Drakula. Брэм Стокер
Чтение книги онлайн.

Читать онлайн книгу Drakula - Брэм Стокер страница 3

Название: Drakula

Автор: Брэм Стокер

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242270 

isbn:

СКАЧАТЬ söhbətimiz uzun çəkdi. Ona vətəni Transilvaniyanın tarixi haqqında suallar verdim, böyük həvəslə cavablandırdı. Öz nəslinin tarixindən də qürurla, uzun-uzadı danışdı. Sekler tayfasından olan əcdadlarının qəhrəmanlığını, türklərlə, madyarlarla döyüşlərdə göstər- dikləri şücaətləri geniş təsvir etdi. Sonda dedi:

      – Ah, gənc dostum, qanımızın təmizliyi, ağlımızın və qılınclarımızın itiliyinə görə biz Seklerlər və Drakulalar dünyanın bütün kralları qarşısında qürrələnə bilərik!

      Söhbətin bu yerində hava işıqlaşmağa başladı və biz yatmağa getdik.

      (Mənim gündəliyimdə hər şey “Ərəb nağılları”nda olduğu kimidir: xoruzlar banlayan vaxt söhbət bitir.)

      12 may

      Dünən axşam qraf yenə məni İngiltərədəki işləri ilə əlaqədar sorğu-suala tutdu. Ondan yaxşı hüquqşünas çıxardı, heç bir xırdalığı nəzərdən qaçırmırdı. Bütün məsələləri ayırd edəndən sonra ayağa qalxdı:

      – Dostumuz Houkinsə məktub yazmısınızmı?

      İçimdəki qəzəbi boğub heç kimə heç nə yazmadığımı söylədim.

      – Onda yazın, gənc dostum, – qraf əlini çiynimə qoydu. – Houkinsə və gəlişinizi gözləyənlərə yazın ki, burada daha bir ay qalacaqsınız.

      – Belə uzun müddət qalmağımı istəyirsiniz?

      – İstəyirəm və heç bir etiraz qəbul etmirəm. Buraya mənim işimə kömək etmək üçün göndərilmisiniz, elə deyil? Mənim işim isə hələ qurtarmayıb.

      Razılıq əlaməti olaraq təzim etməkdən savayı mənə nə qalırdı? Qrafın baxışı da, duruşu da mənə bu qəsrdə məhbus olduğumu xatırladırdı.

      Qraf mənə 3 vərəq və 3 zərf verdi.

      – Xahiş edirəm, məktubda işdənkənar mövzulara toxunmayasınız. Sağ-salamat olduğunuzu və tezliklə evə dönəcəyinizə ümid bəslədiyinizi biləndə, şübhəsiz, dostlarınız da sevinəcəklər.

      Houkinsə və Minaya iki məktub yazdım. Ehtiyatlı idim, nəzərə alırdım ki, qraf onları oxuya bilər. Drakula məktubları götürdü.

      – Bağışlayın, bu gecə şəxsi işlərim var. Ehtiyac duyduğunuz hər şeyi özünüz qəsrdə tapa biləcəksiniz. Məsləhət görürəm, yox, xəbərdarlıq edirəm ki, istifadənizdə olan otaqlardan kənara çıxmayasınız. Yuxunuz qaçsa, burada oturun, onda təhlükədən uzaq olarsınız. Köhnə, qaranlıq qəsr ağır xatirələrlə, pis yuxularla doludur. Yox, əgər bu otaqları tərk etsəniz…

      Son cümləsində qraf əllərini yuyurmuş kimi bir-birinə sürtdü. Mən onu başa düşdüm. Amma hansı yuxu bu qorxunc və sirli gerçəklikdən daha dəhşətli ola bilərdi?

      Sonra

      Qraf gedəndən bir az sonra mən də otaqdan çıxdım. Daş pilləkənin başında şərqə baxan açıq pəncərə var idi. Təmiz hava və yumşaq ay işığına bürünmüş gözəl təbiət mənzərəsi əsəblərimi xeyli sakitləşdirdi. Başımı pəncərədən bayıra çıxaranda sağ tərəfdə tərpəniş hiss etdim. Gördüyümdən dəhşətə gəldim. Qraf kərtənkələ kimi sürünə-sürünə qala divarları ilə uçuruma doğru irəliləyirdi. Külək çiyinlərinə saldığı örtüyü yellədir, nəhəng qanada bənzədirdi.

      Bu necə insandır, ya insanabənzər məxluqdur? Mən qorxuram və xilas olacağıma ümidim getdikcə azalır.

      15 may

      Bu gün yenə qrafın kərtənkələ kimi süründüyünün şahidi oldum. O, divarboyu sürünə-sürünə gözdən itdi. Qrafın qəsrdən çıxmasından istifadə edib bütün qapıları yoxladım. Hamısı bağlı idi. Nəhayət, pilləkənlərdən birinin başında azca aralı bir qapıya rast gəldim. Var gücümlə itələyib onu açdım.

      Otaq toz içində idi, küncdə yerləşdiyi üçün pəncərələrinin biri qərbə, digəri cənuba açılırdı. Aşağı baxanda başa düşdüm ki, qəsr hündür qayanın üstündə tikilib və üç tərəfdən uçurumla əhatə olunub.

      Yırtıq və köhnə pərdələr nə zamansa burada insan yaşadığından xəbər verirdi. Bu otaq mənim xoşuma gəlirdi. Tozlu masanın arxasına keçib gündəliyimi çıxardım və yazmağa başladım.

      Daha sonra… 16 may, səhər

      Dünən yazımı bitirdikdən sonra gündəliyi cibimə qoydum. Məni yuxu basırdı. Qrafın istifadəmə verilmiş otaqlardan kənara çıxmamaq barədə xəbərdarlığı yadıma düşdü, amma onun göstərişinə tabe olmamaqdan zövq alırdım. Otağıma qayıtmadım. Divanı pəncərənin qabağına çəkib uzandım. Pəncərədən görünən gözəl mənzərə və süzülən ay işığı məni uydurdu. Deyəsən, yuxuya getdim. Hər halda, ümid edirəm ki, həmin otaqda baş verənlərin hamısı yuxuda olub.

      Hiss etdim ki, otaqda tək deyiləm. Gözümü açanda başımın üstündə üç qadın gördüm. İkisi qarabuğdayı idi, qrafın gözləri kimi iri gözləri, sərt baxışları vardı. Üçüncü qadının qızılı saçları solğun bənizinə dağılmışdı, al-qırmızı dodaqları ay işığında parıldayırdı. Üçünün də ağappaq iti dişləri vardı. Qadınlar pıçıldaşıb gülürdülər. Solğunbənizli qadın başını silkələyirdi.

      Birinci qarabuğdayı qadın dedi:

      – Get! Sən başla, biz davam edərik.

      İkinci qarabuğdayı qadın rəfiqəsinin sözünə qüvvət verdi:

      – O, gənc və sağlamdır. Üçümüzə də öpüş çatar.

      Mən dinməzcə uzanmışdım. Nəhayət, qızılı saçlı qadın üstümə əyildi. Üzünü sifətimə o qədər yaxınlaşdırdı ki, nəfəsini duydum. Dilinin ucu ilə al-qırmızı dodaqlarını, ağ dişlərini yalayırdı. Sonra dodaqlarının, ardınca iti dişlərinin təmasını boynumda hiss etdim. Ləzzətdən gözlərimi yumdum, ürəyim döyünə-döyünə o xoşbəxt anı gözləməyə başladım.

      Birdən mənə elə gəldi ki, qraf da buradadır. Gözlərimi açdım. Drakula güclü əli ilə qadının nazik boynundan yapışıb onu geri çəkdi. Qıpqırmızı gözlərindən qəzəb yağırdı, sifətində əsl qəddarlıq ifadəsi var idi.

      – Nə cürətlə ona toxunursuz? Bunu sizə qadağan etmədimmi? O mənimdir!

      Solğunbənizli qadın güldü.

      – Sən özün heç vaxt sevməmisən və heç vaxt da sevməyəcəksən!

      Qarabuğdayı qadınlar da ona qoşulub gülüşdülər, dəhşətli qəhqəhə СКАЧАТЬ