Ögedey. Əkbər N. Nəcəf
Чтение книги онлайн.

Читать онлайн книгу Ögedey - Əkbər N. Nəcəf страница 7

Название: Ögedey

Автор: Əkbər N. Nəcəf

Издательство: Altun Kitab

Жанр:

Серия: Tarixi yaradanlar

isbn: 9789952245035

isbn:

СКАЧАТЬ və xahişlərini dinləyirdi. Orduya nəzarət isə Baycu Noyona buraxılmışdı. Özündən çox razı və lovğa olan bu şəxsin ən başlıca arzusu böyük bir qələbə əldə edib monqolların böyük xaqanı tərəfindən mükafatlandırılmaq idi. Buna görə də Baycu Noyon bütün diqqətini Anadoluda ələ keçiriləcək mülklərə istiqamətləndirmişdi.

      1231-ci ilin payızında monqollar indiki Türkiyə ərazisində yerləşən Diyarbəkir, Bitlis, Mardin, Nusayibin, Habur və digər əyalətləri talan etdikdən sonra Ərbilə qədər gəlmiş, lakin burada Ərbil atabəyi Müzəffərəddin Gök-börünün hücüma keçdiyini öyrənincə geri çəkilməli olmuşdular.

      Ömrünün axırlarında hətta qulaqları da eşitməməyə başlayan Çormağunun, demək olar, bütün işlərini Baycu Noyon aparmaqda idi. Rəşidəddin onun haqqında öncə «minbaşı» olaraq bəhs etdiyi halda, 1242-ci il hadisələrindən sonra Baycunu «noyon» adlandırır. Görünür, Baycunun həmin il Anadoluda apardığı işğal siyasəti ona noyonluq titulu qazandırmışdı.

      Beləliklə, monqol komandanı Baycu Noyonun əmrində olan 30 minlik ordu 1242-ci ildə Ərzurumu zəbt edib taladıqdan sonra Muğana qayıtdı. Həmin vaxt Anadolu Səlcuqluları onsuz da monqollara tabe olduğu halda, Baycunun bu hücumunun məqsədi və məramı qaranlıq qalır. Rəşidəddinin fikrincə, onun bu hücumu «fateh» adı əldə etmək üçün idi. Həmin dövrün başqa bir tarixçisi – İbn Bibi də Baycunun Anadolu Səlcuqlu torpaqlarını istila etməsini «şöhrət əldə etmək və hərbi bacarığını təsdiqləmək» arzusu ilə əsaslandırır. Bu qənaətlə razılaşmamaq mümkün deyil. Baş verənlərdən aydın görünür ki, Baycu «noyon» titulu qazanmaq üçün Orta Şərqdə xeyli canfəşanlıq eləmişdi…

      Bütün bu yaşananlardan sonra monqol istilasının qarşısını almaq üçün bölgədə hərbi hazırlıqlar başladı. Anadolu Səlcuqlu sultanı II Qiyasəddin bütün gücünü səfərbər elədi və Baycunun qarşısına çıxmaq üçün 80 minlik ordu topladı. İndiki Türkiyə ərazisində yerləşən Sivas üzərindən keçib Kösədağ deyilən düzənliyə gələn Səlcuqlu ordusu burada qərargah qurdu və monqol ordusunu gözləməyə başladı. Oğuz türklərindən başqa qıpçaq, gürcü, firəng əsgərlərindən qurulan Səlcuqlu ordusu, əslində, bir o qədər də yaxşı təşkil edilməmişdi, üstəlik, ordunun idarəçiliyi səriştəsiz sərkərdələrə tapşırılmışdı. Misal üçün, o vaxtadək heç bir döyüşdə iştirak etməyən, bununla belə, ordu komandanlığına təyin olunan əmirlərdən biri – Visaq-Başı «Ərzincan və ətrafı monqol qılıncından keçirilərkən biz burada boş yerə vaxt itiririk» deyərək fəryad edir, nəticədə əsgərlərin canına vəlvələ salırdı.

      Beləliklə, Baycu Noyonun başçılıq etdiyi və say etibarilə Səlcuqlu ordusunun yarısı qədər belə olmayan monqol qoşunları da bir müddət sonra Kösədağına gəlib çıxdı. Qanlı döyüşün başlaması ilə 20 min nəfərlik Səlcuqlu atlılarının və irəlidəki piyada qüvvələrinin monqollara qarşı hücuma keçməsi bir oldu. Monqollar məşhur Turan taktikasına27 əl atdılar: onlar əvvəlcə geri çəkildilər, sonra isə Səlcuqlulara qarşı əks-həmləyə keçərək rəqibi ox və nizə yağışına tutdular. Nəticədə tələyə düşən Səlcuqlu süvariləri bir anda pərən-pərən oldu, vəziyyəti belə görən digər ordu hissələri döyüşü davam etdirmək əvəzinə, qorxub qaçmağa başladı. Sultan II Qiyasəddin bu ağır məğlubiyyəti gözyaşları ilə qarşıladı: ağlayaraq Toqat – Ankara istiqamətindən Antalyaya qaçdı. Müasir Türkiyə tarixçilərinin hamısı «bu qədər biabırçı bir məğlubiyyətin türk tarixində yaşanmadığı» fikrindədir.

      Həmin fikirlə razılaşmamaq mümkün deyil. Doğrudan da 80 minlik böyük bir ordu sultanın qorxaqlığı, təcrübəli dövlət adamlarının məsləhətlərinə əhəmiyyət verilməməsi və hərbi idarəçiliyin səriştəsiz əmirlərə tapşırılması ucbatından darmadağın olmuşdu. Özü də düz-əməlli döyüşməyərək!

      Beləliklə, hicri təqvimlə 641-ci il məhərrəmin 14-cü günündə (1243-cü il iyulun 3-4-də) qazandığı bu tarixi zəfərlə Baycu öz istəyinə çatdı: o, monqol noyonları cərgəsinə daxil oldu və çoxdan axtardığı şöhrətə qovuşdu.

      Qeyd edək ki, Kösədağ döyüşündəki qələbədən sonra Monqollar hər yükün dəyəri 40 min sultani28 olmaqla 3 min heyvan yükü qədər qənimət ələ keçirdilər. Eyni zamanda monqolların Anadoluda yüz illik hakimiyyəti dövrü başladı.

      Baycu sürətlə hərəkətə keçib Sivası sülh yolu ilə, daha sonra da Kayseri və Ərzincanı tutdu. Monqollar xüsusilə Kayseridə dəhşətli qətliam törətdilər. Ələ keçirilən əsirlər Məşhəd bazarlarına aparılaraq orada satıldı. Həmin əsirlərin çoxu qadınlar və cavan uşaqlar idi. Ümumilikdə isə, Kayseridə on minlərlə insanın qətlə yetirildiyi qeyd edilir.

      Kösədağ məğlubiyyəti zamanı indiki Türkiyə ərazisində yerləşən Amasyada olan Səlcuqlu vəziri Müxəzzibüddin Əli şəhərin qazısı ilə birlikdə qiymətli hədiyyələr götürərək Azərbaycana yola düşdü. O, Muğana gəlib Çormağun Noyonun hüzuruna çıxdı. Çormağun yaxşı eşitmədiyindən vəzirin söylədiklərini arvadı Eltina Xatun əyilərək onun qulağına çatdırırdı. Danışıqlar zamanı Müxəzzibüddin monqol komandanına dedi ki, Anadolu Səlcuqlularının 100 mindən çox əsgəri və saysız-hesabsız müdafiə qalaları var. Əlavə etdi ki, monqolların bu qədər canlı qüvvə və digər imkanlar qarşısında nəyəsə nail olması mümkünsüzdür. Axırda isə sülh təklifi irəli sürdü. Çormağun Noyon təkliflə razılaşdı. Beləcə, illik 360 min gümüş pul, 10 min qoyun, min dana və dəvə ödəmək müqabilində sülh bağlandı.

      Ancaq Anadolu Səlcuqlu sultanı II Qiyasəddin öz vəzirinin bu danışıqlarından xəbərsiz idi. O, Kösədağdakı məğlubiyyətdən sonra Əmir Mübarizəddin Çavlı adlı bir nəfəri şərq əyalətlərinin hakimi təyin etmiş, vəziri Müxəzzibüddin Əlidən xəbər ala bilmədiyi üçün Şəmsəddin İsfahani adlı başqa bir nəfəri yeni vəzir təyin eləmişdi. Ancaq Şəmsəddin İsfahani əvvəlki vəzir Müxəzzibüddin Əlinin öz həyatını təhlükəyə ataraq sülh əldə etmək üçün monqolların yanına getdiyini öyrəndikdə bu təyinatdan boyun qaçırdı. Belə bir vaxtda Müxəzzibüddinin vəzifəsini tuta bilməyəcəyini deyərək vəzirlikdən çəkildi.

      Tezliklə vəzir Müxəzzibüddin Əli sülh danışıqlarını tamamlayaraq Konyaya gəldi. Onun monqollarla sülh bağlaması şəhərdə sevinclə qarşılandı. Sultan da bundan məmnun qaldı, mükafat olaraq vəzirinə qiymətli hədiyyələr və iqtalar bağışladı.

      Monqollarla sülhü daha da möhkəmləndirmək istəyən II Qiyasəddin çox keçmədi ki, Şəmsəddin İsfahaninin başçılığı altında İdil (Volqa) sahilindəki Saray şəhərinə elçilər yolladı. Həmin vaxt Cuçinin oğlu və Çingizin nəvəsi Batı xan bu şəhərdə qərar tutmuşdu və Azərbaycan da daxil olmaqla İraq-i Əcəmin işlərindən məsul idi. II Qiyasəddin əldə edilən sülh müqaviləsini elçiləri vasitəsilə ona göndərərək təsdiq etdirdi.

      Şəmsəddin İsfahani ona verilən tapşırığı СКАЧАТЬ



<p>27</p>

Turan taktikası – türklərin qədim döyüş taktikası. Bu taktikaya əsasən ordu döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılırdı. Mərkəz qüvvələri düşmənə hücum çəkdikdən bir müddət sonra qəfildən geri çəkilir, bu zaman at üzərində ox ataraq döyüşü davam etdirirdilər. Beləcə, geri çəkilən ordunu təqib etməyə başlayan düşmən, sağ və sol cinahlardakı qüvvələr tərəfindən qurulmuş tələyə çəkilir, anidən çevrəyə alınaraq məhv edilirdi. Turan taktikası «Hilal (aypara) taktikası» və «Qurd qapanı» adları ilə də məşhurdur (red.).

<p>28</p>

Sultani – Səlcuqlu dövlətlərində sultanların adına kəsilən qızıl pul