Название: Çingiz xan
Автор: Mişel Yoanq
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
isbn: 9789952244182
isbn:
Verdiyi sözü tutmaq…
İllər ötdükcə Temuçin və onun yaxınlarının dolanışığı əhəmiyyətli dərəcədə yaxşılaşmağa başladı. Onlar cah-calallı həyat sürməsələr də, hər halda, gün-güzəranları pis də keçmirdi.
Temuçinin ilxısı bir-birindən gözəgəlimli daylarla, dayçalarla bir az da böyüyür, yamyaşıl vadilərdə ot qırpa-qırpa oynaqlaşır. Mal-qaranın sayının artması ailəni gözləyən daha yaxşı gələcəkdən xəbər verirdi…
Belə bir vaxtda artıq yetkinlik yaşına çatan Temuçin Dey Setçenlə münasibətlərini bərpa etməyi qərara alır. Yesugeyin ölümündən sonra, yeddi ilə yaxın idi ki, onlar görüşməmişdi. Temuçin Müdrik Deyin qızıyla nişanlandığını unutmamışdı. Günlərin bir günü o, ögey qardaşı Belguteylə birlikdə adaxlısı gənc Börtəni görməyə gedir. Bu vaxt Börtənin artıq on altı yaşı vardı. Bəd gələn illərə – Yesugeyin faciəli ölümünə və aradakı gediş-gəlişin kəsilməsinə baxmayaraq Müdrik Dey sözünün üstündə durur, vədinə əməl edir: qızını Temuçinə ərə verir.
Temuçinin adaxlısı üçün nə qədər başlıq verdiyi məlum deyil. Ancaq gəlinin cehizi içində qayınanası üçün nəzərdə tutulmuş «sitkul» deyilən bir hədiyyə vardı. Bu hədiyyə sonralar Temuçinin yüksəlişində böyük rol oynamış, xaqanlara layiq samur xəzi idi…
Beləliklə, Temuçin evlənir. Var-dövlət sahibi olmasa da, indi onun daim güvəndiyi doğmalarının sırasına bir nəfər də əlavə olunmuşdu: bu onun həyat yoldaşı – xanımı idi. Artıq məhrumiyyətlərlə dolu ağır illər geridə qalmışdı. Temuçinin daha böyük hədəfləri vardı: o digər tayfalarla əlaqələr qurmaq, öz təsir dairəsini genişləndirmək barədə düşünürdü. Bu işdə isə xanımının böyük köməyi dəyəcəyini qısa vaxtda anladı. Börtə ağıllı, mətin və tədbirli qadın idi. Odur ki, həqiqətən də, qısa zamanda Temuçinin ən yaxşı məsləhətçisinə çevrildi. Hətta bir çox hallarda Börtənin məsləhətləri Temuçinin qərar verməsində həlledici rol oynayırdı.
Sonralar Temuçin çoxlu arvad və kənizlərə sahib olsa da, ilk xanımına qarşı bağlılığı ömürlük davam etdi.
Toğrula sədaqət andı
Temuçin atasının ölümündən sonra qüvvədən düşən bir çox anlaşmaları, münasibətləri yavaş-yavaş bərpa etməyə başladı. Bunlardan biri Temuçinin gələcəyi baxımından xüsusi əhəmiyyətə malik idi.
Məsələ burasındadır ki, Yesugey qüdrətli vaxtlarında özünü «keraitlərin hakimi» elan etmiş Toğrula taxt-taca yiyələnməkdə ciddi dəstək vermişdi.
Yesugeyin ölümündən sonra keraitlərlə əlaqə kəsilmişdi. Odur ki günlərin bir günü Temuçin bu tayfa və onun başçısı ilə münasibətləri bərqərar etmək fikrinə düşdü. Bu, vaxtında verilmiş qərar idi.
Temuçin doğma qardaşı Cuçi-Kazarla ögey qardaşı Belguteyi özü ilə götürüb dünyanın ən dərin gölü olan Baykala tökülən Tuul çayının sahilinə gəldi. Keraitlər məhz bu ərazidə yaşayırdılar. Onların mənşəyi barədə məlumatlar ziddiyyətlidir: XII əsrə qədər bu tayfa haqqında heç nə məlum deyildi. Sadəcə, Rəşidəddinin9 əsərlərində bir neçə kerait xaqanının şəcərəsinə rast gəlmək olar. İlk dəfə keraitləri birləşdirən Marqus-Buyrak xan sayılır. Bir sıra tarixçilər onu xristian kimi təqdim edir, bu isə onunla əsaslandırılır ki, adı (yəni Marqus) «Mark» sözündən gəlir. Vaxtilə Marqus-Buyrak xanın hökmranlığı altında olan keraitlərin bir hissəsi nestorianlığı10 qəbul etmişdi.
Temuçin də məhz nestorian keraitlərin qonağı olacaqdı. O özü ilə bir çox qiymətli hədiyyələr də götürmüşdü. Toğrul xaqan keçmiş müttəfiqi Yesugeyin oğlunu ehtiramla qarşıladı. Temuçin ona dedi: «Nə vaxtsa sən özünü atamın andası elan etmisən, deməli, indi sən mənə ata əvəzisən. Mən artıq evliyəm. Xatunumun yolladığı hədiyyəni ilk görüşümüzün şərəfinə sənə təqdim edirəm».
Toğrul böyük məmnuniyyətlə hədiyyəni qəbul etdi və Temuçinə söz verdi ki, ona əlindən gələn köməyi əsirgəməyəcək. Üstəlik, gənc oğlana öyüd verdi ki, köhnə silahdaşı, dostu Yesugeyin mirasını bir yerə cəmləsin: tədricən monqol tayfalarını birləşdirsin!
Temuçin bu təklifə çox sevindi. Toğrul bu işdə də ona yardım göstərəcəyini böyük bir qətiyyətlə elan etdi. «Mən dağılıb dörd tərəfə səpələnmiş monqolları sənin iradənə tabe etmək üçün üzərimə düşən vəzifəni yerinə yetirəcəyəm!» – xaqan təntənəli şəkildə bildirdi.
Temuçin qulaqlarına inana bilmirdi: nəhəng bir ərazidə neçə-neçə tayfa-tirəni öz hakimiyyəti altında birləşdirən kerait xaqanından bu vədləri eşitmək onun üçün gözlənilməz idi. Düzdür, o, Toğrul xaqanın andasının oğludur, atası bir vaxtlar ad çıxarmış tayfa başçısı olub. Lakin bəs özü kimdir? Heç on ədəd atı olmayan xırda bir maldar! Elə isə, Toğrul xaqanı belə cazibədar vədlər verməyə nə vadar edirdi? Axı hələ ki Temuçin yalnız öz əsil-nəcabəti ilə öyünə bilərdi, həyatda heç bir böyük uğurun sahibi deyildi.
Temuçin bir qədər düşündükdən sonra belə qənaətə gəldi ki, Toğrul xaqanın vədləri onun sabiq müttəfiqi Yesugeyə dərin hörmətindən qaynaqlanır, vəssalam!
Bütün hallarda köhnə müttəfiqliyi bərpa etmək üçün böyük bir hökmdarın hüzuruna çıxmaq elə-belə iş deyildi. Temuçinin buna cəsarəti çatmışdı və ancaq alqışlamaq olardı. Obrazlı desək: qartal balası zirək tərpənib özünü qoca qartalın qanadları altında gizlədə bilmişdi. Güc, qüdrət toplayanadək bu ona hava, su kimi lazım idi!
Toğrul xaqanın Temuçini himayə edəcəyi barədə xəbər bir göz qırpımında ucsuz-bucaqsız monqol çöllərinə yayıldı.
Yesugeyin cəsur oğlu öz qardaşları ilə doğma obasına yenicə qayıtmışdı ki, uryanxay tayfasından Carkuday-Abuqan adında ixtiyar bir kişi oğlu Celme ilə birlikdə onun yanına gəldi. Görünür, qoca ya gec də olsa, Yesugeyə sədaqətini nümayiş etdirmək, ya da Temuçinlə Toğrulun keçmiş müttəfiqliyi bərpa etdiyini öyrənən kimi uzaqgörən davranıb oğlunu onun xidmətinə gətirmişdi. Sonralar Celme öz doğruluğu, dürüstlüyü və sədaqətli xidmətiylə Temuçinin ən yaxşı sərkərdələrindən biri olacaqdı…
Beləliklə, Temuçin kerait xaqanının vassalı olduğunu qəbul etdi, ardınca ətrafındakı adamların sayı çoxalmağa başladı. Həmin adamlar yaxın gələcəkdə Temuçinin ordusunun nüvəsini təşkil edəcəkdi.
Bu gəncə qısa vaxtda və bir çoxları üçün gözlənilməz sayıla biləcək uğuru gətirən nə idi? Şəxsiyyətinin cazibədarlığımı, yoxsa bu qoçağın başı üstündə getdikcə daha gur parlayan xoşbəxtlik СКАЧАТЬ
9
10