Bomba. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Bomba - Абдурагим-бек Ахвердов страница 5

Название: Bomba

Автор: Абдурагим-бек Ахвердов

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-90-7

isbn:

СКАЧАТЬ qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən, ziyan çəkməzsən.

Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymayasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən, mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.

Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın”, – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya “sakit ol” dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən 85 il dünyada ömr etmişəm. Bu tul52 ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm. Deyirlər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən53 səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış, xata etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə, heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar, dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.

Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.

Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!

Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin, nəsihəti qurtarmamışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti54 qurtarmış çıraqtək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.

Hacının evindən nalə bülənd55 olub, məhəllə əhlinə onun vəfatını bildirdi.

Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət56 etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi. Ona görə bu şəxs nəinki öz xiş57 və əqvamının, bəlkə, cəmi şəhər əhlinin əlindən getdi.

Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:

Dövləti-cavid yaft hər ki, nigunam zist,

Kəz əqəbəş zikri-xeyr zində künəd namra58.

II

Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə59 saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində60 əyləşdi.

Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü, onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi, çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.

Əkbər Rüstəmi neçə il idi, görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan 15 yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.

Əkbər yoldaşının bu neçə ildə harada olduğunu sual elədi.

Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb, bir-iki qullab alıb dedi:

– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm, haradan sənə söyləyim. – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki: “Gərək məni hökmən Parisə göndərəsən”. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən 1000 manat pul vurub “ağanı Allah saxlasın”… birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm, yenə xata eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən, bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında61 görmüşəm, sən görəsən, Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz62 baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd63 sözlü! Sən də deyirsən, dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı64 budur.

Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:

– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə “kafeşantan” sözü dedin, o nə deməkdir?

– Kafeşantan, СКАЧАТЬ

52

Tul – uzun

53

Ruyi-səfidlik – üzüağlıq

54

Nəft – neft

55

Bülənd (olmaq) – yüksəlmək, ucalmaq

56

Rehlət – ölüm, vəfat

57

Xiş – qohum-əqrəba

58

Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: Yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.

59

Təziyə – yas

60

Məsnəd – məqam, mövqe, böyük mənsəb

61

Kafeşantan – adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana

62

Şəhbaz – qızıl quş

63

Şəhd – bal

64

Zindəgan – burada: həyat, yaşayış