Название: Drakula
Автор: Брэм Стокер
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242270
isbn:
– Niyə bu gecə gedə bilmərəm?
– Çünki atlarım və faytonçum burada deyil.
– Mən piyada da gedərəm.
– Bəs baqajınız?
Qrafın üzündəki şeytan təbəssümü şübhələrimi artırdı.
– Baqajımın dalınca sonra fayton göndərərəm.
– Siz ingilislərin yaxşı bir məsəli var: gələni xoş qarşıla, gedəni tələsdir. Mənim evimdə öz iradənizin əleyhinə bir saniyə belə qalmayacaqsınız! Gəlin!
Biz pilləkənlərlə aşağı endik. Birdən o dayandı.
– Qulaq asın!
Bayırda canavarlar ulaşırdı.
Qraf nəhəng giriş qapısına yaxınlaşdı, zəncirləri və sürgüləri açdı. Qapı aralananda canavarların səsi lap yaxından eşidildi. Yox, qrafın iradəsinin əksinə getmək mənasız idi. Axırda canavarlara yem olacaqdım.
– Bağlayın qapını, səhəri gözləyərəm.
Qraf qapını çırpdı.
Otağıma qayıdıb yatağa girməyə hazırlaşırdım ki, qapının arxasından qrafın səsini eşitdim:
– Gedin! Qayıdın yerinizə! Vaxtınız hələ çatmayıb. Səbirli olun! Bu gecə mənimdir, sabahkı gecə sizin.
Doğrudanmı, sonum çatıb? Sabah! Sabah! Tanrım, mənə də, əziz nişanlıma da kömək ol…
30 iyun
Səhəri dirigözlü açdım. Ölüm bu gecə gələcəksə, qoy məni hazır görsün.
Hava işıqlaşan kimi otaqdan çıxıb giriş qapısına tərəf qaçdım. Tələsik sürgüləri, zəncirləri açdım və böyük ümidlə qapını dartdım. Tərpənmədi. Dünən mən otağıma gedəndən sonra qraf qapını kilidləmişdi.
Mən bu açarları tapmalı idim!
Otağa qayıdıb pəncərədən çıxdım, yenə daşlardan tuta-tuta qrafın otağına çatdım və içəri girdim. Küncdəki qapıdan məzarlığa düşdüm. Qraf öz qutusunda uzanmışdı, ancaq yeşiyin qapağı bağlı idi. Qapağı qaldırıb divara söykədim və açarları axtarmaq üçün əyildim. Dəhşətə gəldim.
Qutudakı həmin qraf deyildi. O, çox cavan görünürdü. Dodaqları allanmışdı, saçı və bığları tünd-boz rəngə düşmüşdü. Ağzından boynuna tərəf qan axmışdı. Sanki bu bədheybətin qarnı xirtdəyinə qədər qanla doldurulmuşdu.
Xeyli axtardım, amma açarları tapmadım. Dayanıb gözümü qrafa dikdim. Üzündə alçaldıcı təbəssüm vardı. Mən bu vəhşiyə Londona köçməyə kömək edirdim? Kim bilir, orada insanların başına nə oyunlar açacaq!
Yox, dünyanı bu qəddardan xilas etməliydim! Onu öldürməliydim! Yerdəki beli əlimə aldım. Var gücümlə sifətinə zərbə endirmək üçün yuxarı qaldırdım. Qrafın başı döndü, qəzəbli baxışları mənə dikildi. Bel əlimdən sürüşüb onun alnında dərin yara açdı. Yeşiyin ağzını bağladım. Həyətdən at ayaqlarının tappıltısı, qaraçıların səsləri gəldi. Cəld qrafın otağına qalxdım, diqqətlə səslərə qulaq asmağa başladım. Aşağıda açar cingildədi, qapı açıldı. Deyəsən, yeşikləri bayıra daşıyırdılar. Bir azdan qapı örtüldü.
Belə çıxır ki, zirzəmidəki məzarlıqdan bayıra çıxış var? Sakitlik çökəndə təzədən ora düşmək istədim. Bu dəm güclü külək küncdəki qapını zərblə çırpdı, nə qədər itələdimsə, açılmadı.
Vaxt daralırdı. Həyətdən gələn çəkic taqqıltısı, at kişnərtisi, araba təkərlərinin cırıltısı da kəsildi. Artıq bu böyük qəsrdə mən tək qalmışdım. Mən və bir də o üç qadın…
Yox, onlarla təklikdə qalmayacağam. Qəsrin divarları ilə qrafın otağına endiyim kimi, buradan da aşağı düşməyə çalışmalıyam. Özümlə bir az qızıl da götürməliyəm – gərəyim olar. Sonra isə – düz evə! Ən yaxın qatar stansiyasına! Buradan mümkün qədər uzağa!
Bu qaniçənlərin əlində qalmaqdansa, Tanrının mərhəmətinə ümid etmək yaxşıdır. Uçurum dərindir, amma başqa yolum yoxdur. Əlvida, Mina!..
V hissə
9 may
Əziz Lüsi!
Uzun zaman yazmadığıma görə üzr istəyirəm. Məktəbdə dərs hissə müdiri olmaq asan iş deyil, yoruluram. Stenoqrafiya ilə də məşğul oluram ki, gələcəkdə Conatana kömək edə bilim. O öz gündəliyini stenoqrafiya ilə yazır. Conatandan məktub gəlib. Sağ-salamatdır, haradasa bir həftəyə qayıdacaq. Səndə təzə nə var? Ucaboy, qıvrımsaç yaraşıqlı bir kişi haqqında şayiələr dəyib qulağıma.
Səni sevən Mina.
Çərşənbə
Əziz Mina!
Təzə maraqlı heç nə yoxdur. Dediyin o yaraşıqlı kişi – mister Artur Holmvuddur, tez-tez bizə gəlir, anamla söhbətləşir. Bu yaxınlarda Holmvud bizi bir cənabla tanış etdi, 29 yaşı var, amma artıq professordur, ağıllı və qətiyyətlidir, ruhi xəstələr üçün böyük tibb müəssisəsinin rəhbəridir. Conatana nişanlı olmasaydın, deyərdim ki, əsl sənlikdir. Mənsə, Mina, Arturu sevirəm. Uşaqlıq dostum kimi sirrimi yalnız sənə açıram.
24 may
Əziz Mina!
20 yaşıma az qalıb, hələ mənə evlənmək təklif edən olmamışdı. Bu günsə birdən-birə üç təklif aldım!
Birincisi ruhi xəstəxananın baş həkimi doktor Syuvard idi. Təklifini qəbul etmədim. İncimədi, dedi ki, nə vaxt dost köməyinə ehtiyac duysam, qulluğumda hazırdır. İkincisi günortadan sonra gəldi. Texaslı bu gənc – mister Kuinsi Morris – çox tərbiyəli, savadlı adamdır, dünyanın yarısını gəzib. Hislərini elə gözəl ifadə edirdi ki, ona rədd cavabı verəndə ağladım. Amma başqasını sevdiyimi gizlətmədim. Mister Kuinsi də mənə əbədi dostluq vəd etdi.
Üçüncüsü isə Artur idi. Hər şey bir anda baş verdi. Mina, Mənim xəyallarım gerçəkləşir!
25 aprel
Dünənki uğursuzluqdan sonra iştaham da küsüb. Başımı işlə qatıram. Xəstələrdən СКАЧАТЬ