Название: Hekayələr
Автор: О. Генри
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241778
isbn:
Ətrafa nəzər yetirdikdən sonra Rudolf üzəri xalça ilə örtülü pilləkənlə üçüncü mərtəbəyə qalxdı. Mərtəbəarası meydançaya çatanda ayaq saxladı. Meydança iki ədəd solğun qaz lampası ilə işıqlandırılmışdı – biri dəhlizin başında, sağ tərəfdə, digəri isə lap yaxında, sol tərəfdə. Rudolf sol tərəfində yanan işığa tərəf boylandı, onun solğun parıltısı altında yaşıl qapını seçə bildi. Birdən yerində səndələdi. Elə o an afrikalı kart hoqqabazının özündənrazı və istehzalı təbəssümünü xatırladı; yaşıl qapıya doğru addımladı. Qapını astaca döydü. Qapını döyməsi ilə müşayiət olunan saniyələr əsl macərapərəstin cəld nəfəs alıb-verməsinə bənzəyirdi. Bu yaşıl qapının arxasında onu nə gözləyə bilərdi?! Qumar masasının ətrafında oturan oyunçular, məharətlərindən istifadə edərək hiylələrini işə salan kələkbazlar, cəsarət aşiqi olan və yalnız cəsarətə boyun əyən gözəlçə; təhlükə, ölüm, məhəbbət, məyusluq, masqara – qapının tıqqıltısına bunlardan hər hansı biri cavab verə bilərdi.
İçəridən zəif xışıltı səsi eşidildi və qapı astaca aralanmağa başladı. Kandarda təxminən iyirmi yaşında bir qız dayanmışdı. Bənizi solğundu. Ayaq üstə güclə dururdu. Qapının dəstəyini buraxdı, yerində səndələdi. Əlini havada gəzdirərək tutacaq axtarırdı ki, Rudolf cəld qolundan tutub qızı divara bitişik divanın üstünə uzatdı. Qapını örtdü və qaz lampasının işıqlandırdığı otağa nəzər saldı. Təmiz və səliqəli idi; eyni zamanda yoxsulluq hiss olunurdu. Qız hərəkətsiz uzanmışdı. Görünür, huşunu itirmişdi. Rudolf çəllək tapacağı ümidiylə otağa nəzər saldı. Yox, yox… bu, suda boğulan adamlar üçün işə yarayırdı. Şlyapası ilə qızın üzünü yelləməyə başladı. Bu, gözlənilən nəticəni verdi – şlyapasının ucunu qızın burnuna toxundurdu və qız gözlərini açdı. Bu vaxt cavan oğlan qızın üzündə xəyalındakı qalereyanın ən gözəl portretini gördü. Səmimi, ala gözləri, balaca, dik burnu, noxud gövdəsinin bığcıqları kimi buruq, qonur saçları – bütün bunlar qəribə macəranın son akkordları və zirvəsi idi. Çöhrəsi necə də zərif və solğun idi!
Qız sakitcə Rudolfa baxdı və gülümsədi.
– Deyəsən, huşumu itirmişdim, hə? – zəif səslə dedi. – Mənim yerimdə kim olsaydı, belə olardı. Üç gün ac qalsanız, özünüz görərsiniz.
– Necə? – Rudolf ucadan qışqırdı və cəld yerindən sıçradı. – Gözləyin, bu saat gəlirəm!
Qapıya tərəf, oradan da pilləkənlərə cumdu. İyirmi dəqiqə sonra o, yenidən yaşıl qapının ağzında durmuşdu. Qapını ayağı ilə döydü: əlində mağaza və restorandan aldığı bir qucaq ərzaq vardı – çörək, yağ, soyutma ət, piroq, paştet, şoraba, qızardılmış toyuq, bir şüşə süd, bir şüşə isti çay. Hamısını masanın üstünə qoydu.
– Belə mənasız aclıq etmək gülüncdü, – Rudolf yüksək səslə, kifayət qədər ciddi tərzdə dedi. – Bu cür hərəkətlərə birdəfəlik son qoyun. Axşam yeməyi hazırdı.
Rudolf qıza ayağa durmağa və stolun başında oturmağa kömək etdi.
– Çay üçün fincan varmı? – deyə soruşdu.
– Pəncərənin yanındakı rəfdədir, – qız cavab verdi.
Rudolf əlində fincan geri qayıdanda qız, güclü qadın instinkti ilə içərisində nə olduğunu güman edərək artıq paketi açıb iri xiyar turşusunu çıxarmışdı.
Rudolf gülərək turşunu qızın əlindən aldı və fincanı südlə doldurdu.
– Əvvəlcə bunu için, – deyə göstəriş verdi. – Sonra çay və toyuğun qanadını. Turşunu isə ağıllı qız olmaqda davam etsəniz, sabah yeyərsiniz. İndi isə qonağınız olmağıma icazə verirsinizsə, gəlin şam yeməyinə başlayaq.
Rudolf ikinci stulu masaya tərəf çəkdi. Çayı görən kimi qızın gözlərinə işıq gəldi, bənizi azca qızardı. O, uzun müddət ac qalmış vəhşi heyvan kimi acgözlüklə yeyirdi. Otağında yad, gənc adamın olması, ona kömək təklif etməsi qıza öz-özlüyündə o qədər də qeyri-adi görünmürdü. Ona görə yox ki, bütün bu baş verənlərə laqeyd yanaşırdı. Ona görə ki, insana təbiət tərəfindən verilən aclıq hissi bir müddət ona süni nəzakəti unutdurub təbii davranmağı diktə edirdi. Lakin gücü və əhvali-ruhiyyəsi bərpa olduqca qız sadə hekayəsini danışmağa başladı – şəhərdə hər gün, hər kəsin başına gələn min hekayədən biri: cüzi maaş müqabilində mağaza satıcısı işləyirmiş. Üstəlik, mağaza sahibi öz gəlirini artırmaq üçün ona cərimə yazır, xəstəliyi səbəbiylə tez-tez işə gedə bilmir, nəticədə işdən qovulur, bütün ümidlərini itirdiyi bir vaxtda yaşıl qapını bir macəra axtaran döyür.
Rudolf bu hekayəni lap “İliada”37 əsərinə bənzətdi.
– Aman Allah, təsəvvür edirəm nələr yaşamısınız, nələrə dözmüsünüz! – deyə oğlan dedi.
– Hə, bu dəhşətdir, – qız ciddi səslə əlavə etdi.
– Deməli, sizin burda heç qohumunuz, ya da dostunuz yoxdur…
– Heç kimim yoxdu.
– Elə mənim də, – Rudolf dodağının altında dilləndi.
– Buna çox şadam, – qız tələsik cavab verdi. Tək yaşamasına sevindiyini görmək gənc adama çox xoş təsir bağışladı. Qızın göz qapaqları qəfildən ağırlaşmağa başladı. Dərindən içini çəkərək:
– Yuxu gözümdən tökülür, – dedi. – Artıq özümü yaxşı hiss edirəm…
Rudolf ayağa qalxdı, şlyapasını götürdü.
– Elə isə gecəniz xeyrə qalsın, yaxşıca dincəlin, bu sizin üçün çox yaxşı olar, – deyə Rudolf əlini uzatdı.
– Gecəniz xeyrə qalsın.
Qızın gözlərində elə aydın, elə səmimi, elə riqqətli sual vardı ki, Rudolf bu suala sözlərlə cavab verdi:
– Hə, əlbəttə, sabah gəlib sizə dəyəcəm. Məndən belə asan xilas ola bilməyəcəksiniz.
Qız kandarda dayanaraq sanki oğlanın bura necə gəlib çıxması onun burda СКАЧАТЬ
37
“