Hekayələr. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Cəlil Məmmədquluzadə страница 6

Название: Hekayələr

Автор: Cəlil Məmmədquluzadə

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242201

isbn:

СКАЧАТЬ gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.

BƏLKƏ DƏ, QAYTARDILAR

Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam, çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.

Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb, axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.

Gündüzlər bulvarda rast gəldiklərim özüm kimi qələm sahiblərindən və teatr xadimlərindən olurdu.

Dörd-beş il bundan qabaq Bakıda yay fəsli bulvarda gəzən vaxt tez-tez bir belə hala rast gəlirdim: bulvarın dalda yerində, Naberejni küçəyə tərəf, ağacların dibində dörd nəfər müsəlman görərdim və mən bunların qabağından keçəndə çox vaxt bunların birinin əlində ruznamə19 görərdim və qalan üç nəfəri bunun ruznamə oxumağına qulaq asan görərdim. Amma mənə bir şey burada qəribə görünərdi. Nəzərimə belə gələrdi ki, bunlar suçlu20 adam kimi tez-tez otərəf-butərəfə zənn edirlər, guya bir kəsdən ehtiyatları var və ya bir adam gözləyirlər.

Axırda iş açıldı, mən bunları tanıdım, tanış da oldum və hətta müsahib də oldum. Və bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi.

Bir gün, hətta tarixi də yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-də Türk Tənqid-təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti Balaqədəşi bir işdən ötrü axtarırdım. Evə getdim – yoxdur. Çıxdım bulvara ki, bəlkə, orada görəm. Cəmiyyət az idi, çünki qulluq vaxtı idi. Dərya kənarı ilə birbaş dolandım və çöndüm indiki Tramvay küçəsinə tərəf və uzaqdan gördüm ki, haman dalda yerdə dörd nəfər həmişə gördüyüm adamlar oturublar. Mən istədim, qayıdam, bulvardan çıxam, çünki, doğrusu, bunlardan daha bədgüman olmuşdum. Allah rast saldı, Balaqədəş uzaqdan məni görüb, gəldi yanıma. Mən hər bir danışıqdan qabaq Balaqədəşə haman dörd nəfəri nişan verib soruşdum ki, bəlkə, o, onları tanıdı (Balaqədəş bakılıdır). Balaqədəş o tərəfə diqqətlə baxandan sonra başladı gülməyə və mənə dedi:

– Aha… Molla əmi, yaxşı oldu. Səni gərək aparam onların yanına.

Dedim:

– Getmərəm.

Balaqədəş dik baxdı üzümə və genə dedi:

– Sən öləsən, onlarda qiyamət var. Gərək səni onlarla tanış eləyəm.

Əvvəl mən dayandım və getmək istəmədim, amma artist rəfiqim başladı əlimdən çəkməyə. Bir az yavuqlaşdıq. Oturanların biri ayağa durdu və Balaqədəşi səslədi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa və bizə öz yerlərini təklif etdilər. Əyləşdik.

Balaqədəş mənim barəmdə onlara belə müərriflik etdi21:

– Bu mənim əziz və qədim dostum Molla Nəsrəddin əmidir ki, hətta bunun o məzəli jurnalını neçə dəfələrlə gülə-gülə oxumusunuz və oxuya-oxuya gülmüsünüz.

Hamısı diqqətlə üzümə baxırdılar və: "Bəli, bəli", – deyirdilər. Bundan sonra Balaqədəş üzünü mənə tərəf tutub onları da bu cür başladı mənə tanıtmağa:

– Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiros puluna möhtac eləyibdi. Ay namərd dünya!

Və burada Balaqədəş başladı bu "bədbəxtlərin" adını bir-bir sadalamağa. Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamısını əlindən alıb və bu qoca kişini indi yovmiyyə22 ruzusuna həsrət qoyub.

Onun yanında oturan sabunçulu Umudbəyovdur ki, eşitmiş olarsan, çünki onu tanımayan yoxdur. Onun qabaqlarda ildə yarım milyon tək bircə neftdən mədaxili olardı. Bu tərəfdə əyləşən və ruznamə oxuyan cavan məşhur milyonçu və un taciri Tələfxanbəy oğludur ki, bunu da gərək eşitmiş olasan. Rusiyanın hər bir böyük şəhərində bunun atasının böyük-böyük dəyirmanları vardı və neçə paraxodu. Bax, hələ bu dəryada işlədiyini mən özüm görmüşəm. Bax, mənim bu yanımda oturan da mənim köhnə dostum və Gəncə mülkədarı Hacı Sultandır ki, Nikolay vaxtında nər-nər nərildəyirdi və Martınov qradonaçalnikə küçədə elə bir şallağ vurdu ki, səsi düz Peterburğa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər. Gərək axı eşitmiş olasan.

Balaqədəş bu sözləri deyib qurtardı və sonra oturanlara tərəf əyilib yavaşca onların birinə belə dedi:

– Hacı Həsən ağa, heç bir zərrə qədər fikir eləməyin. Siz öləsiniz, saxlaya bilməyəcəklər, hamısını qaytaracaqlar.

Mən burada Balaqədəşdən soruşdum ki, o nəyi deyir "saxlaya bilməyəcəklər" və kim saxlaya bilməyəcək?

Artist rəfiqim mənə belə cavab verdi:

– Molla əmi, bax bu gün ayın neçəsidir?" Bəli, on ikisi deyilmi? Yadında saxla, bax söz burada qalsın (səsini bir qədər alçaltdı). Dostlarımın işini xarab görürəm. İngilislər bərk yapışıblar Çiçerinin23 yaxasından və deyirlər: “Ya borcunu ver, ya çəkil kənara!”

Mən burada gördüm ki, təzə tanışlarım Balaqədəşin sözlərinə elə ürəkdən şadlanırlar ki, guya bunlara bir böyük müjdə xəbəri gətiriblər.

Mən bir söz demədim, səbəb bu ki, bu təzə tanış olduğum adamları indi birinci dəfədir ki, görürdüm.

Balaqədəş genə üzünü oturanlara tərəf tutdu və dedi:

– Tələfxanbəyzadə! Deyəsən, səndə təzə xəbər var! Mən görürəm ki, qəzetə çox diqqətlə baxırsan. Hər nə sözün var, de və Molla əmidən yana arxayın ol. Oxu, görək nə var, nə yox.

Tələfxanbəy oğlu ətrafa baxandan sonra yavaşca məndən soruşdu:

СКАЧАТЬ

19

Ruznamə – köhn. qəzet

20

Suçlu – təqsirkar

21

Müərriflik etmək – tanıtmaq, tanış etmək

22

Yovmiyyə – hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik

23

Çiçerin Georgi Vasilyeviç (1872-1936) – sovet diplomatı