Название: Karvan
Автор: Вильгельм Гауф
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242997
isbn:
Axır ki, sadiq nökərim dedi:
–Ey mənim ağam! Burada çox dəhşətli hadisələr olub. Aşağıda, anbarda quldurlar olsa belə, gedib ayaqlarına yıxılmağa hazıram, ancaq burada, meyitlərin arasında qala bilmərəm.
Elə mən də bu fikirdə idim. Özümüzə ürək-dirək verib pilləkənlə aşağı enməyə başladıq. Lakin aşağıda da ölü bir sükut hökm sürürdü, fərq bir onda idi ki, addım səsimiz daha bərkdən eşidilirdi. Kayutun qapısı ağzında dayandıq. Qulağımı qapıya söykəyib içərini dinlədim, heç bir hənirti, səs-səmir yoxdu. Qapını açdım. Kayutda qarma-qarışıqlıq idi. Pal-paltar, silah və digər şeylər bir-birinə qarışmışdı. Hamısı necə gəldi atılmışdı. Görünür, gəminin heyəti, bəlkə də, kapitanın özü yenicə burada yeyib-içmişdilər, çünki heç süfrə də yığışdırılmamışdı. Sonra kayutları bir-bir gəzdik, başqa yerlərə baxdıq. Gəmi ipək, mirvari, şəkər və digər mallarla dolu idi. Bir belə sərvət ağlımı başımdan çıxartmışdı; bir halda ki gəmidə heç kəs yox idi, deməli, bunların hamısı mənimdi. Lakin İbrahim mənə xatırlatdı ki, biz sahildən çox uzaqdayıq və kömək olmasa, ikilikdə sahilə gedib çıxa bilmərik.
Bol-bol təamlardan doyunca yeyib-içib göyərtəyə qayıtdıq. Yenə də meyitləri görəndə ödümüz ağzımıza gəldi. Bu qərara gəldik ki, hamısını ataq dənizə, lakin bircəsini də yerindən tərpədə bilməyəndə lap quruyub qaldıq! Meyitlər sanki döşəməyə sancılmışdı, taxtaqarışıq götürməliydik ki, bundan ötrü isə heç bir alətimiz yoxdu. Kapitanı da dorağacından ayıra bilmədik, hətta donub qaxaca dönmüş əlindəki yatağanı da qoparmaq mümkün olmadı.
Bütün günü qara bəxtimiz barədə düşündük, axşam düşəndə isə qoca İbrahimə izin verdim ki, uzanıb yatsın. Özüm göyərtədə qaldım. Düşünürdüm ki, pənah Allaha, bəlkə, dadımıza çatan oldu. Ay doğanda ulduzlara baxıb öyrəndim ki, saat on birə az qalır, yuxu məni basdı, istər-istəməz göyərtədəki çəlləyin dalında uzandım. Lakin yatmaqdan çox mürgüləyirdim, çünki dalğaların gəmiyə çırpılmasını, dorağacının cırıltısını və yelkənlərin küləkdə xışıldamasını çox aydın eşidirdim. Sonra göyərtədə qəfildən qulağıma kişi səsi gəldi. Qalxıb baxmaq istədim, lakin gözəgörünməz bir qüvvədən sanki cidarlanmışdım, hətta gözümü də aça bilmirdim. Hənirti, səs-küy tədricən daha da aydınlaşırdı. Elə bil göyərtədə matroslar gəzişir, deyib-gülürdülər. Hay-küy içindən kiminsə amiranə səsi gəldi, sonra kəndirlər dartıldı, yelkənlər bərkidildi. Yavaş-yavaş beynim dumanlandı, dərin yuxuya getdim. Elə bil məni qara basırdı: silah cingiltisi eşidirdim. Bir də oyananda gördüm ki, gün artıq xeyli qalxıb, üzümü yandırır. Təəccüblə ətrafa göz gəzdirdim. Gecə eşitdiklərimin hamısı mənə yuxu kimi gəldi. Diqqətlə baxanda gördüm ki, hər şey dünənki kimidir: meyitlər hərəkətsiz uzanmış, kapitan da dorağacına mismarlanmışdı. Ayağa qalxdım ki, qoca nökərimi axtarım tapım.
İbrahim kayutda oturub fikir dəryasına qərq olmuşdu. Mən içəri keçən kimi: “Ey mənim ağam, – dilləndi, – bu cin-şəyatin yığnağı olan gəmidə qalmaq-dansa, batıb dənizin dibinə getmək daha yaxşıdır!” Səbəbini soruşanda o mənə belə cavab verdi: “Bir neçə saat yatandan sonra oyandım, başımın üstə tarap-turup səsi eşidirdim. Əvvəlcə elə bildim sizsiniz, sonra gördüm ki, yox, orada ən azı iyirmi nəfər gəzişir, bundan başqa, həm də onların çağır-bağırını eşidirdim. Axırda pilləkən tərəfdən də ağır addım səsləri gəldi. Elə bu vaxt huşum qarışdı. Bir müddət sonra ağlım üstümə gələndə bir də gördüm ki, yuxarıda dorağacına mismarlanmış adam gəlib burada süfrə arxasında oturub, nəğmə oxuyur, şərab içir; göyərtədə ondan bir az aralı uzanmış al-qırmızı xalatlı adam da böyründə əyləşib; bir yerdə yeyib-içirdilər”. Bəli, qoca nökərim mənə belə dedi.
Əlbəttə, dostlar, siz mənim nə vəziyyətə düşdüyümü, yəqin ki, yaxşı başa düşürsünüz. Belə bir heyətlə gəmidə yol getmək mənə çox dəhşətli görünürdü. İbrahim isə yenə də fikir-xəyal içindəydi. Nəhayət, ucadan dilləndi: “Yadıma düşdü, yadıma düşdü!” Sehr yadına düşmüşdü. O sehr ki, dünyanı gəzib-dolaşmış cəsur babası ona öyrətmişdi. Qarabasma və caduya qarşı olan sehr. Bundan başqa, qoca nökərim məni inandırdı ki, sidqi-qəlbdən Qurandan vird eləsək, ötəngecəki yuxu bir də bizə yaxın düşməz. Qocanın təklifi ürəyimə yatdı. Gecənin düşməyini həyəcanla gözləyirdim. Kapitan kayutunun yanında balaca bir anbar vardı. Qərara gəldik ki, orada gizlənək. Qapıda bir neçə deşik açdıq. Deşikləri o qədər böyük elədik ki, kayutun içini görə bilək. Sonra qapını içəridən bərk-bərk bağladıq. İbrahim qapının dörd tərəfinə peyğəmbər salavatullahın mübarək adını yazdı. Beləcə, oturub gecə müsibətini gözləməyə başladıq. Yenə də saat on birə yaxın məni yuxu tutdu. Nökərimin məsləhəti ilə Qurandan bir neçə ayə vird elədim. Qəfildən yuxarı cuşa gəldi. Kəndirlər dartıldı, göyərtədə adamlar gəzişdi, çığır-bağır səsləri eşidildi. Oturub cınqırımızı çıxartmadan qulaq asırdıq. Bir də gördük ki, kimsə pilləkənlə kayuta enir. Onda qoca öz babasından öyrəndiyi sehrli duanı oxumağa başladı:
Bilmirÿm göydÿmi edirsiz cövlan,
Yoxsa yer altûnda qalmûsûz pünhan,
Gizlÿdibmi sizi tufanlû ümman,
Fûrladûrmû sizi odlu burulğan,
Sizi xÿlq elÿyÿn bir Allah vardûr!
Hÿr ruha, canlûya o, hökmdardûr!
Boynuma alım ki, mən sehrə bir elə də inanmırdım. Qapı açılanda tüklərim biz-biz oldu. Dorağacına mismarlanmış həmən ucaboylu, qədd-qamətli adam kayuta girdi. Mismar hələ də alnında idi, ancaq yatağanı qınına qoymuşdu. Heç şübhəsiz bu gəmi kapitanı idi. Sonra bir adam da gəldi. Onu da göyərtədə sərələnən görmüşdüm. Kapitan alacalanmış gözlərini oynadıb kayutu nəzərdən keçirtdi. İkisi də kayutun ortasındakı stolun arxasında əyləşdi və bilmədiyimiz bir dildə çığıra-çığıra danışmağa başladılar. Get-gedə daha hündürdən və hirslə danışırdılar. Axır ki, kapitan yumruğunu stola elə hirslə çırpdı ki, divarlar titrədi. Müsahibi yerindən sıçradı və başı ilə kapitana işarə elədi ki, ardınca getsin. Kapitan da ayağa qalxdı, yatağanı qınından çıxartdı və ikisi də kayutu tərk etdi. Onlar gedəndən sonra rahat nəfəs aldıq. Elə bu vaxt göyərtədə haray-həşir СКАЧАТЬ