Название: Şahzadə və dilənçi
Автор: Марк Твен
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952240658
isbn:
– Sən məndən ötrü nə üçün əziyyət çəkəsən? Qoy bu donuzlar acıqlarını tək məndən çıxsınlar.
"Donuzlar" bu sözü eşitcək elə qızdılar ki, şahzadənin üstünə düşüb onu amansızcasına kötəklədilər. Qızları və ananı da ona yazığı gəldiyi üçün döydülər.
Kenti əmr etdi:
– Hə, indi hamınız gedib yata bilərsiniz! Bu komediya məni lap yordu.
İşığı söndürüb yataqlarına uzandılar.
Tom Kentinin anasını fikir götürmüşdü, yata bilmirdi. İncə ana duyğusu ona deyirdi ki, bu uşaq onun deyil, yaddır. Nəhayət, qadın uşağı sınaqdan keçirmək istədi. Ancaq necə? Ananın yadına düşdü ki, Tom Kenti balaca ikən gözü qabağında barıt partlamışdı, ondan sonra qəfil bir şeylə rastlaşanda əli ilə gözünü tutardı. Gözünü başqaları kimi ovcunun içi ilə deyil, əlinin dalı ilə tutardı. Yatdığı vaxt onu diksindirsən, o mütləq bu qəribə hərəkəti edəcək.
Qadın şamın şöləsini əli ilə tutdu və yavaşca yatan uşağa yanaşıb ehtiyatla onun üstünə əyildi, şamı lap onun gözləri qabağına tutdu və əlini işıqdan çəkdi. Sonra onun qulağının dibində barmağı ilə döşəməni taqqıldatdı. Yatmış uşaq gözlərini geniş açdı, təəccüblü nəzərlərlə ətrafına göz gəzdirdi, ancaq heç bir qəribə hərəkət göstərmədi.
Yazıq qadın heyrət və kədərdən az qala huşunu itirəcəkdi. "Yox, ola bilməz, əlləri ki dəli deyil. Onlar adət etdiyi vərdişdən əl çəkə bilməz".
Qadın bu qəmli fikirlərdə ikən birdən qapı bərkdən döyüldü. Con Kenti xorultusunu kəsib qışqırdı:
– Kimdir? Nə lazımdır?
Kim isə cavab verdi:
– Dəyənəklə vurub yıxdığın adamın kim olduğunu bilirsən?
– Bilmirəm, heç bilmək də istəmirəm.
– Bir azdan sonra başqa hava çalarsan. Canını qurtarmaq istəyirsənsə, qaç. O adam can verir. O bizim keşiş Endrüdür.
Con Kenti yerindən sıçrayıb ailəsini oyatdı və xırıltılı səslə dedi:
– Cəld qalxın, buradan qaçın. Qalsanız, məhv olacaqsınız.
Beş dəqiqə keçməmiş Kentinin bütün ailəsi canını qurtarmaq üçün küçə ilə qaçırdı. Con Kenti şahzadənin əlindən tutub qaranlıq döngələrlə aparırdı. O, ailəsinə tapşırdı:
– Bir-birimizi itirsək, qoy hər kəs London kör-püsünə tərəf getsin, körpünün qurtaracağındakı dükanın yanında görüşərik.
Bu vaxt Kentinin ailəsi gözlənilmədən qaranlıqdan işıqlı bir yerə çıxdı və çayın sahilinə yığışmış camaatın içərisinə düşdü. Adamlar oxuyur, oynayır, çalıb-çağırırdılar. Temza çayı boyu tonqallar yanırdı. Burada o və onun ailəsi qaynaşan adamlar içərisində itib-batdı və bir-birindən ayrıldılar.
Con Kenti şahzadənin əlindən bərk-bərk yapışmışdı. O, camaatın içərisinə soxulmaq istəyəndə bir qayıqçıya bərk toxundu. Qayıqçı yekə əli ilə Conun çiynindən yapışdı:
– Dostum, hara belə tələsirsən? Camaat bayram etdiyi vaxtda sənin qanın niyə qaradır?
Kenti onun sözünü kəsərək kobudcasına dedi:
– Başqasının işinə qarışma, yol ver, keçim.
– Yox, qardaşım, iş ki belə oldu, Uels şahzadəsinin sağlığına içməyincə səni buraxmayacağam, – deyə qayıqçı qətiyyətlə onun yolunu kəsdi.
– Onda bir piyalə ver gəlsin, tez ol, tez ol.
Bu arada başqa əyyaşlar da onlara yaxınlaşdılar. Bir böyük piyalə gətirdilər. Con Kenti bir əli ilə piyalənin qulpundan yapışdı, o biri əli ilə isə qədim adətə görə qapağı götürməli idi. Beləliklə, bir saniyəliyə şahzadənin əlini buraxmalı oldu. O da yubanmadan onu dövrəyə alan adamların ayaqları altına soxuldu və qaçdı. Bir dəqiqədən sonra onu bu izdihamın içində tapmaq okeana atılmış pulu tapmaq qədər çətin idi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Fartinq- az dəyərli mis pul vahidi
2
Benvenuto Çellini (1500-1571) – məşhur italyan heykəltəraşı və nəqqaşı