Meymun qəbiləsindən Tarzan 1. Эдгар Райс Берроуз
Чтение книги онлайн.

Читать онлайн книгу Meymun qəbiləsindən Tarzan 1 - Эдгар Райс Берроуз страница 7

Название: Meymun qəbiləsindən Tarzan 1

Автор: Эдгар Райс Берроуз

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242447 

isbn:

СКАЧАТЬ nərə çəkib yerindən sıçradı.

      Sabor təcrübəli ovçu idi. Qulağının dibində guruldayan nərə səsi balaca antropoidi vahiməyə salmış, iflic etmişdi. Sabor pəncəsinin bir zərbəsi ilə onu yerə sərdi və ağ meymuna tərəf döndü. Amma Tarzan insan övladı idi. Şirin vahiməli nərəsi nəinki onu iflic etməmiş, əksinə, bütün əzələlərini və beyninin sinirlərini tarıma çəkmişdi. Tarzan başa düşürdü ki, şirə müqavimət göstərməyə gücü çatmayacaq, ancaq hara qaçaydı? Sabor ona sağa-sola bir addım belə atmağa imkan verməyəcəkdi. Arxa isə göl idi. Tarzan sudan qorxurdu, ona yalnız yanğısını söndürmək üçün yaxınlaşırdı. Anası Tarzana heç vaxt gölə girməməyi tapşırmışdı. Həm də dostu Pitanın gölə düşüb necə boğulduğunu bir neçə həftə əvvəl o öz gözləri ilə görmüşdü.

      Sabor ağ meymuna başqa çıxış yolu qoymamışdı. Tarzan ani qərar qəbul etdi və özünü suya atdı.

      O, üzə bilmirdi, gölsə dərin idi. Tarzan dərhal suyun dibinə getdi, amma çapalayıb üzə çıxdı. Sonra yenə batdı. Yenə çıxdı. Nəhayət, başa düşdü ki, suyun üzündə qalmaq üçün nə etmək lazımdır. İt kimi üzməyə başladı. Sabor sahildən çəkilmir, ağ meymunun sudan çıxmasını gözləyirdi. Tarzan qəbiləsini köməyə çağırmaq üçün qıyya çəkdi. Meymunlar dərhal bu çağırışa meşədən hay verdilər. Hamıdan bərk Kalanın qışqırığı eşidilirdi: o, balasını səsindən tanımışdı. Sabor bütün qəbilə ilə vuruşmaq fikrində deyildi, ona görə son dəfə nərə çəkib özünü kolluğa vurdu.

      Şir gedəndən sonra Tarzan sahilə çıxdı. Üzməyin ləzzəti və Sabor kimi təhlükəli düşmənlə “qaçdı-tutdu” oyunu uzun müddət onun yadından çıxmadı. Belə macəralar olmadan isə həyat çox yeknəsəq keçərdi.

      Bu əhvalatdan sonra Kala daha Tarzanı gözdən qoymurdu, gecələr də qucağında yatızdırırdı. Sözə baxmayanda bir-iki dəfə balasını yüngülcə şapalaqlamışdı da, amma həmişə onu nəvazişlə yola gətirməyə çalışırdı. Nəhəng vəhşi heç özünə oxşamayan, eybəcər oğlunu dərin məhəbbətlə sevirdi. Tarzan anasına eyni məhəbbətlə cavab verirdi.

      Tublatın isə Kalanı ondan tamamilə soyutmuş bu yad uşağa nifrəti getdikcə artırdı. Əslində, Tarzanın da qoca meymundan zəhləsi gedirdi, atalığının kefinə soğan doğramaq üçün heç bir fürsəti əldən vermirdi.

      Hələ lap balaca vaxtı Tarzan nazik, uzun otlardan kəndir hörməyi öyrənmişdi, onunla oynamağı xoşlayırdı. Bir dəfə Tarzan kəndirini qovaladığı dəcəl meymunun dalınca atdı. Yoğun ipin ucu təsadüfən meymunun boğazına dolandı və dartıb onu ağacdan yerə saldı. Bu, Tarzanın xoşuna gəldi. O başa düşdü ki, hördüyü kəndirdən silah kimi istifadə edə bilər. Bir az da əlləşib kəndirin ucuna ilgək vurmağı öyrəndi. Beləliklə, əsl kəmənd düzəltdi.

      Həmin gündən Tublatın günü qara oldu. Ağaca söykənib gözünü yuman kimi Tarzan onun boğazına kəmənd keçirib boğmağa başlayırdı. Kalanın tənbehləri, Tublatın hədələri vecinə deyildi. Başqa meymunlara isə Tarzanın bu əməlləri ləzzət edirdi. Həmişə qaşqabaqlı, deyingən Tublatdan heç kimin xoşu gəlmirdi.

      Axırda Tarzanın əl-ayağını yığışdırmaq üçün Kerçak özü işə qarışası oldu.

      Bundan sonra Tarzan yeni həvəsə düşdü: əgər o, təzə oyuncağının köməyi ilə özündən qat-qat güclü meymunları ram edə bilirsə, nədən Saboru əsir götürməyə cəhd göstərməsin?

      VI fəsil

      Cəngəllikdə döyüş

      Hərdən meymunların yolu dəniz sahilindəki daxmanın yanından düşürdü, amma alovsaçan qara dəyənəyi unutmadıqları üçün onlar evdən aralı keçirdilər. Tarzan isə Kaladan və dostlarından gizlin tez-tez bura gəlirdi. Daxmanın başına dolanır, dama çıxır, əlini pəncərə qəfəsinin taxta milləri arasından soxub pərdəni aralamağa çalışır, içəri girmək üçün yer axtarırdı. Bu ağzıbağlı böyük qutu Tarzan üçün sonsuz maraq mənbəyi idi. Uşaq onun içində nə gizlədildiyini bilmək istəyir, xəyalında ən fastastik səhnələr cızırdı. Əlbəttə, Tarzan məhz bu yerdə anadan olduğundan xəbərsizdi. Kala demişdi ki, onun atası qəribə ağ meymun olub, amma başqa qadından, hansı şəraitdə doğulduğunu uşaq bilmirdi.

      Bir gün Tarzan qapının dördkünc çərçivəsinə diqqət yetirdi və başa düşdü ki, o, divardan ayrıdır. Xeyli qapının dəstəyini, qıfıl yerini əlləşdirdi, axır ki, onu açmağın yolunu tapdı.

      Tarzan sehrlənmiş kimi uzun müddət yerindən tərpənmədi, nəhayət, gözləri otağın qaranlığına alışdı və o, qorxa-qorxa içəri girib heyrətlə ətrafına baxdı.

      Yerdə, çarpayının üstündə və beşiyin içində üç skelet var idi. Tarzan onlara əhəmiyyət vermədi. Cəngəllikdə belə sür-sümüklərdən çox görmüşdü. Əvvəl daxmadakı qəribə əşyaları, kitabları, silahları, paltarları gözdən keçirdi. Bəzi şeylər zamanın təsirindən və nəmişlikdən çürümüşdü, əl vuran kimi ovxalanıb tökülürdü. Sonra Tarzan dolabın siyirmələrini açdı, içini eşələdi. Buradakı əşyalar daha yaxşı vəziyyətdə qalmışdı. Əlinə bir ov bıçağı keçdi. Parıltısından xoşu gəldi. Bıçağın iti ucu ilə barmağını yaraladı, bir az onunla oynayandan sonra kənara qoydu və axtarışı davam etdirdi. Rəfdən şəkilli bir kitab götürdü. Bu, tanımadığı atasının İngiltərədən gələcək övladı üçün gətirdiyi əlifba idi.

      Tarzan kitabdakı işarələrə, rəsmlərə baxır, heç nə başa düşmürdü. Gəmilər, qatarlar, atlar, inəklər ona maraqlı gəlmirdi – bunların nə olduğunu bilmirdi. Səhifələrin çoxunda özü kimi ağ meymunların şəkilləri vardı. “M” hərfi yazılan səhifədə isə dostlarının rəsmini görüb sevindi. Əlini atıb onlara toxunmaq istədi, amma gerçək olmadıqlarını başa düşdü. Başqa bir səhifədə Tarzan köhnə düşməni Saboru tapdı.

      Necə də maraqlı idi! Onyaşlı Tarzan ömründə belə şey görməmişdi. Başı kitaba elə qarışmışdı ki, havanın necə qaraldığına fikir verməmişdi.

      Daha qaranlıqda şəkilləri aydın görmək olmurdu. Tarzan kitabı yerinə qoydu. Bıçağı dostlarına göstərmək üçün özü ilə götürüb otağın qapısını örtdü. İstəmirdi ki, kimsə daxmanın sirrini bilib bu xəzinəni talan etsin. Meşəyə tərəf qaçdı.

      Tarzan cəngəlliyə girən kimi kolluqda tərpəniş hiss etdi. Oradan nəhəng bir heyvan çıxıb ağ meymunun yolunu kəsdi. Bu, qorilla Bolqani idi. Səhərdən meşədə özünə yemək axtaran, amma gün ərzində əlinə bir şey keçməyən ac Bolqani qəzəblə Tarzana baxırdı. Qaçmağa imkan yox idi. Tarzan başa düşdü ki, həyatını xilas etmək üçün vuruşmalı olacaq. Odur ki Bolqani nərildəyə-nərildəyə onun üstünə cumub СКАЧАТЬ