Ovod. Этель Лилиан Войнич
Чтение книги онлайн.

Читать онлайн книгу Ovod - Этель Лилиан Войнич страница 6

Название: Ovod

Автор: Этель Лилиан Войнич

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241297 

isbn:

СКАЧАТЬ dodaqlarında söndü. Sakitləşərək əvvəlki yerinə qayıdıb fikrə getdi.

      Bu yalançı, bu rəzil adamlardan ötrü o, gör nə qədər əzab çəkdi, qəzəbləndi, məyus oldu!… Kəndir hazırladı, özünü asmaq istədi. Daha bəsdir! İndi o ağıllanıb. Artıq silkinib bu zir-zibili üstündən tökmək, yeni həyata qədəm qoymaq lazımdır! Gəmilərdən birində gizlənməklə buradan çıxıb getmək olar.

      Bir vərəq götürüb, ağlına gələn ilk sözləri yazdı: “Mən sizə Allaha inanan kimi inanırdım, amma siz bütün ömrüm boyu mənə yalan demisiniz”.

      Kağızı büküb üstünə Montanelliyə çatacağını, başqa bir vərəqdə isə “Meyidimi çayda axtarın” sözlərini yazdı. Otaqdan çıxarkən anasının şəklinə baxdı, çiyinlərini çəkib gülümsədi. Axı o da Artura yalan demişdi!…

      Həyətə çıxıb taxta anbara yaxınlaşdı. Anbarın arxa divarında kanala açılan dəmir barmaqlıqlı balaca bir pəncərə var idi. Artur barmaqlıqlardakı sınıq yeri böyüdüb oradan çıxmaq qərarına gəldi. Dəmir barmaqlıq çox möhkəm olduğu üçün onun əlləri yaralandı, pencəyinin qolu cırıldı. Buna baxmayaraq, küçəyə çıxa bildi. Kanal yapışqanlı divarlar arasından iyrənc və qaranlıq bir yarıq kimi uzanıb gedirdi. Artur kanalın kənarı ilə gedib çaya çatanda şlyapasını çıxarıb suya atdı. Onun meyidini axtaranda şlyapasını tapacaqdılar. Daha sonra nə edəcəyini düşünə-düşünə gedərkən köhnə bir evdən bir adamın çıxdığını gördü. O, içki məclisindən çıxmış matrosa oxşayan bu adama yaxınlaşıb buradan getmək üçün kömək istədi. Matrosun Cənubi Amerikaya gedən gəmidə işlədiyini öyrəndikdə onu gəmidə gizlətməsini xahiş etdi. Bunun qarşılığında matrosa əlində olan pulları və anasından qalmış qızıl saatı verməli olacaqdı.

      Matros Artur üçün köhnə pal-paltar tapdıqdan sonra, onu çirkli bir qayıqda gizlədib gəmiyə gətirdi. Gəmiyə çatdıqda o, Arturu gəminin rütubətli və qaranlıq anbarına saldı. Saatı və pulu alıb, ona yemək və su gətirdi. Sonra isə ona tapşırdı ki, boş çəlləklərdən birində gizlənsin.

      Artur su səhəngini yaxşı bir yerə qoyub boş çəlləklərdən birinə girib matrosun gətirdiyi donuz əti və qurudulmuş çörək parçalarını yeməyə başladı. Yeyib qurtarandan sonra yumaq kimi büzüşdü və ömründə ilk dəfə dua oxumadan yatdı. Nə yan-yörəsində qaçışan siçovulların səsi, nə gəminin yırğalanması, nə ürəkbulandıran qoxu, nə də sabah baş qaldıracaq dəniz xəstəliyi onun yuxusunu poza bilmədi.

      İKİNCİ HİSSƏ

      Birinci fəsil

      …On üç il sonra…

      Qarşıdakı siyasi iş planının müzakirə edildiyi iclasda dini cəmiyyətlə satiranın köməyi ilə mübarizə aparmaq qərarı qəbul olundu. İclasın iştirakçıları Ovod imzası ilə kiçik satirik yazılar yazmaqla şöhrət qazanmış Feliçe Rivaresi tədbirə dəvət etmək qərarına gəldilər.

      Bu ərəfədə aristokratlardan birinin təşkil etdiyi ziyafətə cəmiyyətin tanınmış nümayəndələri ilə yanaşı, inqilabi təşkilatın üzvləri və Ovod da dəvət olunmuşdu.

      Cemma bürküdən və səs-küydən bezərək dincəlmək üçün eyvana çıxdı. O, gözdən yayınmaq məqsədi ilə bitkilərin arasında yer tapıb oturmuşdu. Burada yuxuladığı vaxt birdən ayaq tappıltısı və adam səsi eşidib gözlərini açdı. Gələnlər düz onun qabağında, bitkilərin o biri tərəfində dayandılar. Onlardan biri ev sahibəsi idi, onun cır səsi kəsildikdən sonra isə mülayim və ahəngdar bir kişi səsi eşidildi:

      – Deyirsiniz ki, o, ingilisdir? Amma soyadı, deyəsən, italyan soyadıdır. Necə dediniz? Bolla?

      – Bəli. O, Covanni Bollanın dul qalmış arvadıdır. Əri dörd il əvvəl İngiltərədə ölüb.

      – İngiltərədə ölüb… Deyəsən, bu adı eşitmişəm. O, “Gənc İtaliya” təşkilatının ilk illərində həbs olunmuşdu?

      – Bəli, bəli. O, otuzuncu illərdə həbs edilən bədbəxt cavanlardan biri idi. Bir neçə aydan sonra onu azad etdilər. İki ildən sonra həbs edilməsi üçün yenidən əmr veriləndə İngiltərəyə qaçdı. Sonra xəbər tutduq ki, orada evlənib. Bu, çox romantik bir hadisədir. Bolla özü də romantik bir adam idi.

      – Deyirsiniz, İngiltərədə öldü?

      – Bəli. Vərəmdən öldü. Cemma ərinin ölümündən bir az əvvəl yeganə oğlunu da itirmişdi.

      Cemma yerindən qalxıb budaqları araladı: ev sahibəsinin qonağı əyləndirmək xatirinə onun başına gələn müsibətləri danışmasına dözmək olmazdı.

      Qadın Cemmanı görəndə özünü itirmədi:

      – Budur, özü də gəldi! Əzizim, sinyor Feliçe Rivares sizinlə tanış olmaq istəyir.

      Cemma maraqla ev sahibəsinin yanındakı kişiyə baxaraq fikirləşdi: “Hə, deməli, Ovod budur!”

      Rivares Cemmanın çıxdığı yaşıllığa baxıb dedi:

      – Özünüzə nə gözəl yer seçmisiniz!

      – Bəli, gözəl yerdir. Təmiz hava almaq istədim.

      Ev sahibəsi başını qaldırıb göyə baxdı:

      – Belə havada otaqda oturmaq günahdır. Bir baxın, sinyor, belə çiçəkləri, mavi səması olan ölkənin qul olması heç ağlasığandırmı?

      Ovod mülayim səsi ilə kəlmələri uzadaraq cavab verdi:

      – Belə vətənpərvər qadınları ola-ola!

      Cemmadan fərqli olaraq, ev sahibəsi bu sözlərdəki istehzanı duymadı. O, Rivaresi Cemmaya tapşırıb başqa qonaqlarla məşğul olmağa getdi. Ovod axsaya-axsaya gedib Cemma üçün stul gətirdi, özü isə onun yanında divara söykənib dayandı. Cemma onun üzünü aydın görə bilirdi. Bu adamın geyimində bir növ modabazlıq, üzünün ifadəsində, hərəkətlərində isə açıq bir lovğalıq nəzərə çarpırdı. Axsasa da, pişik kimi cəld idi. Bütün vücudu ilə qara qaplanı xatırladırdı. Qılınc yarasına bənzər uzun çapıq alnını və sol yanağını eybəcər bir şəklə salmışdı. Lakin üzündəki bu nöqsan olmasa, ona qəşəng demək olardı.

      – Eşitmişəm ki, siz mətbuatla maraqlanırsınız, hətta özünüzün də yazılarınız var, – Rivares dedi.

      – Hərdən yazıram. Amma yazmaq üçün çox vaxtım olmur.

      – Hə, eşitdiyimə görə, daha mühüm işlərlə məşğul olursunuz.

      – Bəli, işim çox olur. Lakin bunların əksəriyyəti olduqca sadə işlərdir. Məncə, otağa qayıtsaq, yaxşı olar. Ah, şərfim düşdü…

      Rivares СКАЧАТЬ