Название: Gələcəyə ön söz
Автор: Qulu Məhərrəmli
Издательство: Altun Kitab
isbn: 9789952244090
isbn:
Onda R.Hüseynov hələ deputat deyildi, amma elə deputat kimi səsi hər yerdən gəlirdi, istedadı və işgüzarlığı ilə çox işləri yarıdırdı. Mətbuat adamlarının gur olduğu toplantılarda onu da tez-tez görmək mümkün idi. Zatən, özü də jurnalistlik edirdi, «Amerikanın səsi» nin təmsilçisi kimi maraqlı reportajlar, müsahibələr hazırlayırdı. İndi də əlinə Milli təhlükəsizlik nazirindən faydalanmaq fürsəti düşmüşdü. Əsas müzakirə mövzusu isə Azərbaycan-İran münasibətləri idi.
– Namiq müəllim, üzdə deyilənləri başa düşürük, bəs, əslində, bizim İranla münasibətlərimizin gerçək vəziyyəti necədir?
– Mən mətbuatı izləyirəm. Yazılanlardan bu qənaətə gəlirəm ki, münasibətlərimiz, hər halda, normaldır, – dedi və gülümsündü, yəni mesaj verdi ki, «incə damar» taktikası keçərli deyil. Sonra bizim ona məlul-məlul baxdığımızı görüb əlavə etdi:
– Bilirsiniz, dövlətlər səviyyəsində münasibətlər, həqiqətən, normaldır. Amma İran rəsmiləri çox kiçik şeylərdən qıcıqlanırlar. Məsələn, üç gün əvvəl Elçibəy Güneylə bağlı bir bəyanat verib, oralarda aləm dəyib bir-birinə, Tehranda səfirimizi çağırıb nota veriblər.
Namiq müəllim bunları dedi, sonra qayğılı-qayğılı əlavə etdi ki, gərək belə şeylər olmasın!
– Niyə, ay Namiq müəllim, əksinə, bu cür bəyanatlar olmalıdır ki, İran özünü yığışdırsın, – bunu da R.Hüseynov özünəməxsus emosionallıqla dedi. Sonra da eyni ahənglə bunları əlavə etdi:
– Tehran qəzetləri gündə bir iftira yazır, hökumət bəlli səbəblərə görə bunlara cavab vermirsə, qoy, heç olmasa, ictimai təşkilatlar, ayrı-ayrı xadimlər danışsın. Yoxsa biz dinmirik, onların da ayağı yer alır.
Namiq müəllim ani pauza verib bizi sınayıcı nəzərlərlə süzdü. Bircə kəlmə ilə bu mövzunu yekunlaşdırmaq işarəsi verdi:
– Mənim etirazım yoxdur, bir faydası varsa, münasibətləri korlamırsa, gəlin elə gündə bir bəyanat verək. Məsələ bir az başqa cürdü, İranla öcəşmək ciddi təhlükədir, onunla ağıllı və incə davranmaq lazımdır.
Həqiqətən, İran elə-belə dövlət deyil, real təhlükələrə baxmayaraq dünyanın ən qüdrətli ölkəsi ilə münaqişə aparır. Bir əli Rusiyanın və Çinin ətəyindədir. Ölkədə düymədən tutmuş, təyyarəyədək hər şey istehsal edilir, tükənməz yanacaq ehtiyatı var. Bir çox islam ölkələrinə maddi yardım göstərir, ərəb rejimlərini dəstəkləyir, Yaxın Şərqdəki radikal, dini-hərbi təşkilatlara təsir edə bilir. Qafqazda və Xəzər hövzəsində geosiyasi maraqlar uğrunda çarpışır. Güclü hərbi rejimi, ordusu, ən müasir silahları, təsirli ideologiyası var. Onun nüvə silahına iddialı olması bütün dünyanı qarışdırıb. Əlbəttə, bunlar o demək deyil ki, biz Tehrandan qorxub-çəkinək. Amma o deməkdir ki, Azərbaycan İranla incə davranmalıdır.
Tale İran və Azərbaycanı çox nöqtələrdə birləşdirib. Bizim müştərək tariximiz, mədəniyyətimiz, dinimiz vardır. İntəhası, siyasi maraqların parçalanması iki ölkə arasında müəyyən çat yaradıb. Amma diplomatiya ondan ötrüdür ki, bu çatları bərpa edə bilsin. Təəssüf ki, son 20 ildə İranda da, bizdə də bir çoxları ölkələr arasındakı bu çatları daha da dərinləşdirməyə çalışır. Bu gün Azərbaycanda Cənubdakı soydaşlarımızın problemlərindən əndişələnən gerçək vətənpərvərlər az deyil, amma bu mövzunu siyasi oyuncağa çevirən balaca siyasətçilərin sayı onlardan qat-qat çoxdur. Onların Güneylə bağlı bəyanatları və Tehran rejimini ittiham etmələri populizmdən başqa bir şey deyildir. İllüziyalara qapılmayın, İran heç vaxt parçalanmayacaq. Bu dövləti parçalamaq istəyən bütün imperiyaların çöküb tarixə gömüldüyünü görmək lazımdır. ABŞ və Avropa da sizləri çaşdırmasın: onlar İranı parçalamaq yox, rejimi dəyişmək istəyirlər.
Dünyada heç nə səbəbsiz baş vermir. Bir yanlış hərəkət başqasını doğurur. Bu baxımdan İranla bizim aramızda gedən söz davası psixoloji müharibədən başqa bir şey deyil. Son günlər bu müharibənin yeni savaşı birbaşa hər iki ölkənin müstəqilliyinin inkarına yönəlib. Bizim üçün xüsusi qorxu yaradan bu absurddan əl çəkməli, İranı özümüzə «birləşdirmək» fikrindən vaz keçməliyik. Eyni zamanda Qərbə İran bizi sıxır mesajının mənasızlığını anlatmalı və Tehrandakı siyasi nadanların toruna düşməməliyik.
Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri
və bu tezislər ətrafında yaradılmış süni qalmaqal haqqında
Yenə vurhavur, yenə hay-həşirdir. Yenə ölkə mediasında qəzəb dalğası kükrəyir, manipulyasiya qasırğası püskürür, qəzetlər asıb-kəsir, yalanın biri bir qəpiyə gedir. Qaraya boyanmış ekranlardan açılan yaylım atəşləri yenə də millətin başucalığı və qürur yeri olan görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovu hədəfə alıb. Onun Rusiyanın «Rosbalt» saytına verdiyi son müsahibə yazıçıya qarşı yeni və əsassız ittihamlar dalğası yaradıb.
Əslində, cəmiyyət də, Rüstəm bəy özü də, yavaş-yavaş buna alışır ki, o, ağzını açıb danışan kimi xalqımızın daim ayıq olan «növbətçi» vətənpərvər oğul və qızları «həqiqətin» müdafiəsinə qalxır, ilhamlarını uca göylərdən alaraq qəzet səhifələrində və ekranlarda «zərbəçi əmək növbəsi» çəkirlər.
Bəs R.İbrahimbəyov bu dəfə Qarabağ problemi ilə bağlı nə deyib ki, aləm belə qarışıb? Hər gün qəzet aldığım köşkün nurani satıcısı bu sualı yana-yana səsləndirib ətrafdakılara da eşitdirməsəydi, bəlkə, heç adam bu məsələyə belə əhəmiyyət verməzdi:
– «Ay müəllim, bizim savadımız yoxdu, bəlkə, siz biləsiniz! Bu kişi nə deyib axı, oxuyuram görürəm ki, gül kimi söz danışıb də… burda nə var ki? Niyə düşüblər bu kişinin üstünə?!»
Mahiyyətə varanda məlum olur ki, böyük sənətkar, prinsipcə ənənəvi mövqeyindən fərqlənən təzə heç nə deməyib, bəzi dayaz «siyasətçilərin», onlarla həmfikir olan məhəlli «politoloqların», çiçəyi burnunda olan «ekspertlərin» iddia etdikləri kimi, heç bir milli marağa qarşı da çıxmayıb. Əksinə, R.İbrahimbəyov bu müsahibədə əli dünyanın nəbzi üzərində olan müasir düşüncəli bir azərbaycanlı kimi çıxış edir, bir çox işıqlı mətləblərdən, ağrılı siyasi problemlərdən danışır, ciddi ümumiləşdirmələr aparır, məsələyə dünyada gedən tendensiyalar prizmasından yanaşır. Rusca СКАЧАТЬ