Hökmdar. Никколо Макиавелли
Чтение книги онлайн.

Читать онлайн книгу Hökmdar - Никколо Макиавелли страница

Название: Hökmdar

Автор: Никколо Макиавелли

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8550-5-3

isbn:

СКАЧАТЬ , hərb nəzəriyyəçisi Nikkolo Makiavelli 1469-cu ildə Florensiyada müflisləşmiş zadəgan ailəsində anadan olmuşdu. 1498-ci ildən Florensiya respublikasında yüksək dövlət vəzifəsi tutmuş və mühüm diplomatik tapşırıqları yerinə yetirmişdi. 1512-ci ildə Mediçilərin hakimiyyətə gəlişindən sonra vəzifədən kənarlaşdırılmış və Florensiya ətrafındakı malikanəsinə sürgün edilmişdir. 1527-ci ildə dünyasını dəyişən N.Makiavelli özündən sonra böyük irs qoymuşdur. «Tit Livinin birinci dekadası haqqında düşüncələr», «Hökmdar», «Knyaz» və «Florensiyanın tarixi» onun başlıca əsərləridir.

      Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Artıq beş əsrdir ki, onun ən məşhur əsəri olan «Hökmdar» əsəri ətrafında qızğın mübahisələr gedir, mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edilir və onun baxışları «makiavellizm» termini altında siyasi, habelə insana xas olan hiyləgərliyin, ikiüzlülüyün, yaltaqlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın və bu kimi şeylərin sinonimi kimi qələmə verilir.

      Tarixdə elə hadisələr olub ki, ən təmiz, ən vicdanlı, ən nəcib, ən ağıllı və yüksək əxlaqlı adamlar əxlaqsızlıq üstündə, mövcud olan əxlaqi norma və qaydalara, habelə qanunlara qəsd etmək üstündə mühakimə olunub. Sokratı və Epikuru, C.Bruno və Spinozanı, Tomas Moru və Koperniki, Kompanella və digərlərini xatırlamaq kifayət edər. Bunların hər biri həqiqətpərvər və yüksək mənəviyyata malik insanlar olsalar da, mövcud cəmiyyətin ən əxlaqsız nümayəndələri onları əxlaqsızlıqda günahlandırmışlar. Əxlaqsız adamların əxlaqdan dərs deyib onun haqqında fikir yürütdüyü, elm və biliyin cahil adamların nəzarəti altında olduğu, siyasətlə vicdansız, çirkin qəlbə malik, əliəyri adamların, avantüristlərin, fırıldaqçıların, intriqaçıların məşğul olduğu bir vaxtda onların bilikli, müdrik, doğruçu, nəcib adamlara nifrət bəsləməsinə təəccüb etmək olarmı? Lakin bizim söhbətimiz onlar haqqında deyil, onlar heç buna dəyməz də.

      Yuxarıda deyilənlərə baxmayaraq Makiavelli və onun «Hökmdar» əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb və dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olub.

      Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir.

      O, bir çox şeyləri nəzərə alaraq göstərir ki, hakimiyyətə can atan adam öz məqsədinə yetməkdən ötrü əliaçıq olmalıdır. Makiavelli hesab edir ki, hətta belə hallarda pulu əsirgəmək lazım deyil, ələlxüsus da özgələrin pulunu.

      Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar təbəələri itaətdə saxlamaq istəyirsə, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir. Bu və buna bənzər fikirlər üstündə Makiavellini qəddarlıqda təqsirləndirirdilər. Bu indinin özünə kimi davam etməkdədir. Lakin Makiavellinin ünvanına söylənilən bu kimi ittihamların heç bir əsası yoxdur. Axı o, heç zaman, heç yerdə mütəmadi olaraq sərt tədbirlərin keçirilməsi haqqında heç nə yazmamışdır.

      Öz böyük həyat təcrübəsinə əsaslanan Makiavelli hökmdarlara məsləhət görür ki, insanları qorxu altında saxlamaq, onların sevimlisi olmaqdan daha məqsədəuyğundur. Çünki insanların çoxu satqın, qorxaq, riyakar və yalançıdır. Təhlükə qarşısında onların bu xüsusiyyətləri tezliklə üzə çıxır. Əmin-amanlıq zamanlarında belə adamlar səndən ötrü nə qədər əldən-ayaqdan gedirlərsə, ara qarışdıqda onların üzü səndən bir o qədər dönür, belə vaxtlarda onlar səni nəinki satmağa, hətta məhv etməyə də hazırdırlar.

      Makiavelli çox yaxşı görürdü ki, ən gözəl insani münasibətlər – məhəbbət, dostluq, sədaqət, alicənablıq və bu kimi şeylər digər şeylər kimi alınıb-satılır. Buna görə yeni hökmdar həm bunları, eləcə də insanların əmlakı, pulu, sərvəti yüksək qiymətləndirməsini nəzərə almalıdır. Eyni zamanda da bilməlidir ki, insanlar gücə hörmət etdikləri qədər də ondan çəkinirlər. O, məsləhət görürdü ki, sərt tədbirləri hər zaman deyil, yalnız lazım olan vaxt tətbiq etmək gərəkdir. Makiavelli həm də insanların mülkiyyətinə toxunmağı xətərli hesab edirdi. O, açıqca göstərirdi ki, insanlar öz atalarının ölümünü bağışlayarlar, əmlaklarının itirilməsini isə yox.

      Makiavelli əsərin sonunda alovlu bir vətənpərvər kimi İtaliyanın birləşməsini arzulayır və bütün ölkəni bu iş uğrunda mübarizəyə qalxmağa çağırır, hətta bu mübarizənin başında dura biləcək adamın da kim olduğunu açıqlayır. Bu, o adamdır ki, mütəfəkkir öz məşhur əsərini ona həsr etmişdir.

      Görkəmli mütəfəkkirin məşhur «Hökmdar» əsəri Azərbaycan oxucusuna öz ana dilində ilk dəfədir ki, təqdim olunur, çünki bu ilk tərcümədir. Ona görə də zamanın sınağından çıxmış bu əsərin Azərbaycan dilində çap olunması önəmli hadisədir. Arzu edirik ki, ölkəmizin mədəni həyatında bu cür hadisələr tez-tez təkrar olunsun və bu işlərdən bəhrələnənlərin sayı zaman-zaman artsın.

Fikrət Təbibi

      ƏLAHƏZRƏT LORENSO DEİ MEDİÇİYƏ NİKKOLO MAKİAVELLİDƏN1

      Adətən, hökmdarın hüsn-rəğbətini qazanmaq istəyilə adamlar ona hədiyyə olaraq özlərində olan ən qiymətli şeyləri yaxud hökmdara hədsiz dərəcədə zövq verəcək şeyləri göndərirlər: hökmdarın əzəmətinə layiq at, silah, zərxara, qiymətli daşlar və digər zinət əşyaları. Mən isə öz minnətdarlığımı əlahəzrətə bildirmək qərarına gəldikdə sahib olduğum şeylər içərisində görkəmli adamlar haqqında əldə etdiyim biliklərdən daha qiymətli və dəyərli heç nə tapmadım. Uzun illərin zəhməti hesabına qazandığım bu biliklər isə müasir dövrdə və keçmiş zamanlarda baş verən hadisələri əhatə edir. Düşünüb dərk etdiklərim üzərində çox vaxt və zəhmət sərf edib, öz fikirlərimi çox da böyük olmayan yazılı ifadədə söyləmişəm ki, bunu da hədiyyə olaraq əlahəzrətə göndərirəm. Hərçənd mənə elə gəlir ki, bu yazılı ifadə sizin qarşınızda olmağa layiq deyil, hər halda inanıram ki, mənim sizə daha dəyərli hədiyyə verməyə gücüm çatmadığını bildiyinizdən iltifat göstərib bunu qəbul edəcəksiniz. Öz ifadələrini bəzəyib rəngarəngləşdirmək çoxlarının xoşuna gəlsə də, mən bu yazılı ifadənin nə gözəl olması üzərində, nə cümlələrin ibarəliliyi və ahəngdarlığı üzərində işləmiş, nə də bunun qəşəng olması üçün heç bir üsuldan istifadə etməmişəm, zira mən istəyirəm ki, əsərim ya tamamilə az tanınsın, ya da mövzunun yalnız orijinallığına və əhəmiyyətinə görə məşhurlaşsın. Mən həm də istəyərdim ki, kiçik və əhəmiyyətsiz zümrədən olan bir adamın hökmdarların hərəkətləri haqqında mühakimə yürüdüb, onlara yol göstərməsinə qərar verməsini həyasızlıq sanmayasınız. Necə ki, mənzərə çəkən rəssam dağlara və təpələrə nəzər salmaq üçün vadiyə enir, vadini görmək üçün isə dağlara çıxır, eləcə də xalqı yaxşı tanımaqdan ötrü hökmdar olmaq, hökmdara yaxşı bələd olmaq üçün isə xalqın bir hissəsi olmaq lazımdır.

      Beləcə, əlahəzrət qoy bu kiçik hədiyyəni mənə hakim olan hisslərlə qəbul etsin; əgər mənim əsərimi diqqətlə oxuyub, bunun üzərində düşünməyi qət etsəniz, mənim ən böyük istəyimi hiss edəcəksiniz, o istəyimi ki, əlahəzrət məhz taleyin ona hazırladığı və onun məziyyətlərinə uyğun olan bir yüksəliş əldə etsin. Əgər əlahəzrətin nəzəri haçansa bir vaxt qalxdığı bu yüksəklikdən mən yaşadığım aşağı tərəfə yönəlsə, onda mənim necə də haqsız olaraq taleyin güclü və amansız sarsıntılarına dözdüyümü görər.

      I СКАЧАТЬ



<p>1</p>

Əlahəzrət Lorenso Dei Mediçiyə Nikkolo Maikavellidən – traktatın ithafı 1515-ci ilin sentyabrından 1516-cı ilin sentyabrına aiddir. Mediçi (1492-1519) – Pyetro Mediçinin oğlu, Florensiyanın hakimi (1513-cü ildən), Urbinonun hersoqu (1514-cü ildən).