Şəmsəddin Eldəniz. Əkbər N. Nəcəf
Чтение книги онлайн.

Читать онлайн книгу Şəmsəddin Eldəniz - Əkbər N. Nəcəf страница 2

Название: Şəmsəddin Eldəniz

Автор: Əkbər N. Nəcəf

Издательство: Altun Kitab

Жанр:

Серия: Tarixi yaradanlar

isbn: 9789952244854

isbn:

СКАЧАТЬ mərkəzi olması idi. Məşhur səyyah Yaqut əl-Həməviyə6 görə, bu şəhər «hər cinsdən (millətdən – müəl.) qulun satıldığı» yer idi.

Şimal ölkələrindən gətirilən və tarixi mənbələrdə adları səkalibə, xəzəri, rumi, erməni, becenaki (peçeneq7), burtasi olaraq qeyd edilən bu qulların sayı minlərlə idi. Qul alverçiləri Dərbənddən aldıqları qullarla birgə Aranın8 (Arran) ovaxtkı paytaxı Bərdəyə hərəkət edirdilər. Burada isə qul karvanlarının yolu iki istiqamətə ayrılırdı: onlardan biri Beyləqandan Azərbaycana və daha cənuba, digəri isə Dəbil (Divin) üzərindən Cəzirəyə (Cənub-Şərqi Anadolu ilə Şimali İraq) doğru xilafətin böyük şəhərlərinə yollanırdılar.

Sözün həqiqi mənasında dövrün beynəlxalq ticarət mərkəzi olan Dərbənddə müsəlman tacirlərlə yanaşı, rum (Bizans), erməni, rus-varyaq və yəhudi tacirlərinin də dükkanları, anbarları vardı. Xüsusilə rus tacirlərinin kobudluqları barədə müsəlman müəlliflərin əsərlərində geniş bəhs edilir. Rus-varyaqlar ağdərili və sarışın slavyan qullarını gəmilərlə İdil-Xəzər su yolu ilə Dərbəndə gətirirdilər. Slavyan qadınları və gənc oğlanları uzun əsrlər rus-varyaqların başlıca ticarət mənbəyi olmuşdur.

Tarixşünaslıqda «slavyan» kimi təqdim edilən ruslar əslində, varyaq tayfasıdır. Onlar IX əsrin ortalarında slayvan topraqlarına yerləşmədən əvvəl İsveçdə yaşayan və gəmiçiliklə məşğul olan bir qövm idi. Varyaq «talançı» deməkdir.

Müsəlman saraylarına, şəhərlərinə, xüsusilə ərəb zadəganlarının sosial həyatına daxil olan yüz minlərlə slavyan qul və cariyə9 əsrlər boyu rusların özü tərəfindən xəzərlər, macarlar, uzlar, peçeneqlər, qıpçaqlar, franklar və bizanslar vasitəsilə müsəlman tacirlərinə satılmışdılar. Belə məlum olur ki, uzun əsrlər qul bazarlarını dolduran slavyanlar orta əsrlərin «ağ zənciləri» idilər.

Bu böyük «canlı sərmayə», yuxarıda da qeyd elədiyimiz kimi, tacirlər tərəfindən əsasən Dərbəndə yönəldilir, ardınca isə Azərbaycandan keçən tranzit yollar vasitəsilə müsəlman şəhərlərinə – Bağdad, Şam, Kufə, Bəsrə, Xama, Qahirə, Fustat, Məkkə və Mədinəyə göndərilirdi. İngilis əsilli amerikalı tarixçi Bernard Levisin də dediyi kimi, şimal ölkələri ilə müsəlman ölkələrinin əsası VII əsrdə qoyulan ticarət münasibətində Rus torpaqlarının məhsulu olan kürk və balla yanaşı, qullar da xüsusi yer tutur, onlar müsəlman bazarlarına çıxarılırdı. XIII əsr tarixçisi və coğrafiyaşünası Zəkəriyya Qəzviniyə görə isə bu qullara maraq o qədər böyük idi ki, Dərbənd qul ticarəti tənəzzül etdiyi zaman şərqdən, qərbdən, cənubdan və şimaldan gələn tacirlər üzlərini Bizans bazarlarına tutdular.

Müsəlman ölkələrinə axışan qul karvanları, sadəcə, Dərbənddən keçmirdi. Xəzərin şərqindən keçən ticarət yolu üstündəki başlıca dayanacaq Xarəzm idi. İdil-Ural üzərindən gələn qullar Xarəzmə gətirilir, buradan Cürcan və Xorasana nəql edilirdi. XI–XII yüzilliklərdə həmin ərazilər səlcuqların əlində idi. XI əsrdə səlcuqlularla qıpçaq, qay və qun türkləri arasında şiddətli döyüşlər baş vermişdi. Bu döyüşlər qul bazarlarında canlanma yaratmışdı. Xüsusilə də Şərqi Çin və Monqolustanda Qarakitay10 dövlətinin ortaya çıxması ilə həmin bölgələrdə məskunlaşan qun, sarı və qaylar yurdlarını tərk edib Mərkəzi Asiya ərazilərinə köç etməyə başladılar. Onların bir qismi Səlcuqlu torpaqlarına üz tutdular və indiki Əfqanıstan ərazisində yerləşən Bəlxdə məskunlaşdılar.

Həmin tarixdə Monqolustandakı yurdlarını tərk eləmək məcburiyyətində qalan və Sırdərya çayı ətrafına gələn tayfalardan biri də Şəmsəddin Eldənizin mənsub olduğu Uran tayfası idi. XII əsrdə uranlar Səlcuqlu dövləti ilə sərhəddə məskən salmışdılar. Onların Monqolustan ərazisində qalan hissəsi isə Çingiz xanın yaratdığı monqol ittifaqına daxil oldular. Yeri gəlmişkən, Çingizin aparıcı sərkərdələrindən biri Subutay da həmin tayfadan idi.

Səlcuqlu dövlətinin tənəzzülü ilə birlikdə Orta Asiyada güclənən Xarəzmşahlar uran tayfalarını da özlərinə tabe etdirdilər. Maraq üçün deyək ki, Xarəzmşah Əlaəddin Məhəmmədin (1169 – 1221) anası Tərkən xatun məhz uranlardan idi.

Qullar barədə başqa maraqlı faktlar

Qullar barədə danışarkən başqa maraqlı faktlara da göz atmaq pis olmazdı. Bu faktlar həm haqqında danışacağımız dövrlə bağlı təsəvvürlərimizi genişləndirər, həm də Eldənizin qulamlıqdan hökmranlığa yüksəlişini dərindən anlamağa kömək edərdi.

Orta əsrlərdə müsəlman ölkələrində qullar daha çox keyfiyyətlərinə görə qiymətləndirilirdi. Bu mənada əsasən iki cür qul vardı:

1. Keyfiyyətli qullar;

2. Keyfiyyətsiz qullar.

Əgər satın alınan qul və cariyə hər hansı xüsusi qabiliyyətə sahib idisə, sənəti vardısa, yaxud ərəb dilində sərbəst danışır, bu dildə mahnı oxuya bilirdisə qiyməti 100 dinardan aşağı deyildi. Əksinə, satın alınan qul və cariyənin hər hansı bacarığı yox idisə, onun qiyməti 2 dinardan başlayırdı.

Qul alverinin də özünəməxsus xüsusiyyətləri vardı. Qul ticarətində ən mühüm şərtlərdən biri satılan cariyənin təmizliyi idi. Məhz bu səbəbdən slavyan cariyələrin qiyməti 2 dinardan yuxarıya qalxmırdı. Bunun səbəbini X əsrin əvvəllərində Volqa bolqarlarının ölkəsinə qədər səyahət edən müsəlman alim İbn Fazlan belə açıqlayır: «Ruslar Allahın ən murdar məxluqlarıdır. Böyük və kiçik abdəstdən sonra təmizlənmirlər. Cənabət11 olduqları halda yuyunmazlar. Yemək yedikdən sonra əllərinə su vurmazlar…»

Bir sözlə, cariyələrin natəmizliyi, dil bilməməsi, yaxşı rəqs etməməsi onların qiymətinə təsir edirdi. Lakin müsəlman tacirlər cariyələri ucuz alıb baha satmağın yolunu tapmışdılar. Belə ki, ərəb tacirlər 2 dinara satın aldığı cariyələrə bir il boyunca yaxşı təlim və təhsil verdikdən sonra onları 100–500 dinar arasında satırdılar. Cariyələrə əsasən dil, mahnı oxumaq və rəqs etmək tədris edilirdi. Bunu bacarmayanlara isə əl işləri öyrədilirdi.

Qul alverçiləri əsasən azyaşlı qullara üstünlük verirdilər. Bunun da səbəbi var idi: belə ki, həmin qulları yetişdirmək, qul alverçilərinin ifadəsi ilə desək, «əhliləşdirmək» asan idi.

Qulların etnik mənşəyi onlardan istifadə edilən zaman mühüm rol oynayırdı. Məsələn, türk əsilli qullar birmənalı şəkildə ordu sıralarına qəbul olunurdu. Slavyan cariyələr saraylara, malikanələrə xidmətçi kimi götürülür, onlar daha çox eyş-işrət, əyləncə məclislərinə cəlb edilirdi. Slavyan oğlanları isə xədim etdirilir və xacə adlandırılır, bundan sonra onlar sahiblərinin xidmətçilərinə СКАЧАТЬ

6

Yaqut əl-Həməvi (1178 – 1229) – Bizans əsilli ərəb coğrafiyaşünası və səyyahı. Maraqlıdır ki, Yaqut əl-Həməvi də Suriya tacirlərindən birinin qulu оlmuş və müsəlmanlığı qəbul etmişdir.

7

Peçeneqlər – 9 –11-ci əsrlərdə Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq

8

Aran ( və ya Arran) – antik yunan mənbələrində Albaniya, süryani mənbələrində Ran və ərəb mənbələrində ər-Ran (Arran) olaraq qeyd edilən ölkə. Aran indiki Azərbaycan Respublikasının ərazisini bütöv şəkildə, həmçinin indiki Ermənistanın və indiki Gürcüstanın (Tiflisə qədər) yarısını əhatə edirdi. Tarix boyunca Aranın ərazisi bəzən genişlənmiş, bəzən isə kiçilmişdir. Aran Atabəyləri dövründə (1119 – 1154-cü illər) Aran böyük bir siyasi qurumun mərkəzi idi. Həmin dövrdə onun paytaxtı Gəncə idi. Eyni zamanda Səlcuqlu şahzadələrinin taxt mərkəzi sayılırdı. Yəni buradakı atabəylərin himayəsinə verilən şahzadələr hakimiyyətin ötürülməsində üstünlük qazanırdılar.

9

Cariyə – keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın (red.)

10

Qarakitaylar – 1125-ci ildə Orta Asiyada qurulan və 1211-ci ilədək mövcud olan monqol dövləti. Paytaxtı indiki Qırğızıstan ərazisində yerləşmiş Balasaqun şəhəri idi.

11

Cənabət – qüsl (su ilə yuyunmaq) tələb olunan hal