Sonuncu mogikan. Джеймс Фенимор Купер
Чтение книги онлайн.

Читать онлайн книгу Sonuncu mogikan - Джеймс Фенимор Купер страница 1

Название: Sonuncu mogikan

Автор: Джеймс Фенимор Купер

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242003 

isbn:

СКАЧАТЬ ction>

      I fəsil

      Şimali Amerikada fransız və ingilis müstəmləkələrini ayıran sərhəd boyunca geniş torpaqlar uzanır. Qorikan gölünün saf suları burada Şamplen gölünə qovuşur. Bu göllərin sahillərində alçaq, meşəli dağlar görünür.

      Bu gözəl yerlərə sahib olmaq uğrunda 1755–1763-cü illərdə ingilislər və fransızlar arasında amansız müharibələr getmişdi. Bu iki dövlət onların heç birinə aid olmayan bir əraziyə ağalıq etmək istəyirdi. Burada danışacağımız hekayət həmin müharibənin üçüncü ilinə təsadüf edir.

      Fransız qoşunları hindularla birləşərək ingilislərə bir neçə döyüşdə qalib gəlmişdi. İngilislər özlərini itirmişdilər. Onlara elə gəlirdi ki, Şimali Amerikadakı ingilis müstəmləkələrinin çoxu yaxın vaxtlarda fransızların əlinə keçəcəkdir. Uğursuzluqlardan gözü qorxmuş ingilis generalları fransızların qarşısına çıxmağa cürət etmirdilər, düşməni öz istehkamlarında qarşılamağı üstün tuturdular.

      Hudzon çayı ilə göllər arasındakı yaylanın cənub hissəsində ingilislərin Eduard fortu1 yüksəlirdi. Qaladakılara xəbər çatmışdı ki, fransız generalı markiz Monkalm böyük bir qoşunla Şamplen gölünə yaxınlaşır. Bu xəbəri qalaya bir hindu gətirmişdi. Bu qasid ingilislərə məxsus Uilyam-Henri fortunun komendantı Munronun xahişini də düşərgə rəisinə yetirmişdi. Munro xahiş edirdi ki, onun köməyinə təcili olaraq qoşun dəstəsi göndərilsin. Onun istehkamında bir nizami polk və könüllülər dəstəsi qalmışdı. Fransızların hücumunu dayandırmağa onların gücü çatmazdı.

      Eduard fortunun komendantı general Vebb idi. Onun komandanlığı altında minə qədər adam vardı. Amma general Vebb müxtəlif yerlərə səpələnmiş dəstələrini bir yerə cəmləsəydi, fransızlardan iki dəfə çox əsgərə malik olardı.

      Səhər təbillərin səsi dumanlı havanı yarıb ətrafa yayıldı. Düşərgədə həyat qaynamağa başladı. Səfərə hazırlaşan əsgərlər dəstə-dəstə sıraya düzüldülər. Sağ cinahda kral əsgərləri, sol cinahda könüllülər düzülmüşdülər.

      Budur, kəşfiyyatçılar yola çıxdılar. Bir qədər sonra köməyə gedən əsas dəstə də onların arxasınca hərəkət etdi. Onlar səfər sursatı yüklənmiş arabaların arxasınca addımlayırdılar. Az sonra dəstələr meşə yolunda görünməz oldu. Təbillərin səsi uzaqlarda eşidilməz oldu.

      Düşərgədə, general Vebbin evinin qabağında yaxşı yəhərlənmiş üç at dayanmışdı. Atlardan birinin yəhərindən zabit tapançasının qoburu asılmışdı.

      Kənarda dayanıb baxan adamlardan biri öz qəribə görkəmi ilə seçilirdi. Yöndəmsiz adam idi. Ayağa duranda hamıdan hündür olurdu, oturanda isə başı bədəninə qısılır və o birilərdən balaca görünürdü.

      Düşərgəyə bəd xəbər gətirmiş hindu da bir kənarda dayanmışdı. Onun sifətindən döyüşkənlik və məğrurluq yağırdı, gözləri buludların arasında parlayan ulduz kimi yanırdı. Hindu tomahavk2 və xəncərlə silahlanmışdı.

      Birdən generalın xidmətçiləri əl-ayağa düşdülər. İki qız zabit geyimli bir gəncin müşayiəti ilə atların yanına gəldi. Hiss olunurdu ki, qızlar uzaq səfərə hazırlaşmışdılar. Hər ikisinin üzündə yaşıl rəngli ipək vual3 vardı, simalarından və hərəkətlərindən zəriflik və nəciblik yağırdı. Bunlar polkovnik Munronun qızları idi, atalarının yanına yollanırdılar.

      Gənc zabit qızların ata minməsinə kömək etdikdən sonra qıvraq hərəkətlə öz atının belinə sıçradı.

      Onlar eyvana çıxmış general Vebbə təzim etdilər və atların başını şimal darvazasına sarı yönəltdilər. Bayaqdan sakit dayanmış hindu atını sürüb onların yanından ötdü və qarşıya çıxıb yolla irəlilədi.

      II fəsil

      ‒ Bu hindu bizim dəstənin bələdçisidir, ‒ deyə atlı zabit qızlara tərəf döndü. ‒ Özü də qəbiləsinin qəhrəmanıdır. Bizi gizli cığırla aparıb gölün sahilinə – atanızın yanına çıxarmağa söz vermişdir. Uilyam-Henri fortuna yollanan dəstənin hansı yol ilə gedəcəyəni hamı bilir. Bu cığırı isə çox az adam tanıyır. Mənzilbaşına dəstəmizdən tez çatacağıq.

      ‒ Sizin bu hindu mənim xoşuma gəlmir, ‒ deyə kiçik qız cavab verdi. ‒ Siz onu yaxşı tanıyırsınız, Dunkan?

      ‒ Tanımasaydım, bələdçiliyə götürməzdim. Onun adı Maquadır. Bu hindu bizim müttəfiqimizdir.

      Qız dedi:

      ‒ Mayor Heyvord, xahiş edirəm onunla söhbətə başlayın. Mən onun səsini eşitmək istəyirəm. Mən hər bir adama səsinə görə qiymət verə bilirəm.

      ‒ Onunla danışaram, miss Munro, lakin o, qısa nidalarla cavab verəcək… Dayanın, bələdçimiz atını saxladı.

      Atlılar hərəkətsiz dayanmış bələdçiyə yaxınlaşdılar. Birdən yaxınlıqdan at ayaqlarının tappıltısı eşidildi. Bacılar – Alisa və Kora atlarının cilovunu dartdılar. Kolların arasından bir atlı çıxdı. Bu, qaladakı döyüşçülər arasında vurnuxan həmin yöndəmsiz, məzəli kişi idi. Onun atın belində oturuşu da, atın yerişi də qəribə idi. O yaxınlaşıb istidən pörtmüş sifətini üçkünc şlyapası ilə yelpiklədi.

      Dunkan dedi:

      ‒ Hərgah siz gölə tərəf gedirsinizsə, onda yolu azmısınız. Oraya gedən yol buradan azı yarım mil arxada qalmışdır.

      ‒ Elədir ki var. Amma mən belə güman edirəm ki, sizin kimi bir centlmen yolçulara daha yaxşı rəhbərlik edə bilər. Sizə qoşulmağa məni vadar edən bu mülahizədir. Bir də ki sizinlə yol getmək mənim üçün daha xoş olar. Çünki bir-birimizlə söhbət edə bilərik.

      Heyvord bu sözlərdən hirsləndi:

      ‒ Bu nə özbaşınalıqdır! Axı siz kimsiniz?!

      ‒ Mənim adım Daviddir. İşim yalnız Zəbur4 oxumaq və Allaha dua etməkdir.

      Atlının görkəminə yaraşmayan bəlağətli danışığı Alisanı şənləndirdi:

      ‒ Deyəsən, bu, müğənnidir. Əgər belədirsə, mən onu xüsusi himayəm altına almağa hazıram! Bəsdir, Heyvord, qaşqabağınızı tökməyin.

      Alisa yad adamı əli ilə yanına çağırdı, ona zarafatla müraciət edərək:

      ‒ Biz sevdiyimiz mahnıları birlikdə oxuyub səfərimizin xoş keçməsinə kömək edərik, – dedi. – Çox istərdim ki, maestro mənim səsim haqqında öz fikrini desin.

      David atını Alisanın atına bir az yaxın sürərək:

      ‒ Yəqin, sizin çox xoş və zəngin soprano səsiniz var, – dedi. – Ahəng gözəl olsun deyə gərək dörd adam oxusun. Mən bir az özümə güc versəm, ən yüksək tenor notları götürə bilərəm. Bu gənc zabitin səsi, gərək ki, basdır.

      Alisa soruşdu:

      ‒ Siz yalnız dini mahnılar oxuyursunuz?

      ‒ Elədir ki var. Davudun Zəbur nəğmələrinin melodiyası dünyada eşitdiyim bütün nəğmələrin musiqisindən üstündür.

      David bu sözləri deyərək cibindən balaca bir kitab СКАЧАТЬ



<p>1</p>

Fort – hərbi qala, istehkam

<p>2</p>

Tomahavk – hinduların döyüş baltası

<p>3</p>

Vual ‒ Avropa qızlarının üzlərini örtmək üçün şlyapanın qabaq hissəsinə bərkitdikləri torlu parça, yaşmaq

<p>4</p>

Zəbur – dini əsatirə görə, Allah tərəfindən Davud peyğəmbərə göndərilən kitab