Название: Gələcəyə ön söz
Автор: Qulu Məhərrəmli
Издательство: Altun Kitab
isbn: 9789952244090
isbn:
Barış Manço öz televiziya layihələrindən də söz açdı və söhbətin bundan sonrakı hissəsi məni çox heyrətləndirdi. Məlum oldu ki, Yaponiyaya sonuncu səfəri zamanı verdiyi konsertlər çox böyük uğur qazanıb və onu izləyən ölkənin məşhur En-Eyç-Key televiziyası Barışı telekanalda uşaq verilişi aparmağa dəvət edib. Mən hövsələsizlik edib «necə yəni o boyda Yaponiyada veriliş aparmağa adam yoxdur ki…» sualını vermədim, amma Barış bəy sualı baxışlarımdan oxudu. Odur ki əyləşdiyi yerdən sıçrayıb ayağa qalxdı, uzun saçlarına və uca boy-buxununa işarə edərək, «yaponlar məni samuraya oxşadırlar», – dedi. Sonra əyləşdi və uzun barmaqlarını havada yellədə-yellədə sözünə davam etdi:
– Siz baxın, görün ki, bu millət öz gələcəyi ilə bağlı hansı dərinlikləri düşünür. Yaponlar hesab edirlər ki, uşaqlar üçün proqram aparan şəxs, onların yaddaşında şoumen kimi deyil, öz cəsur və qəhrəmanabənzər görkəmi ilə təəssürat yaratmalıdır. Deməli, indidən uşaqlara yol göstərir, kimlərə bənzəmələrini, hansı dəyərləri seçmələrini təlqin edirlər.
Sonra Barış bəy əlavə etdi ki, Yaponiya hökuməti onun iştirak edəcəyi layihənin gerçəkləşməsi üçün xeyli pul ayırır. «Bax mən yapon dilini öyrənməliyəm və dəvət eləyən televiziya mənə yüksək qonorardan əlavə həm də iki müəllim üçün pul ödəyəcək» – Barış bəy bu sözləri çox ləzzətli intonasiya ilə dedi.
Ertəsi gün Barış Manço proqrama yüksək əhvali-ruhiyyədə gəlmişdi. Efirdə onun mahnıları səslənirdi, bütün yaradıcı heyət canlı efirdə şövqlə çalışırdı. Aparıcı İlhamiyyə xanım da məharətlə qurduğu söhbəti və bütövlükdə proqramı gözəl idarə edirdi (Barışsevərlər həmin söhbətin bəzi hissələrini Youtube-da yerləşdiriblər). Bu, «Səhər» in tarixində ən maraqlı verilişlərdən biri idi. Proqrama təkcə tamaşaçılar yox, həmin gün səhər növbəsində olan televiziya işçiləri də nəfəs çəkmədən baxırdılar. Təsəvvür edin ki, proqramın sonuna yaxın Barış bəyi canlı görmək və ondan avtoqraf almaq üçün studiyanın ağzına xeyli adam toplaşmışdı. Bu adamlar sevdikləri insanı studiyadan ta giriş qapısına qədər müşayiət etdilər.
Mən sonralar Barış Manço ilə görüşə bilmədim, amma onun qrupundan tez-tez Bakıya gəlib-gedən dostlardan xəbər tuturdum ki, Barış bəy Yaponiya hazırlıqlarını sürətlə aparır, xalqın dilini, etnoqrafiyasını və bütövlükdə ölkəni öyrənir. Təəssüf ki, vaxtsız ölüm Barış bəyin çox işlərini, o cümlədən Yaponiya layihəsini yarıda qoydu. Amma kaş bu layihə reallaşaydı və biz samuray görkəmli türk sənət adamını gələcək dünyanın sahibləri olan dərrakəli yapon uşaqları arasında görüb bir az qürurlanaydıq. Biz görüntü ilə qürurlanmaqda ikən qıyıq gözlü və iti zəkalı yapon uşaqları ağıllarının üzərinə bir az da B.Mançodan gələn samuray işığını yığacaqdılar. Sonra da bu işığın izi ilə gedib tarixlərini, kimliklərini öyrənəcək, özlərini onlara qürurlu bir keçmiş qoyub getmiş əcdadlarına bənzətməyə çalışacaqdılar…
Yola saldığımız Novruz bayramı günlərində mən nə üçünsə Barış bəylə samuray söhbətini bir də xatırladım. Əslində, bu böyük sənət adamı haqqında yazmağa səbəb varıydı, çünki Etibar bəy hələ bayramdan qabaq zəng edib Barış Manço ilə bağlı xatirələri topladığını və mənim də bir şey yazmağımı istəmişdi. Mən onun aparıcılıq məharəti haqqında yazmağı düşünürdüm. Amma telekanallarda bütün Novruz bayramının iki düşük qəhrəmana – Keçələ və Kosaya bağlanması beynimdə bu samuray söhbətini təzələdi. Axı necə ola bilir ki, min illər boyu xalqın şüurunda, düşüncəsində, davranış və ənənəsində müqəddəslik qazanmış bir bayram iki təlxəyə bağlansın?
Ümumiyyətlə, ruhun və təbiətin oyanması, ilin dəyişməsi, məişətdən tutmuş ətraf aləmədək hər şeyin təzələnməsi, düşüncələrdə barış və mərhəmətin boy atması, ruzinin artması, xeyirin şərə üstün gəlməsini təlqin edən Novruz bayramı, deyəsən, məna və məzmununu itirməkdədir. Qaranlıq otaqlarda yazılan və mayasında haramlıq olan bayağı bayram ssenariləri telekanalların iştirakı ilə gün işığına çıxarılır. Xalq yaddaşındakı Novruz tədricən mahiyyətini dəyişərək, bəsit rejissuralı siyasi teatra çevrilir. Bəs bu teatr bizlərə nəyi aşılayır? Doğrunu, yoxsa yalanı? Çox vacib olan səmimiyyəti, yoxsa riyakarlığı? Ədaləti, yoxsa haqsızlığı? Mən də anlayıram ki, çətin suallardır, amma cavabı asandı: məqsədi gerçək mahiyyəti bayağılaşdırmaq, adamları ələ salmaq, şit zarafatlar və lağlağılarla əyləndirmək olan bir «teatr» öz seyrçilərinə nəyi aşılaya bilər ki?
Bax bu gün küçə tamaşalarında və ekranlarda gördüyümüz Keçəl və Kosa folklorumuzdakı qəhrəmanlar deyil, həmin qurama teatrın personajlarıdır. Həm də kifayət qədər ziyanlıdırlar. O səbəbdən də həvəslə Novruz tamaşalarına gedən və ya gözünü ekrana zilləyən uşaqlarımız bu personajlardan heç bir feyz anlaya bilməz. Axı onların hər ikisi qorxaq və yaltaqdır, qarınqulu və yalançıdır, xüsusən vəzifəli adam görəndə ikiqat əyilənlərdir. Üstəgəl, yumurta döyüşündə heç vaxt udmur, həmişə uduzurlar, deməli yumurtaları boşdur. Bəs onda yumurtası boş olanları biz niyə qəhrəmana çeviririk? Və millətə belə zərərli qəhrəmanlar sırımaq kimlərin ideyasıdır? Bəyəm yaponlar bizdən az bilirlər ki, milli dəyərlərini qəhrəmanların obrazı ilə təbliğ edirlər. Ruhun təzələndiyi bu bahar günlərində üzərində düşünməli olan daha dəhşətli sual isə budur: bəs biz hansı dəyərləri və kimlərin vasitəsilə təbliğ edirik?
İranı Azərbaycana necə birləşdirməli?
Uzun tarixçəsi olan bir sərsəmlik haqqında
İran Azərbaycan üçün həmişə gözlənilməz təxribatlar mənbəyidir, son illərdə Tehran bizlər üçün arzuolunmaz davranışlar nümayiş etdirir. Həm də bunun üçün çox bəsit, amma emosional formalardan istifadə edərək Bakıdakı «görkəmli siyasətçiləri» asanlıqla tora sala bilir. Bu həftə bəzi media qurumlarında hansısa İran qəzetinin çaldığı köhnə bayatıya cavab olaraq səslənən «İranı Azərbaycana birləşdirək» çağırışları da onu göstərdi ki, biz tələyə qoyulmuş pendirə doğru qaçmağa çox tələsirik.
…10-15 il əvvəl, 90-cı illərin sonlarında dünyanın СКАЧАТЬ