– Yüz manat verməlisiniz.
– Nə üçün?
– Şahidlikdən imtina etdiyinizə görə məhkəmənin qərarı ilə cərimə olunmusunuz.
– Nə şahidlik?
– Bilmirəm. Zəhmət olmasa, qol çəkin və cəriməni ödəyin.
Arif indi onun sifətindəki dənəbir çopurları, qonur gözlərindəki sakit, ancaq amiranə baxışlarını, öz qələbəsinə əmin olan bir adama məxsus istehzalı təbəssüm oynayan dodaqlarını və papiros tüstüsündən şabalıdı rəngə çalan bığlarını aydın gördü. Kişi Arifin özünü itirdiyindən elə bil həzz alırdı.
– Heç bir qəpik də verməyəcəyəm!
– Verəcəksiniz!
– Cinayətin üstünü basdırdığınız yetmir, hələ bir şahidi də cəzalandırırsınız?
– Yoldaş, bu təhqirə görə daha ağır cəza ala bilərsiniz, dediklərinizə məsul olun!
Arif daha nəsə demək istədi. Bir-iki dəfə hülqumu qalxıb-endi. Kişi isə sakitcə dayanıb gözünü ondan çəkmədi.
– Cəriməni verəcəksinizmi?
– Dedim ki, yox!
İcraçı kağızları yenidən qovluğa qoydu. Sakitcə nə isə yazdı və Arifin üzünə gülümsündü:
– Xoş gəldiniz, cavan oğlan, gedə bilərsiniz.
Onun bu sakit və istehzalı sözləri Arifi daha da əsəbiləşdirdi. Qapını çırpıb bayıra çıxdı.
Onun bayaqdan üşürgələnən bədəni od tutub yanırdı. Deyəsən, qızarıb pörtmüşdü. Yoxsa qarşısından ötənlər ona elə təəccüblə baxmazdılar. Dəsmalını çıxarıb üzünü, boynunu sildi. Yaxasını açdı. Özü də hiss etmədən gəlib sahilə çıxdı. Dəniz tərəfdən əsən külək, ləpələrin şırıltısı, lövbər atıb dayanmış gəmilərdən gələn musiqi sədaları Arifi yavaş-yavaş özünə gətirdi. Elə bil onun bədəni soyudu. Əlini cibinə atdı. Papirosu olsaydı, ciyərlərini körük kimi qabardıb tüstü ilə doldurardı. Skamyaların birində oturdu. Qonşu skamyada oturan oğlandan qızın yanında papiros istəməyə üzü gəlmədi.
Arifin elə uşaqlıqdan adamın üzünə durub şikayət etməkdən xoşu gəlməzdi. Yoldaşlarından biri ona toxunsa, müəllimə xəbər verməz, özü başa salmağa çalışardı. Elə böyüyəndə də bu xasiyyətini tərgitməmişdi. Amma bu dəfə məcbur olmuşdu. Əslinə baxsan, aspirant yoldaşının dilinin bəlasına düşmüşdü. Əli onu da, özünü də işə salmışdı.
Kinodan çıxmışdılar. Gördükləri film haqqında mübahisə edə-edə izdihamlı küçə ilə irəliləyirdilər. Adam əlindən tərpənmək olmurdu. Həm may ayının ilıq nəfəsi insanları küçələrə səpələmişdi, həm də axşam növbəsində oxuyanlar dərslərini qurtarmışdılar. Keçiddə ayaq saxladılar. Maşınlar dayandığından tələbələr qatarlaşıb o biri səkiyə addımlayırdılar. Birdən uşaqların arasına çaxnaşma düşdü. Kimsə qışqırdı. Təkər qıcırtısından tük ürpəşdi. Adamlar özünə gəlməmiş qara rəngli köhnə bir “ZİM” maşını güllə kimi ötüb tini buruldu və qaranlıq döngədə gözdən itdi. Ancaq onun arxasında görünən işıq və “55-55” nömrəsi Arifin gözündən yayınmadı.
Uşaqlar küçənin ortasına uzanmış qızı qaldırmaq istədilər. Mümkün olmadı. Onu qolları üstünə alıb kənara çəkdilər. Kimsə telefon budkasına yüyürdü. Azacıq keçməmiş təcili yardım gəldi. Huşsuz qızı yoldaşlarının müşayiəti ilə xəstəxanaya apardılar. Qız yola salındıqdan sonra özlərinə gələn tələbələr maşını əldən buraxdıqlarına heyifsiləndilər, harada olsa, onu tapacaqlarına and içdilər. Maşının nömrəsini onlar da yadda saxlamışdılar…
Bütün gecəni narahat yatan Arif ertəsi günü instituta tez gəldi. Axşam maşının vurduğu qızdan bir xəbər tutmaq məqsədilə komsomol komitəsinə getdi. Arif içəri girən kimi Əli sözünə ara verib: “İkimiz də bir yerdəydik. Hər şey gözümüzün qabağında oldu”, – deyə sözünü yekunlaşdırdı. Arif Əlinin dediklərini təsdiq etdi. Söhbət qurtarandan xeyli sonra otaqda oturub deyilənlərə qulaq asan bir oğlan Əliyə yaxınlaşdı:
– Zəhmət olmasa, bunu oxuyub qol çəkin.
Əli rəsmi vərəqədə yazılanları ötəri gözdən keçirib təəccüblə soruşdu:
– Siz kimsiniz?
Oğlan qalstukunu düzəltdi. Dəri qovluğu qoltuğuna daha möhkəm sıxıb özünü təqdim etdi:
– Mən müstəntiqəm. Hər bir vətəndaş canilərlə mübarizə aparmaqda rəsmi təşkilatlara kömək etməlidir. Bir də bu, mənim ilk istintaq işimdir. Yenicə fəaliyyətə başlayan müstəntiqə kömək etməkdən boyun qaçırmayın.
– Mənim vaxtım yoxdur.
– Cinayət məcəlləsinin…
– Filan maddəsinə görə, cinayəti görüb üstünü açmayanlar cəzalanırlar, eləmi? – deyə Əli onun sözünü kəsdi.
– Bəli. Özünüz savadlı adamsınız, hər şeyi bilirsiniz, yaxşı olar ki, qol çəkəsiniz.
Əli qızardı. Başını tərpədib hamının görəcəyi tərzdə dilini çıxartdı və dodaqaltı deyindi: “Səni dilim-dilim olasan, dilim!” və kağıza qol çəkdi.
Müstəntiq Əlinin ifadə vərəqəsinə diqqətlə baxıb gülümsündükdən sonra eyni rəsmi əda ilə Arifə yaxınlaşdı:
– Elə bilirəm, yoldaşınızın dediklərini təsdiqdən boyun qaçırmazsınız.
Arif mübahisəni yersiz hesab etdiyindən dinməz-söyləməz kağıza qol çəkdi.
Bir aydan sonra onu məhkəməyə çağırdılar. İki saat gözləmə otağında saxladılar. Günortaya yaxın katibə hakimin əvəzindən üzr istəyib dedi ki, bu gün məhkəmə olmayacaq, başqa vaxt sizi çağıracağıq.
Bu hadisədən xeyli keçdi. Xoşbəxtlikdən, maşın vuran qız sağaldı. Yay imtahanlarını da verdi. Şahidlər də arxayınca istirahətə getdilər. Arif ürəyində sevindi ki, elə yaxşı oldu qız da sağaldı, maşındakılar da cəzalanmadılar, bizi də get-gələ salmadılar. Deyəsən, hər şey unuduldu. Ancaq Arifin gözlədiyinin əksinə, çənli-çiskinli bir payız günü onları yenidən məhkəməyə СКАЧАТЬ