Название: Hekayələr
Автор: К. Г. Паустовский
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242454
isbn:
– İndi də belədir? – Olqa Andreyevna soruşdu.
– Bəli!
Qadın gözlərini yerə dikdi.
– Niyə? – soruşdu.
– Dəqiq bilmirəm. Amma belə hiss edirəm. Mən Visla yaxınlığında yaralanmışdım, hospitalda yatırdım. Hamı məktub alırdı, məndən başqa… Sadəcə, mənə məktub yazacaq yaxınlarım yox idi. Uzanıb hamı kimi müharibədən sonrakı gələcəyimi düşünürdüm. Əlbəttə ki, xoşbəxt və qeyri-adi gələcək xəyal edirdim. Sonra sağaldım, məni məzuniyyətə yollamaq qərarı verdilər. Gedəcəyim şəhəri təyin etdilər.
– Hansı şəhəri? – Olqa Andreyevna soruşdu.
Kuzmin şəhərin adını dedi. Qadın dinmədi.
– Gəmiyə oturdum, – Kuzmin davam elədi. – Sahilyanı kəndlər, limanlar bir-birini əvəzlədi. Yalqızlığımı dərk elədim. Allah xatirinə, gileyləndiyimi fikirləşməyin. Tənhalığın da yaxşı tərəfləri var. Sonra Navoloki gəldi. Qorxurdum ki, yatıb qalaram. Gecənin bir aləmində göyərtəyə çıxıb düşündüm: nə qəribədir ki, bu nəhəng, bütün Rusiyanı örtmüş qaranlıqda, yağmurlu səmanın altında minlərlə müxtəlif insan sakitcə yatır. Sonra faytonla bu yolu gələrkən kimlə qarşılaşacağımı özlüyümdə təxmin edirdim.
– Hər halda, indi özünüzü nəylə xoşbəxt sanırsınız? – qadın soruşdu.
– Belə… – Kuzmin birdən ayılıb özünə gəldi. – Ümumiyyətlə, hər şey yaxşıdır.
Bunu deyib susdu.
– Nə oldu? Danışın da!..
– Nə haqda? Onsuz da çox danışdım. Lazımsız sözlər dedim.
– Həş şey haqqında, – Olqa Andreyevna cavab verdi. Sanki mayorun son sözlərini eşitmədi. – Nədən istəyirsiniz, – əlavə etdi. – Düzü, bir az qəribədir.
O qalxıb pəncərəyə yaxınlaşdı, pərdəni yana çəkdi. Yağış hələ kəsməmişdi.
– Qəribə olan nədir? – Kuzmin soruşdu.
– Bu yağış! – Olqa Andreyevna ona tərəf çevrildi. – Bizim bu görüşümüz, gecə söhbətimiz… Məgər bu, qəribə deyil?
Kuzmin çaşqın halda susurdu. Bayırda, rütubətli qaranlıqda gəminin siqnal səsi eşidildi.
– Hə, belə… – sanki qadın rahat nəfəs alıb dedi. – Bu da gəminin siqnalı!
Kuzmin ayağa qalxdı. Olqa Andreyevna isə hələ də tərpənmirdi.
– Dayanın, – o, sakitcə dedi. – Gəlin yolqabağı bir az da oturaq. Lap qədimlərdəki kimi…
Kuzmin yenidən əyləşdi. Olqa Andreyevna da oturdu, fikirli idi, hətta üzünü yana tutmuşdu. Kuzmin onun hündür çiyinlərinə, boynunda toplanmış qalın hörüklərinə, təmiz, zərif boynuna nəzər salıb fikirləşdi ki, əgər Başilov olmasaydı, bu şəhərdən heç yana getməz, məzuniyyətinin sonuna qədər burda qalar və yanındakı bu mehriban və hazırda kədərli olan qadının varlığının həyəcanını yaşayardı.
Olqa Andreyevna qalxdı. Kiçik arakəsmədə Kuzmin ona plaşını geyməyə kömək etdi. Qadın başına yaylıq da bağladı. Evdən çıxıb qaranlıq küçəylə sakitcə gedirdilər.
– Bir azdan dan yeri qızaracaq, – Olqa Andreyevna dedi.
Çayın üzərində tünd-mavi səma göyərirdi. Kuzmin fikir verdi ki, qadın titrəyir.
– Sizə soyuqdur? – o narahat oldu. – Nahaq məni ötürməyə gəldiniz. Özüm yolu tapardım.
– Yox, nahaq yerə deyil… – qadın qısaca cavab verdi.
Yağış artıq kəsmişdi, amma evlərin damlarından damcılar tökülüb taxta səkiləri döyəcləyirdi. Küçənin sonunda şəhər bağı yerləşirdi. Darvazası açıq idi. Hasardan o yana keçən kimi sıx ağaclı, baxımsız xiyaban başlayırdı. Bağdan sübh rütubətinin, yaş torpağın qoxusu gəlirdi. Bu, köhnə, hündür cökə ağacları olan bağ idi. Cökələr artıq çiçəklərini tökdüyündən zəif ətir saçırdı. Yalnız bircə dəfə külək əsdi və elə uğuldadı ki, elə bil başları üzərində iri damlalı, güclü leysan töküb dərhal da kəsdi.
Bağın sonunda, çay tərəfdə yarğan vardı. Yarğanın arxasında, uzaqlarda isə sübhqabağı yağmurlu səma, aşağıda mayakın işığının tutqun zolağı, duman və yay yağışının kədəri sezilirdi.
– Burdan necə enəcəyik? – Kuzmin soruşdu.
– Bura gəlin!
Olqa Andreyevna cığırdan birbaşa yarğana tərəf döndü və aşağı, qaranlığa aparan taxta pilləkənə yaxınlaşdı.
– Əlinizi verin! – qadın dedi. – Pillələrin çoxu palçıqlıdır.
Kuzmin əlini verdi və onlar ehtiyatla aşağı düşməyə başladılar. Pillələrin arasında bitmiş otlar yağışdan islanmışdı. Sonuncu pillədə onlar dayandılar. Artıq liman, eləcə də gəminin yaşıl və qırmızı işıqları görünürdü. Gəminin buxarı guruldayırdı.
Kuzminin ürəyi sıxılırdı: ona yad və eyni zamanda bu qədər yaxın olan qadından indicə ayrılacaq, ona heç bir söz deməyəcəkdi… Hətta rastına çıxdığına və nəm əlcəkli balaca, möhkəm əlini ona uzatdığına, köhnə pilləkənlərlə ehtiyatla düşürtdüyünə görə təşəkkür də edə bilməyəcəkdi. Az əvvəl pilləkəni endikcə məhəccərə qarışmış yaş budaqlar mayorun üzünə dəyib cıza bilərdi, buna görə də qadın hər pillədə “Başınızı əyin” deyə ona xəbərdarlıq edirdi. Kuzmin də itaətlə onun dediyinə əməl edirdi.
– Burda vidalaşaq, – Olqa Andreyevna dedi. – Burdan o yana getməyəcəyəm.
Kuzmin ona nəzər saldı. Yaylığın altından ona təlaşlı, ciddi gözlər baxırdı. Doğrudanmı, indi, elə bu dəqiqə hər şey keçmişdə qalacaq və hər ikisinin həyatında üzücü bir xatirə kimi iz qoyacaqdı?!
Olqa Andreyevna Kuzminə əl uzatdı. Kuzmin onun əlini öpdü və o an ilk dəfə otaqda, yağışın səsi altında duyduğu həmin zərif ətir yenidən burnuna dəydi. Başını qaldıranda Olqa Andreyevna nəsə dedi, amma səsi elə zəif çıxdı ki, Kuzmin eşidə bilmədi. Ona elə gəldi ki, qadın yalnız bircə kəlmə: “Əbəs yerə”, – dedi. Bəlkə, başqa sözlər də demişdi, amma çay tərəfdən gəminin yağmurlu sübh çağından, yağış, СКАЧАТЬ