər tərəfdən, mütləqiyyətin yaratdığı iyerarxik hörmət və düşüncəlilik də köhnə iqtisadi əsaslarından və qorxuducu gücündən sıyrılsa da, hələ imtiyazlı qrupların içərisində bir yerdə yaşamağın dözüləcək həddinə qarışacaq qədər varlığını qoruyub saxlamışdır. Mütləqiyyət və liberallıq arasında ilk baxışda paradoks kimi görsənən bu qarşılıqlı cazibətəkcə Vilhelm Meisterdə deyil. Onu Bethovenin ənənəvi bəstəkarlıq əsərlərinə qarşı münasibətində, hətta məntiqdə Kantın obyektiv bağlayıcı ideyaları subyektiv kimi təqdim etməsində də görə bilərik. Bethovenin dinamik, dağıdıcı gücə malik işlərinin içində, Kantın sxolastik kateqoriyaları şüurun vahidliyindən deduksiyasında açıq-aşkar özünü göstərən “nəzakətanə” istiqamət var. Nəzakətin şərti əvvəlki möhkəmliyini və bütövlüyünü çoxdan itirmiş, ancaq yenə də varlığını sürdürən qarşılıqlı razılaşmadır (konvensiya). Bu qarşılıqlı razılaşma bərpası müşkül dağıntılar halında sadəcə formaların parodiyasında öz varlığını sürdürür: cahillərin istifadəsi üçün necə gəldi hazırlanmış, yaxud keçmiş dövrlərdən yığılmış etiket qaydaları çələngi. Qəzetlərin könüllülük prinsipində işləyən davranış qaydaları məsləhətçilərinin gəvəzələ-dikləri növdən qaydalar. Dişlə-dırnaqla yaradılan nəzakət və qarşılıqlı razılaşma indi ancaq sürücülərin və başqa radio dinləyicilərin qulaq konformizminə xidmət edir. Mərasim başa çatdı. Bu, nəzakət üçün ilk baxışda faydalı hesab oluna bilər. Nəzakət avtonomsuzluqdan məhrum ziyanxor ölçüdə yad hər meyardan təmizlənəndə bir gözlənti yaranır: hər bir insani halın özünəməxsus tələbatlarının nəzərə alınması. Bununla belə, bu cür müstəqilləşmiş nəzakət nominalizmin hər konteksdə qarşılaşacağı çətinliklərin ortasında tapacaqdır özünü. Nəzakət birbaşa mərasimyana razılaşmalara tabe olmaq deyil. Humanistlər də nəzakətin bu cür qəbul edilməsinə ironik yanaşırdılar. Nəzakətli davranış – öz tarixi mühiti qədər paradoksal bir şey idi. O, razılaşmanın hökmdən düşən iddiaları ilə fərdin özbaşına cəhdləri arasında bir uzlaşma – mümkünsüz uzlaşma – istəyirdi. Nəzakətli davranışın yeganə meyarı razılaşma idi. Razılaşma nə qədər gücdən düşmüş olsa da, fərdi haqq iddiasının mənşəyindən ibarət universalı təmsil edirdi. Nəzakət fərqliliklərin fərqləndirilməsidir. Şüurlu ayrılmalardan ibarətdir. Müstəqilləşmiş–fərqləndirilmiş, universallaşmamış – nəzakət fərdin qarşısına mütləqlik kimi çıxarsa, o, fərdin marağını özünə çəkə bilməz və nəhayətində, mütləq fərdə kobudluq etmiş olar. СКАЧАТЬ