Sənət əbədidir, ömür amanat. Ариф Алиев
Чтение книги онлайн.

Читать онлайн книгу Sənət əbədidir, ömür amanat - Ариф Алиев страница 4

Название: Sənət əbədidir, ömür amanat

Автор: Ариф Алиев

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243727 

isbn:

СКАЧАТЬ Yox? Lap əla. Qapı döyülsə, sən yatağa gir, anan yaxınlaşsın.

      – Anam gəzə bilmir. İflicdir.

      – Hə?.. – rejissor duruxdu. – Onda… Heç kim yaxınlaşmasın. – Guya NKVD gəlsəydi, qapının açılmadığını görüb geri qayıdacaqdı. – Birisigün saat altı üçün gəl teatroya. Başları çox qarışıq olacaq, yadlarına düşməzsən. Lap düşsən də, bütün respublika rəhbərliyi burada ola-ola sənin kapitanının artıq-əskik hərəkət eləməyə cürəti çatmaz. Sonrası da… Allah kərimdir. Di dur, düşək zala.

* * *

      Məşq bitəndə hava qaralmışdı. Rejissor qalan işlərini də sahmanlayıb assistenti Turabova, hər iki rəssama axırıncı göstərişlərini verib, sabah saat 12-də yığışmaq şərti ilə aktyorları evə buraxıb otağına getdi. Qovluğunu stulun üstünə atdı, ətəyi topuğuna çatan geniş, boz plaşını geydi, əl atıb şlyapasını asılqandan götürdü… Və yerində quruyub qaldı.

      Kimsə şlyapanın altında ağ divara qırmızı qələmlə Ars longa, vita brevis yazmışdı. Əlbəttə ki, rejissoru karıxdıran sənətin əbədi, həyatınsa qısa olması haqqında naməlum şəxsin divara həkk etdiyi aforizm deyildi. Hippokratın bu kəlamını ona Bakıda texnikumda, Moskvada institutda oxuyanda müəllimləri, təcrübə keçdiyi Vaxtanqov adına teatrda, Bədaye Teatrında ustadları az qala əzbərlətmişdilər. Ədil İskəndərovu hansısa teatr işçisinin icazəsiz onun kabinetinə girmək, rejissorla belə zarafat etmək cəsarətində bulunması heyrətə salmışdı. Ümumiyyətlə, burada heç kimlə zarafatı yox idi, hamı ilə arada məsafə saxlayırdı, təkcə Ülvi Rəcəblə yoldaşlıq edirdi. Onu da 37-ci ilin sentyabrında aparandan sonra Sidqi Ruhullayla yaxınlığı vardı. Qalanlar, cavan-yaşlı, ondan çəkinirdilər, tələbkarlığını, xasiyyətinin tünd olduğunu bilirdilər. Sidqi deyirdi ki, sənin uzaqdan gəldiyini görəndə bizim qocaman aktyorlarımız da siqaretlərini ciblərində söndürürlər.

      Axı bu hoqqabaz kim ola bilərdi? Özü də, iblisə bax, gör harda yazıb!

      Truppada onu istəməyən, ayağının altını qazıyan, hətta “yuxarılara” donos yazanlar vardı. Ədil İskəndərov bunu bilir, “xeyirxah”larından bəzilərini tanıyırdı. Kimi yaratdığı dəmir intizamdan, kimi tamaşalarda az rol almasından narazı idi, kimininsə sadəcə əli öyrəşmişdi. Ancaq heç kim bağlı qapısına açar salmağa, kabinetinə gizlicə girməyə ürək etməzdi!

      Belə çıxır ki, bu qoçaq kənar adam idi?

      Ədil İskəndərov ağlına gələn fikirdən özü də eyməndi. Çönüb diqqətlə yazı masasının üstünə nəzər saldı. Rejissora elə gəldi ki, əşyalarına toxunublar, qovluqlarını açıb eşələyiblər. Bir-bir masanın siyirmələrini çəkib yoxladı. Burada da qurdalanmışdılar. Heç nə götürülməmişdi, amma hər şeyə kənar adamın əli dəydiyi şəksiz idi.

      Teatrda cəmi iki kənar adam vardı: kapitan və köməkçisi.

      Ədil İskəndərov plaşını çıxarmadan kresloda oturdu.

      “Deməli, onlar sadəcə çardağa-zirzəmiyə, girişə-çıxışa nəzarət etmək üçün bura gəlməyiblər. Nəsə axtarırlar, imsiləyirlər və bir iz götürsələr, yazıq Mədinə demiş, heç əl çəkənə oxşamırlar. Onda belə aydın olur, kapitanı nə Mədinə, nə söhbətə çağırdığı qeyriləri yox, mən maraqlandırıram? Mədinə isə elə-belə, əyləncə, bəlkə də, gözdən pərdə asmaq üçündür? Amma nə iz? Hardan oldu iz? Bakıya gəldiyim cəmi iki ildir. Üç tamaşa qoymuşam: Korneyçukun “Platon Kreçet”i əsasında “Polad qartal”, Mirzə İbrahimovun “Həyat”ı, indi də Səməd Vurğunun “Vaqif”i. Hər üçü hörmətli, adlı-sanlı, ordenli sovet müəllifidir. Başqa ölkələrdə qastrollarda olmamışam. Özüm, demək olar ki, heç nə yazmamışam. “Həyat” haqqında bir kiçik məqaləm çıxıb, vəssalam. Bəs onda bu “siçan-pişik” oyunu, gizli axtarış, divarda yazılan aforizm nəyə lazımdır? Xəbərdarlıqdır, yoxsa hədə? Bəlkə, bəy oğlu olmağım yadlarına düşüb? Ola bilərmi ki, həbs olunmuş aktyorlar istintaqda adımı çəksinlər? Ya hardasa, nəsə ağzımdan qaçırmışam, donosbazlar çatdırıblar? Yaxud da heç deməmişəm, yenə çatdırıblar. Dayan, axı Mədinə deyirdi ki, ondan Səməd Vurğunla nə danışdığımı soruşublar… Bəlkə, iş mənim yox, Səmədin başındadır? Mən kiməm ki? Hopp eləyib götürər, sonra nə qədər istəsələr, axtarış apara bilərdilər”.

      Cavabsız suallardan başı şişmiş rejissor saatına baxdı. Zinaida ilə vədələşdikləri vaxtdan 10 dəqiqə keçirdi. Yerindən durub yolu daha yaxın olsun deyə teatrın Şaumyan küçəsinə çıxan əsas qapısına tərəf getdi. İdris kişi qapını açana qədər gözucu qarderobda divara vurulmuş lövhəyə nəzər saldı. Lövhədən ehtiyat açarlar asılmışdı. Onun otağının açarı yerində deyildi.

* * *

      9 Yanvar küçəsində Ədil İskəndərov fikirli-fikirli yolu keçəndə hay-küylə üstünə gələn tramvayın altında qalmamaq üçün geri sıçradı. Tramvaydan sallanan uşaqlar bərkdən gülüşüb əlləri ilə ona burun göstərdilər.

      Rejissor yolun qarşı tərəfindəki Rus Dram Teatrının binasına baxdı. Zinaida girişdə gözləməli idi. Hə, qız orada idi, yaxşı ki başı kiminləsə söhbətə qarışmışdı, onun necə gülünc vəziyyətə düşdüyünü görməmişdi.

      Hələ on doqquzuncu əsrdə milyonçu tacir Hacı Həşim Kərimovun anbar kimi tikdirdiyi, sonra onun oğlunun məşhur “Mikado” sinematoqrafına çevirdiyi, 1918-ci ildən isə teatr kimi istifadə olunan bu bina uzun müddət Malağan bağının ətraf ərazisinin yaraşığı sayılırdı. Hər iki yan küçəyə çıxan hündür, şəbəkəli tağlar, yüngül qapılar, bəzəkli yivkəsənlər, ikinci mərtəbənin geniş eyvanı və bütün bu gözəlliyi tamamlayan çin-yapon üslubunda günbəz bakılıların gözünü oxşayırdı. Amma 20-ci illərin təmiri nəticəsində bina qorxunc hala salınmışdı. İndi o, teatrdan çox, həbsxanaya oxşayır, bununla belə, sovet konstruktivizminin “şedevri” kimi təqdim olunurdu. Zinaida Teatr Texnikumunun aktyorluq fakültəsində oxuyur, eyni zamanda burada işləyirdi.

      Ədil İskəndərovun 21 yaşlı gənc aktrisaya münasibəti olduqca ciddi idi. O dərəcədə ciddi idi ki, evlənmək istəyirdi. Qızdan çox xoşu gəlirdi, hətta, demək olar, vurulmuşdu, amma digər işlərdə olduğu kimi, bu məsələdə də sadəcə hisslərə uymurdu. Onun gələcək həyat yoldaşı haqqında təsəvvürlərindən ibarət 23 bəndlik siyahısı vardı. Zinaida bütün bəndlər üzrə – xarici görünüşünə, yaş fərqinə, təhsilinə, xasiyyətinə, tərbiyəsinə, dünyagörüşünə görə həmin təsəvvürlərə tam uyğun gəlirdi…

      Ədilin yaxınlaşdığını görən Zina rəfiqəsi ilə sağollaşıb onun qoluna girdi. Qoqol küçəsi ilə üzüyuxarı qalxdılar. Rejissor bu axşam qızı evdə valideynlərinin tez gözlədiklərini bilirdi, Saratovdan qohumları gəlmişdi. (Zernovlar ailəsi 30-cu illərin əvvəllərində bu şəhərdən Bakıya köçmüşdü.) Ədil fikir verdi ki, bununla belə, gecikdiyinə görə Zina ona irad tutmadı, hərçənd qanının qara olduğu sezilirdi.

СКАЧАТЬ