Başsız atlı. Майн Рид
Чтение книги онлайн.

Читать онлайн книгу Başsız atlı - Майн Рид страница 4

Название: Başsız atlı

Автор: Майн Рид

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952240481 

isbn:

СКАЧАТЬ vəd edirəm.

      "O nə qədər təvazökardır!" – deyə Luiza bir anlığa düşündü.

      Vəhşi at ovlamaq və eyni zamanda şənlənmək üçün Moris Ceraldın seçdiyi yerdən münasib məkan tapmaq olmazdı. Bahalı alman şərabları köpüklənirdi, şən söhbətlərin uğultusu ətrafa yayılırdı.

      – Mustenos! – deyə birdən Krespinonun – meksikalı at ilxıçısının səsi eşidildi.

      – Vəhşi ayğırlardır? – Moris soruşdu.

      – Yox, manadadır, – Krespino dedi.

      Moris cəld yəhərə sıçradı. Kapitan Kolhaun nə baş verdiyi ilə maraqlandıqda mayor belə izah etdi:

      – Meksikada mustanqlara mustenos, vəhşi madyanlar ilxısına isə manada deyirlər. İlin bu çağında madyanlar ayğırlardan aralı otlayırlar, ancaq…

      – Nə ancaq?

      – Ancaq vəhşi eşşəklər onlara hücum etməzsə, – dedi.

      İlxı yaxınlaşırdı.

      – At belinə! – deyə hər tərəfdən səslər eşidildi.

      Atlar vəhşicəsinə fınxıraraq onları qovan vəhşi eşşəkdən yaxa qurtarmaq üçün var gücləri ilə qaçırdılar. Onlar nə furqonu, nə də atlıları görürdülər.

      – Bu yaramazı dayandırmaq lazımdır, yoxsa bütün ovumuzu korlayar.

      Vəhşi eşşək atları qovanda onu heç bir qüvvə dayandıra bilməz… İlxını izləyən vəhşi eşşəyin necə bərk qaçdığını buradakılardan heç kəs bilmirdi. Hamı onu sadəcə olaraq qanmazlıq və ətalət nümunəsi kimi tanıyırdı.

      – Cənablar, yerinizdən tərpənməyin! Atları saxlayın! – deyə Moris Ceraldın səsi eşidildi. – Mən onların harada otladıqlarını bilirəm. İndi ora üz tutublar. Biz onların dalınca gedib yaxşıca ov edərik. Ey, senyor Krespino, o yaramaza atəş açın. Uzaqda deyil, gülləniz ona çatar.

      Eşşək atəş səsini eşidib anqırdı. Güllə ondan yan ötmüşdü. Mustanger kəskin bir hərəkətlə atını mahmızladı. Onun atdığı kəmənd bir andaca qaçan eşşəyin başına keçdi. Eşşək dal ayaqları üstə qalxıb yerə dəydi. Özünü yetirən meksikalı iti bıçağını onun ürəyinə soxub öldürdü…

      Çöldə qovhaqov

      Moris kəməndini dəstələməyə başladı. Bu zaman o, Luizanın xal-xal mustanqın belində dördnala çapdığını gördü. Qız sanki ilxının dalınca düşənlərin hamısını ötməyə can atırdı. Xal-xal mustanqın niyyətini yalnız bir nəfər başa düşdü. Moris xal-xal mustanqın bu ilxıdan olduğunu duymuşdu. Şübhəsiz, mustanq öz çöl yoldaşlarını görüb onlara qoşulmaq istəmişdi. Çox çəkmədi, xal-xal mustanqın niyyətini hamı başa düşdü.

      Kapitan Kolhaun, Henkok, Krossmen, onların ardınca gənc plantasiya sahibləri və digərləri atlarını qızın ardınca çapdılar. Lakin heç kəs təlaşa düşməmişdi. Hamı Luizanın yaxşı at minicisi olduğunu bilirdi.

      Kəməndi dəstələyən mustanger atını hamıdan gec mindi. Morisin kəhər atı bir müddət sonra hamını ötüb-keçdi. Kolhaun öz acizliyini görüb ürəyində ona hiddətlə lənət oxudu. Hamıdan arxada draqunlar at səyirdirdilər. Az sonra mənzərə tamam başqa şəkil aldı. İlxı xal-xal mustanqdan, xal-xal mustanq isə kəhər atlıdan çox-çox qabağa getmişdi. Qalanları isə artıq görünmürdülər.

      Luiza heç bir təlaş keçirmədən atın belində sakit oturmuşdu. Kəhər atın belindəki mustanger isə böyük həyəcan keçirirdi. Moris getdikcə uzaqlaşan qızdan gözünü ayırmadan çapırdı.

      İlxı meşəlikdə gözdən itdi. İlxının gözdən itməsi ilə xal-xal mustanq birdən addımlarını yavaşıdıb dayandı. Moris kəhər atın belində meşəliyə girəndə Luiza talada atın belində sakitcə dayanmışdı. O, təhlükədə olduğunun fərqində deyildi.

      – Ser, bu sizin tərəfinizdən böyük lütfkarlıqdır. Yəqin ki, hinduların mənə hücum edəcəyindən qorxurdunuz?

      – Yox, məni düşündürən hindular deyildi.

      – Başqa nə təhlükə var ki? Lütfən, deyin, bundan sonra ehtiyatlı olaram.

      Moris birdən cavab vermədi. Eşitdiyi səslər onu dönüb baxmağa məcbur etdi.

      – Vəhşi ayğırlardır. Mən onların bu yerlərdə olduğunu bilirdim.

      – Bu sizin dediyiniz təhlükədirmi?

      – Bəli, məni düşündürən bu təhlükə idi. Onlar ilin bu fəslində pələng kimi yırtıcı və təhlükəli olurlar.

      – İndi biz nə edək? – deyə Luiza soruşdu.

      – Əgər biz vəhşi ayğır ilxısı ilə üz-üzə gəlsək, onların ayaqları altında qalarıq. Gizlənib ilxını qabağa buraxmalıyıq.

      Lakin artıq gec idi: vəhşi at ilxısı kolluğun arasından uzanan cığırda göründü.

      – Dəhşət! Onlar artıq bizi görmüşlər, – Moris qışqırdı. – Tez olun, tez olun! Unutmayın ki, siz öz həyatınızı xilas edirsiniz!

      Bu andan etibarən belində adam olan atlarla belində adam olmayan atlar arasında qızğın bir yarış başlandı. Moris hərdənbir dönüb dala baxırdı. Vəhşi atlarla onların arasında məsafə azalmamışdı, onun üzündə əvvəlki kimi təlaş görünürdü. O, tək olsaydı, qətiyyən narahat olmazdı.

      Çox keçmədən onlar geniş düzənliyin ortasında qaralan dərin bir yarğana çatdılar. Yarğanın eni on beş futdan az olmazdı. Moris kəhər atın onu darda qoymayacağını bilirdi. Bəs xal-xal madyan?

      Mustanger soruşdu:

      – Sizin at bu yarğanın üstündən atıla bilərmi?

      – Şübhə etmirəm, – deyə Luiza cavab verdi. Onlar yarğan üzərindən atılıb keçdilər. Lakin təhlükə sovuşmamışdı. Vəhşi atlar da bu yarğandan sıçrayıb o tərəfə keçə bilərdi. İlxı onlara lap yaxınlaşmışdı.

      Yarğandan bir qədər uzaqlaşdıqdan sonra Moris birdən atını saxladı.

      – Miss Poyndekster, siz atınızı çapın, tez burdan uzaqlaşın! Gölü görürsünüzmü? İki çəpərin arası ilə birbaş oraya çapın. Çəpərlər birləşən yerdə bir ağıl görəcəksiniz. Ağıla girib atdan düşər, uzun tirlə girişi bağlayarsınız.

      – Bəs siz?

СКАЧАТЬ