Название: Hekayələr
Автор: Самед Бехранги
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242287
isbn:
− Heykəl kimi nə dayanmısan? Rədd ol yolumdan!
Özümə gələndə gördüm sükanın arxasında bəzək-düzəkli qoca bir qadın oturub. Yanındakı yekə it başını çıxarıb ətrafı süzür. Fikirləşdim ki, bir daş götürüb maşının şüşəsini sındırmasam, hirsim soyumayacaq. Lakin fikrimdən daşındım. Qoca qadın bir neçə dəfə siqnal verib qışqırdı:
− Karsan? Yoldan rədd ol!
Yanımızdan bir neçə maşın ötüb-keçdi. Qoca qadın bir də başını çıxarıb qışqırmaq istəyəndə üzünə tüpürüb götürüldüm. Bağlı bir dükanın səkisində oturdum. Ürəyim döyünürdü.
Dükanın içərisində işıq yanır, dəmir qapının deşiklərindən içəri görünürdü. Cürbəcür ayaqqabılar səliqə ilə düzülmüşdü. Atam bir dəfə demişdi ki, ongünlük qazancımıza bu ayaqqabılardan bir cüt ala bilmərik. Kürəyimi qapıya söykəyib ayaqlarımı uzatdım. Ovcumun içi yenə də ağrıyır, ürəyim üzülürdü. Yadıma düşdü ki, çörək yeməmişəm. Öz-özümə dedim:
− Bu gecə də ac yatıram. Kaş atam mənim üçün bir şey saxlamış olaydı…
Birdən dəvənin məni gəzdirməyə çıxaracağı yadıma düşdü. Yerimdən dik qalxıb yola düşdüm. Oyuncaq dükanı bağlanmışdı. Lakin qapının dalından səs eşidilirdi. Qəfəslərdəki ağ dəvə balaları səs salıb deyirdilər:
− Xiyabana çıxsan, biz də səninlə gələrik, yaxşımı?
Dəvəm ilə bir-iki kəlmə danışmaq üçün nə qədər çığırdımsa, eşitmədi. Əlacsız qalıb qapıya bir-iki təpik ilişdirdim ki, bəlkə, başqaları sakitləşə, dəvəm məni eşidə. Bu zaman kimsə qulağımdan tutub dedi:
− Ay uşaq, dəli olubsan? Gecənin bu vaxtı burada nə gəzirsən? Gedib yatsana!
Dayanmaq vaxtı deyildi. Polis nəfərinin əlindən qurtarıb aradan çıxdım… Atamın yanına çatanda xiyabanlar tamam adamsızlaşmışdı. Hərdən taksi maşınları gəlib-keçirdi. Atam əl arabasının üstündə yatmışdı. Mən də orada yatmalı olsaydım, atamı oyatmalı, ayaqlarını bir yana çəkməsini xahiş eləməli idim. Üstündə bir neçə adam yatmış arabalar da vardı. Quru torpaq üstündə yatanlar da az deyildi. Mən öz əl arabamızın yanında uzanıb yuxuya getdim.
"Cirik! Cirik! Cirik!
− Ey Lətif, haradasan? Lətif, niyə cavab vermirsən? Niyə gəlmirsən, gedək gəzək!
Cirik! Cirik! Cirik!
− Lətifcan, səsimi eşitmirsən? Mən dəvəyəm, səni gəzməyə aparmağa gəlmişəm. Gəl belimə min, gedək.
Dəvə eyvanın altına çatan kimi yataqdan durub atıldım və düz onun belinə düşdüm. Gülə-gülə dəvəyə dedim:
− Niyə hay salırsan, mən ki sənin belindəyəm?
Dəvə sevindi. Saqqızdan bir tikə mənə verdi, bir tikə də öz ağzına qoyub yola düzəldi. Azacıq getmişdik ki, dedi:
− Ağız qarmonunu da gətirmişəm, al çal, qulaq asaq.
Mən qarmonu alıb çalmağa başladım. Dəvə də bəzən iri və kiçik zınqırovları ilə mənim qarmonuma ahəng tuturdu.
Birdən başını mənə sarı çevirib soruşdu:
− Lətif, axşam yeməyi yemisən?
− Pulum olmadığından yeməmişəm.
− Elə isə əvvəlcə gedək yemək yeyək.
Bu zaman ağ dovşan yaxınlaşıb:
− Dəvəcan, − dedi, − axşam yeməyini yaylaqda yeyəcəyik; siz gedin, mən də gedib o birilərə xəbər verim ki, oraya gəlsinlər.
Dovşan gəmirdiyi sarıkökü arxa atıb hoppana-hoppana bizdən uzaqlaşdı. Dəvə məndən soruşdu:
− Bilirsən, malikanə nə deməkdir?
− Məncə, yaylaq deməkdir.
− Yox, canım, malikanə milyonçuların ab-havası gözəl yerlərdə qurduqları imarətdir, cah-calaldır ki, kefləri istəyəndə gedib orada istirahət eləsinlər, kef çəksinlər. Malikanələrdə evlərdən fərqli olaraq böyük hovuzlar, fəvvarələr, güllü-çiçəkli bağ-bağçalar da olur. Malikanə sahibləri xidmət üçün bir dəstə aşpaz, bağban və nökər də saxlayır. Bəzi milyonçuların başqa xarici ölkələrdə − Fransada, İsveçrədə malikanələri var. İndi biz sərinləmək üçün Tehranın şimalındakı malikanələrdən birinə gedirik.
Dəvə bu sözləri deyib elə bil quş idi, qanadlandı, havaya qalxdı… Bizdən aşağıda təmiz, qəşəng evlər görünürdü. Mənə elə gəlirdi ki, kinoya baxıram. Nəhayət, dəvədən soruşdum:
− Biz şəhərdən uzaqlaşmışıq?
− Yox, sən niyə bu fikrə düşdün?
− Çünki bu tərəflərin havası çox təmizdir. Evlərin hamısı böyükdür, əzəmətlidir.
− Sən haqlısan. − Dəvə güldü: − Tehran bir-birindən fərqli iki hissədən ibarətdir − cənub və şimal. Cənub hissə − tüstülü, tozlu-torpaqlı, zibillidir. Şimal hissə − tərtəmizdir, gözəldir. Köhnə avtobusların hamısı cənubda işləyir, kərpic kürələri də orada yerləşir. Küçə və xiyabanların çoxuna asfalt döşənməyib. Şimaldan gələn çirkli və iyli-qoxulu su arxları buraya axır. Bir sözlə, cənub − yoxsul və ac insanların, şimal isə əyanların, varlıların yaşadığı rayondur. Sən heç Həsirabadda, Naziabadda və Hacı Əbdülhəmid xiyabanındakı onmərtəbəli mərmər binaları görmüsən? Bu hündür binaların aşağı mərtəbələrindəki mağaza sahiblərinin müştəriləri elə adamlardır ki, onların lüks sərnişin maşınları, neçə min tümən qiyməti olan itləri var.
Mən dedim:
− Cənub tərəfdə belə şeylərə rast gəlmək mümkün deyil. Orada heç kəsin minik maşını yoxdur. Amma çoxlu əl arabaları vardır. Adamlar yeraltı daxmalarda yaşayırlar.
Acından az qala ürəyim gedirdi. Bizdən aşağıda əlvan çıraqlı sərin, təravətli və gül-çiçəyə bürünmüş böyük bir bağ görünürdü. Bağın ortasında qəşəng bir imarət, onun yanında gömgöy suyu СКАЧАТЬ