Taun. Альбер Камю
Чтение книги онлайн.

Читать онлайн книгу Taun - Альбер Камю страница 3

Название: Taun

Автор: Альбер Камю

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243963

isbn:

СКАЧАТЬ Həkim dayanıb onları gözlədi. Qoca Mişelin nəfəsi xışıldayırdı. Özünü pis hiss elədiyindən havaya çıxmış, ancaq geri qayıtmalı olmuşdu.

      – Limfa vəzilərim şişib, – qoca dilləndi. – Yəqin, nə vaxtsa gücə düşmüşəm.

      Həkim əlini maşının qapısından uzadıb Mişelin boynunu yoxladı. Barmaqları ağac düyününə oxşayan şişə toxundu.

      – Gedin yatın, hərarətinizi ölçün, günortadan sonra sizə baş çəkərəm.

      Nahardan sonra Ryö arvadının sanatoriyadan göndərdiyi teleqramı oxuyurdu ki, telefon zəng çaldı. Zəng edən keçmiş xəstələrindən biri, prefekturanın işçisi idi. Bu kişi uzun müddət ürək damarının sıxılmasından əziyyət çəkmişdi və kasıb olduğuna görə Ryö onu pulsuz müalicə eləmişdi.

      – Bəli, yaxşı ki yadınızda qalmışam, – o dedi. – İndi söhbət başqa adam haqqındadır. Tez gəlin, qonşuma nəsə olub.

      Kişi tövşüyə-tövşüyə danışırdı. Ryönün yadına dalandar düşdü, fikirləşdi ki, sonra ona da baş çəkər. Bir neçə dəqiqə sonra təzə rənglənmiş və boya iyi verən pilləkənin ortasında onu qarşılamağa düşən prefektura işçisi Jozef Qranla görüşdü. Qran təxminən əlli yaşlı, sarıbığ, ucaboy, belibükük, arıq bir kişi idi.

      – İndi vəziyyət yaxşıdır, – o dedi, – bir az əvvəl elə bilirdim ki, can verir.

      Qapının üstünə qırmızı tabaşirlə yazılmışdı: “Buyurun içəri, mən özümü asmışam”. Onlar içəri girdilər. Aşmış stulun üstündən kəndir sallanırdı. Masa otağın küncünə çəkilmişdi. Kəndir havada yellənirdi.

      – Onu kəndirdən vaxtında qurtardım, – Qran dedi.

      Onlar qonşu otağa keçdilər. Qısaboy, gonbul bir kişi dəmir çarpayıda uzanmışdı. Nə çox hündürdən yıxılmış, nə də ağır zədə almışdı, boğaz damarları kəndirə tab gətirmişdi. Amma hər halda, boğulma qalmışdı. Kardioqramma çıxarmaq lazım idi. Həkim kamfora iynəsini vurub dedi ki, bir neçə günə hər şey qaydasına düşəcək.

      Ryö polisə xəbər verilib-verilmədiyini soruşdu. Bu vaxt xəstə dirsəklənib oturdu, dedi ki, xəbər verməyinizə dəyməz.

      – Narahat olmayın, – Ryö onu sakitləşdirmək istədi, – burada elə bir şey yoxdur. Mən, sadəcə, xəbər verməyə borcluyam.

      Kotar göz yaşı tökə-tökə dedi ki, daha belə iş görməyəcək, bu da bir ağılsızlıq idi. İndi isə istəyir ki, ondan əl çəksinlər. Ryö ona dərman yazıb dedi:

      – Yaxşı, razılaşdıq, xəbər vermərəm. İki-üç gündən sonra sizə baş çəkəcəyəm. Bir də belə səfehlik etməyin.

      Pilləkəni düşəndə həkim Qrana dedi ki, polisə xəbər verəcək, amma rəisdən xahiş edəcək, istintaq üçün iki gün sonra gəlsin. Ardınca əlavə etdi:

      – Bu gecə onu nəzarətdə saxlamaq lazımdır. Ailəsi varmı?

      – Ailəsini tanımıram. Amma özüm ona keşik çəkərəm. – Sonra çiyinlərini çəkdi.– Düzünə qalsa, onu elə də yaxşı tanımıram. Amma gərək dar ayaqda bir-birimizə kömək edək.

      Ryö prefektura işçisinin əlini sıxdı. Həkim arvadına məktub yazmazdan əvvəl dalandara baş çəkməyə tələsirdi.

      Axşam qəzetlərini satanlar qışqırırdılar ki, siçovulların hücumu dayanıb. Ryö dalandarın evinə girəndə gördü ki, kişi qarnını tutub çarpayıdan aşağı əyilərək, gücənə-gücənə yerdəki ləyənə qırmızı maye qusur. Hərarəti otuz doqquz yarım idi, boynundakı limfa vəziləri, oynaqları xeyli şişmiş, yanlarında iki qara ləkə əmələ gəlmişdi. Dalandarın arvadı yaxınlaşıb kədərli səslə soruşdu:

      –Həkim, ona nə olub?

      –Hər şey ola bilər. Hələ bir söz deyə bilmərəm. Axşama qədər pəhriz saxlasın, mədəsini yuyun. Çoxlu su verin.

      Evə qayıdan kimi şəhərin ən tanınmış həkimlərindən olan Rişara zəng vurub soruşdu:

      – Yüksək hərarətli, qızdırmalı xəstəniz yoxdur?

      – Var, limfa düyünləri iltihab eləmiş iki xəstəm var.

      – Normadan artıq?

      – Hm… Bilirsiniz, norma deyəndə…

      Axşamüstü dalandarın hərarəti qırx dərəcəyə qalxdı; o zarıyır, siçovullardan şikayətlənirdi.

      – Onu gözdən qoymayın, – həkim xəstənin arvadına dedi, – vəziyyəti ağırlaşsa, mənə xəbər verin.

      Ertəsi gün, aprelin 30-da yaza xas ilıq meh əsirdi. Külək şəhər ətrafından gül-çiçək ətri gətirirdi. Dalandarın mənzilinə düşdü, məlum oldu ki, xəstənin hərarəti səhər otuz səkkiz dərəcəyə enib. Ryö bir az rahatlaşdı.

      – Həkim, vəziyyət düzəlir? – dalandarın arvadı soruşdu.

      – Gözləyək, görək nə olur.

      Lakin günorta xəstənin hərarəti qəfil qırx dərəcəyə qalxdı, ara vermədən sayıqlamağa və qusmağa başladı. Ağrıları daha da artmışdı. Həkim dedi:

      – Onu mütləq təcrid eləmək lazımdır. İndi xəstəxanaya zəng edərəm, təcili yardım maşını ilə apararıq.

      İki saat sonra təcili yardım maşınında həkimlə dalandarın arvadı xəstənin üstünə əyilmişdilər. Xəstənin uçuqlamış, şişmiş dodaqlarından kəsik-kəsik “Siçovullar! Siçovullar” sözü qopurdu. Ev xidmətçisi sanki gözəgörünməz, ağır bir yükün altında boğulurdu.

      – Deməli, daha ümid yoxdur, həkim? – arvadı ağladı.

      – O öldü, –həkim cavab verdi.

      5

      Dalandarın ölümü, demək olar, anlaşılmaz bir dövrə son qoydu və daha çətin dövr başladı. Bu yeni dövrdə təəccüb və anlaşılmazlıqlar yavaş-yavaş həyəcana, qorxuya çevrildi. Sakinlərin çoxu cənab Mişelin açdığı yolla həyatdan getməyə başladılar.

      Sonrakı əhvalatların ətraflı təsvirinə başlamazdan əvvəl, hekayəçi həmin dövr haqqında başqa bir şahidin fikirlərini bölüşməyi də məsləhət bilir. Söhbətin əvvəlində adını çəkdiyimiz Jan Taru Oran şəhərinə fövqəladə hadisələrdən bir neçə həftə əvvəl gəlmişdi. Elə o vaxtdan da mərkəzdəki iri mehmanxanalardan birində СКАЧАТЬ