Taun. Альбер Камю
Чтение книги онлайн.

Читать онлайн книгу Taun - Альбер Камю страница 4

Название: Taun

Автор: Альбер Камю

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243963

isbn:

СКАЧАТЬ məmnundur. Şəhərin ağacsız, binaların yaraşıqsız olması, səfeh bir plan üzrə tikilməsi barədə həvəslə söhbət açırdı. Taru tramvayda və küçələrdə eşitdiyi söhbətləri də heç bir izahat vermədən qələmə almışdı.

      Pəncərəsi ilə üzbəüz eyvanda hər gün baş verən hadisə isə onun diqqətini xüsusi çəkmişdi. Tarunun pəncərəsi divarların kölgəsində pişiklərin uzanıb mürgü döydüyü dalana baxırmış. Hər gün nahardan sonra bütün şəhər sakinləri istidən daldalanarkən qarşı tərəfdəki eyvana qoca bir kişi çıxarmış. Ağ saçları səliqə ilə daranmış, ciddi görkəmli, hərbçilər kimi şax duruşu olan bu kişi eyvanda dayanıb pişikləri çağırarmış. O, kağız vərəqələri doğrayıb aşağıya səpələyər, pişiklər uçuşan kağızlara tərəf gələndə aşağıya tüpürər, tüpürcəyi pişiklərin birinin üstünə düşsə, uğunub gedərmiş.

      Tarunun gündəliyində siçovullar barədə də qeydlər var: “Bu gün üzbəüzdəki qocanın heç kefi yoxdur: pişiklər daha görünmürlər; küçələrə səpələnmiş çoxlu siçovul ölüsünə görə yoxa çıxıblar. Qoca onları görmədiyindən pərişan olub; həmişəki əhvali-ruhiyyədə deyil. Hiss olunur ki, nigarandır. Eyvanda bir az dayanıb içəri qayıtdı. Amma qayıtmazdan əvvəl boş küçəyə tüpürdü də.

      Mehmanxanada gecə qarovulçusu işləyən abırlı bir kişi mənə dedi ki, bu siçovul əhvalatı nə isə bir bəla gətirəcək. Soruşdum ki, axı nə bəla baş verə bilər? O da bir şey bilmirdi, çünki gələn bəlanı əvvəlcədən görmək olmur. Amma zəlzələ olsa, təəccüblənməyə dəyməz. Onun fikrinə şərik olanda, bəs nəyə görə qorxmadığımı soruşdu.

      – Mənim üçün vacib olan, – dedim, – mənəvi rahatlıqdır.

      Qarovulçu məni başa düşdü.

      Şəhərdə siçovul əhvalatından danışanlar çoxalır. Mehmanxananın direktoru da ancaq bu məsələdən danışır. Onun özündən çıxmağa haqqı var: adlı-sanlı mehmanxananın liftindən siçovul ölüsü tapılması yaxşı hal deyildi. Elə camaatı narahat eləməyə başlamış qəribə qızdırma haqqında söhbəti də ondan eşitmişdim: mehmanxanadakı xidmətçi qadınlardan biri də qızdırmaya tutulub.

      Məhz həmin dövrdən başlayaraq Tarunun gündəliyində əhalini nigaran qoymağa başlamış müəmmalı qızdırma haqqında ətraflı qeydlər peyda olur. Həmin qeydlərdən birində şəhərdə artıq 10-a yaxın adamın qızdırmadan öldüyü yazılmışdı.

      Tarunun həkim Ryö barədə qeydlərini isə onun kimliyi haqqında lap rəsmi sənəd kimi qəbul etmək olar: “Otuz beş yaşı olar; ortaboylu, enlikürəkdir; sifəti az qala dördküncdür; badamı gözləri qaradır; sinəsi irəli çıxıb; burnu düz və ətlidir; qısa vurulmuş qara saçları var; gündən yanmış dərisi, cod tükləri, həmişə tünd rəngli paltar geyməsi onu Siciliya kəndlisinə oxşadır. Yeri gəlmişkən, belə geyim ona yaraşır. Yerişi itidir; şlyapa qoymur; bilikli adama oxşayır”.

      Dalandarın meyitini izolyatora2 qoyandan sonra, o, qoca Mişelin ölüm səbəbi haqda məsləhətləşmək üçün Rişara zəng etdi.

      – Baş çıxara bilmirəm, – Rişar dedi. – İkisi də məndə ölüb: biri xəstələnəndən qırx səkkiz saat sonra, o biri isə üç gün sonra. İkinci xəstə hətta yaxşılaşmağa başlamışdı.

      Ryö başqa həkimlərə də zəng vurdu. Öyrəndi ki, bir neçə gün ərzində iyirmiyə yaxın adamda eyni hal baş verib və çoxu ölüb. O, yenə Rişara zəng vurdu ki, xəstələri təcrid etsinlər.

      – Mən nə edə bilərəm? – Rişar cavab verdi. – Gərək prefektura bir ölçü götürsün. Bir də axı sizə kim deyib ki, xəstəlik yoluxucudur?

      – Mənə heç nə deyən olmayıb, amma xəstəliyin əlamətləri qorxuludur.

      Rişar bildirdi ki, o, kifayət qədər səlahiyyət sahibi deyil, odur ki özbaşına heç nə edə bilməz. Əlindən bircə o gəlir ki, prefektlə3 danışsın.

      Dalandarın öldüyü günün səhəri hava korlandı. Baharın rütubətli günləri yayın qızmar günlərindən də ağır keçirdi. Təkcə Ryönün astmalı qoca xəstəsi havadan ləzzət alır, sevinirdi.

      – Hə, hava qızır, – deyirdi, – belə hava bronxlara xeyirdir.

      Havalar, doğrudan da, istiləşirdi. İstiləşməyi bir yana, adamı qızdırma kimi yandırırdı. Kotarın intihar cəhdi ilə bağlı istintaqda iştirak etməyə gedəndə Ryö fikirləşirdi ki, bütün şəhər qızdırma içindədir.

      O, evə çatanda polis komissarı hələ gəlməmişdi. Qran girəcəkdə gözləyirdi. Mənzildə gözə dəyən iki əşya vardı: biri üstünə iki-üç lüğət qoyulmuş kitab rəfi, o biri isə aşağısında güclə oxunan hərflərlə «Çiçəkli xiyaban» yazılmış tablo. Qran Kotarla bağlı fikirlərini həkimlə bölüşürdü. Elə bu vaxt polis komissarı öz katibi ilə gəlib çıxdı. Komissar əvvəlcə Qranı dindirdi. Qran danışanda həkim hiss etdi ki, o, Kotarı «ruhdan düşmüş adam» kimi xarakterizə edir. Hələ bir dəfə Kotarın hərəkətini «kortəbii qərar» da adlandırdı. Polis komissarı Qranın ifadəsini alandan sonra xəstənin özünü görmək istədi. Ryö fikirləşdi ki, Kotarı bu görüşə hazırlamaq lazımdır. O, otağa girəndə Kotar qalxıb çarpayıda oturdu və qapıya baxıb, sıxıla-sıxıla soruşdu:

      – Polis gəlib?

      – Bəli, – Ryö cavab verdi, – ancaq narahat olmağa dəyməz, iki-üç sual verib gedəcək.

      Kotar dedi ki, polisi görməyə gözü yoxdur.

      – Onlardan mənim də xoşum gəlmir. Ancaq bu məsələni tezcə qurtarmaq lazımdır.

      – Həkim, özünü asmaq istəyən adamı tutmazlar ki?

      Ryö ona ürək-dirək verib komissarı içəri çağırdı.

      Qranın verdiyi ifadəni oxuyub ondan soruşdular ki, həmin hərəkəti yenə təkrar etmək istəyərmi? Kotar əsəbiliklə cavab verdi ki, elə fikri yoxdur və ondan əl çəksələr, daha yaxşı olar.

      – Bilirsiniz, – komissar əsəbi halda dedi, – başqalarının rahatlığını pozan elə özünüzsünüz.

      Ryö ona əliylə işarə edib, susmasını xahiş etdi.

      – Onsuz da bu qızdırma başlayandan iş başımızdan aşır, – komissar qapıdan çıxanda köks ötürdü. – Bütün bəla havanın pis olmasındadır.

      O, doğru deyirdi. Havalar get-gedə lap istiləşir, hər şey sanki adamın əlinə yapışırdı. Hər yeni xəstəyə baş çəkdikcə Ryö hiss edirdi ki, fikri doğrulmağa başlayıb. Xəstələrin yaralarından çirk axır, çoxu üfunət içində ölürdü.

      Bir СКАЧАТЬ



<p>2</p>

İzolyator – yoluxucu xəstəliyi olan xəstələri və dəliləri saxlamaq üçün xüsusi otaq, bina (xəstəxanada və s.-də)

<p>3</p>

Prefekt – prefekturaya rəhbərlik edən şəxs