Çingiz xan. Mişel Yoanq
Чтение книги онлайн.

Читать онлайн книгу Çingiz xan - Mişel Yoanq страница 6

Название: Çingiz xan

Автор: Mişel Yoanq

Издательство: Altun Kitab

Жанр:

Серия: Tarixi yaradanlar

isbn: 9789952244182 

isbn:

СКАЧАТЬ vəziyyətdə gözləməyə başladı.

      Əslində, onlar tayciutların basqınını çoxdan gözləyirdilər. Odur ki bir qulaqları daim səsdə idi…

      Elə ki üç yüzə qədər atlı onlara yaxınlaşdı, məlum oldu ki, bunlar merkitlərdir.

      Merkitlərin mərhum Yesugeylə köhnə haqq-hesabı vardı. Belə ki, Temuçinin atası Oelunu məhz merkitlərdən qaçırmışdı. Aradan illər keçmiş, ancaq onlar bunu unutmamışdılar. Odur ki indi Yesugey soyundan bir neçə qadını qaçırmaq qərarına gəlmişdilər.

      Temuçin və yaxınları dərhal anladılar ki, işlər şuluqdur: onlar vur-tut on atlı idilər, qarşılarında isə az qala bir qoşun vardı. Belədə qaçmağa üz qoydular. Hamı aradan çıxdı, bircə Temuçinin xanımı ilə Yesugeyin ikinci arvadı at çatmadığından obada qaldılar.

      Qəribə görünə bilər ki, axı niyə kişilər öz qadın ailə üzvlərini tərk edib taleyin ümidinə buraxsınlar? Üstəlik, onların arasında hər bir merkitlinin həsrətində ola biləcəyi təzə gəlin olduğu halda…

      Bəziləri bunu qadınlara qarşı laqeyd münasibətlə, bəziləri düşmən tayfanın qəfil basqınından doğan təşviş və həyəcanla izah edirlər.

      Bir çoxlarının fikrincə isə Temuçin öz qadınını hiyləgərliklə yurdda saxlayıbmış ki, düşmənlərin başı ona qarışsın, qalanlar qaçıb qurtulsun. Artıq yəhər üstünə qalxmış, qaçmağa hazır oba əhlini arxayınlaşdırmaq üçün qoca xadimə qışqırdı: «Siz gedin, Börtəni mən gizlədərəm!» O, vaxt itirmədən belə də elədi: Börtəni arabaya yığılmış yun qalağının altında gizlətdi.

      Birazdan merkitlər tərk edilmiş alaçıqlara doluşdular. Heç bir müqavimətə rast gəlmədən Yesugeyin xanımını ələ keçirdilər. Sonra xidmətçi qadını görüb kim olduğunu soruşdular. Qadın yun dalınca gəldiyini, arabaya doldurduğu yunu öz binələrinə aparacağını söylədi. Merkitlər ona inanmadılar, tələsik arabanı axtardılar və beləliklə, Börtəni də tutdular. Onların qələbə sevincini, qışqır-bağırını, ələ keçirdikləri əsir qadınlar qarşısında kinayə ilə necə qəhqəhə çəkdiklərini təsəvvürə gətirmək çətin deyil.

      Merkitlər qaçıb aradan çıxanları təqib etmək fikrinə düşdülər, at ayaqlarının izi ilə bir qədər getdikdən sonra fikirlərindən daşındılar: bu izlər qarətçiləri ətrafı cəngəllik və bataqlıqla çevrəli olan meşəyə aparırdı. Onlar meşəyə girməyi təhlükəli hesab etdilər və geri qayıtdılar.

      Merkitlər Temuçin və yaxınlarını da əsir götürmək fikrindən həm də ona görə əl çəkmişdilər ki, onsuz da Börtə və Yesugeyin dul arvadını tutmuşdular. Deməli, qisaslarını almış, namuslarını təmizə çıxara bilmişdilər.

      Merkitlərin bir də geri dönməyəcəyinə tam əmin olandan sonra Temuçin və qardaşları, eləcə də digərləri meşədən çıxdılar. Ancaq buna baxmayaraq Temuçin obaya qayıtmağı düzgün saymadı: onlar bir müddət elə meşə kənarındaca, iri ağac budaqlarından düzəldilmiş çalıda qaldılar. Axırda təhlükənin tamamilə sovuşduğunu görüb öz yurdlarına dönməyə qərar verdilər.

      Xanımı və atasının dul qadını əsir düşsə də, Temuçin belə hesab edirdi ki, böyük bir xatadan qurtara biliblər. Odur ki o üzünü müqəddəs Burxan-Xaldun dağına tutub Tanrıya dua elədi: «Qoca Xoaçinin ayıqlığı və tülkü gözləritək iti baxışları sayəsində bu bədbəxt həyatımı qurtara bildim; Burxan-Xaldun dağlarının ətəklərinə yetişib söyüd budaqlarından özümə koma düzəldə bildim… Hər sabah Burxan-Xaldun dağına qurban kəsəcəyəm, hər gün ona dua edəcəyəm. Qoy oğullarımın oğulları da onun bu yaxşılığını unutmasın!»

      Sonra müqəddəs adətlərə uyğun olaraq qurşağını açıb boynuna saldı, on kərə yumruğunu sinəsinə döyüb üzüqoylu yerə əyilib Günəşə səcdə elədi.

      Dağlar türk və monqol xalqları üçün qədimdən bəri müqəddəsdir. Onlar uluların əcdadı, igidlərin arxa-dayağı, heyvanların və quşların hamisi hesab olunur. Temuçinin üz tutduğu Burxan-Xaldun da belə müqəddəs məkanlardandır.

      Günəşə gəldikdə o, türk və monqol xalqlarının dünyagörüşündə xüsusi yer tutan «Əbədi Mavi Göy» (Koekoe Mongka Tengri) inancı ilə bağlıdır. Monqol əsatirlərində Burxan-Xaldun Göyə – Tanrıya ucalmağın, Günəş isə bu ucalığın simvolu kimi göstərilir.

      Kitabımızın növbəti səhifələrində Temuçinin həyatı boyu ondan dəfələrlə nicat umduğunun şahidi olacağıq.

      Mavi Göyə həyatını xilas etdiyinə görə öz şükran dualarını çatdırdıqdan sonra Temuçin dərhal planlar qurmağa başladı: gözəl xanımı Börtəni və atasının dul qalmış ikinci arvadını necə qaytaracaq, bu rüsvayçılığın qisasını merkitlərdən necə alacaq? Axırda Temuçin belə qərara gəlir ki, kömək üçün onu öz qanadları altına alan Toğrul xaqana müraciət etsin. Axı Toğrul pərən-pərən düşmüş tayfa-tirəsini Temuçinin ətrafında toplayacağına dair söz vermişdi.

      Merkitlər kifayət qədər güclü idilər, onlara hücum etmək qanlı bir müharibəyə başlamaq deməkdir. Belə bir müharibəyə isə hazırlıqsız girişmək olmazdı.

      Toğrul xaqan sözünün üstündə durur. Kömək üçün üstünə gələn Temuçini əliboş qaytarmayaraq deyir: «Biz onları məcbur edərik ki, arvadın Börtəni və Yesugeyin dul qalmış ikinci arvadını qaytarsınlar. Hətta bütün merkit tayfaları əlbir olsa və bundan boyun qaçırsalar, biz qadınları onların əlindən zorla alarıq!»

      Hadisələrin sonrakı gedişatı gözlənilən istiqamətdə cərəyan edir: merkitlər nə Temuçinin xanımını, nə də Yesugeyin ikinci qadınını xoşluqla qaytarmaq istəmirlər. Belə olduqda müharibə qaçılmaz zərurətə çevrilir.

      Camuka

      Merkitlər üç əsas tayfadan ibarət idi: uduit, uvas və xaatlar. Bu etnik qruplar və qonşu tayfalar daha çox Selenqa çayı hövzəsində – Baykal gölü və Altay dağları arasındakı düzənlikdə köçəri həyat sürürdülər. Onların ümumilikdə otuz–qırx min nəfərdən ibarət olduğu güman edilir.

      Merkitlərlə müharibə etmək üçün öz tərəfdaşlarını toplamazdan əvvəl Toğrul arxa cəbhəni möhkəmləndirmək qərarına gəldi.

      Bundan sonra o, monqol əsilli cayrat boyunun tayfa başçısı Camukaya müraciət etdi. Yetim olsa da, bir bəy ailəsində tərbiyə alan Camuka uşaqlıqdan Temuçinlə dost idi, bərabər oyun oynayardılar. Sonralar onlar xüsusi ayinlə anda olmuşdular.

      İndi isə Camuka bir neçə min nəfərlik güclü ordunun qüdrətli sərkərdəsinə çevrilmişdi.

      Toğrul Temuçinə Camuka ilə hərbi ittifaqa girməyi məsləhət gördü: «Get kiçik qardaşın Camuka ilə razılığa gəl. O hazırda Arkonak-Cuburda olmalıdır. Həmin vaxtadək СКАЧАТЬ