Название: 46 bənövşə
Автор: Salam Qədirzadə
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn: 978-995-256-631-4
isbn:
– Salam, – astaca dilləndi.
– Əleykəssalam.
Mən qalxdım:
– Əyləşin.
Ona kresloda yer göstərdim. Oturdu. Və yaxası qırmızı köbəli ağ paltarının ətəyini dizlərinin üstünə çəkdi. Böyürdən düyünlənib ucları asıla qalmış ensiz kəməri də, hündürdaban zərif tufliləri də qırmızı idi. Əlində göyümtül üzlü iki qalın dəftər tutmuşdu. Nə deyəcəyini fikirləşirmiş kimi uzun, qara kirpiklərini aşağı endirib xeyli susdu. Mən ona diqqət yetirdim. Gödək vurulmuş xurmayı saçlarına özündən xəbərsiz dən düşmüşdü. Ancaq baxanda çox növrəstə görünürdü. Yaşı, məncə, iyirmidən artıq olmazdı.
– Qulağım sizdədir, xanım qız.
Təravətli sifətində bir uşaq məsumluğu vardı. O, başını qaldırıb, candərdi gülümsündü.
– Düzü… bilmirəm nədən, necə başlayım. Mən… – Dəftərləri stolumun üstünə qoydu, – İcazə verin, əvvəlcə tanış olaq…
Azacıq dikələrək əlini qabağa uzatdı:
– Mənzərə.
Doğrudan, elə nazik çatma qaşları, badamı qara gözləri əfsunlu bir mənzərə idi. Qönçə dodaqları od tutub yanırdı.
– Salam Qədirzadə.
– Mən tanıyıram sizi. Əsərlərinizin, bəlkə də, hamısını oxumuşam.
– Diqqətinizə görə təşəkkür edirəm.
– Bilirsinizmi, mən… birinci dəfədir redaksiyaya ayaq basıram. Belə yerlərdə heç olmamışam. Nə üçünsə sizi özümə məhrəm sandım. Bu gətirdiyim dəftərlər də… qoyun, lap başdan danışım.
– Necə xətriniz istəyir… Əsla sıxılmayın…
Yanaqlarına xəfif qızartı çökdü. Sağ birçəyində ağarmış i ki tel, arxaya hamarlanan ipək saçlarında qoşa cığır salmışdı.
– Əslində, danışası bir sözüm də yoxdur. Təkcə onu deyim ki, bu dəftərlər mənimki deyil, bir qızın xatirələridir. Daha doğrusu, bacımındır. Biz əkizik. Görsəniz bir-birimizə nə qədər oxşayırıq, heyrətlənərsiniz. Amma talelərimiz bambaşqadır. O, yazıçı olmaq istəyir. Yaman da utancaqdır. Bunu özündən gizli gətirmişəm. Xahiş edirəm, vaxtınız olanda vərəqləyin, baxın… Görün, dəyərmi zəhmətinə üstündə işləsin, bu iki dəftərdəki əhvalatları bir hekayəmi, povestmi şəklinə salsın…
Məmnuniyyətlə oxuyaram. Ancaq deyin, bacınıza utanmasın. Qoy, o da gəlsin sizinlə yanıma. Yazısı haqqında danışdıqlarımı eşitsin. Bəlkə, məsləhətlərimdə özü üçün faydalı bir şey tapdı.
– Baş üstə! – Mənzərə ayağa durdu. – Mən gedə bilərəmmi?
– Buyurun.
– Sağ olun.
– Xoş gəldiniz.
O, qapıda yubanıb geri döndü:
– Ancaq… Tələsməyin, müəllim. Haçan oxusanız, gec deyil.
Mənzərə çıxdı. Ətri otaqda qaldı. Dəhlizin parket döşəməsində qırmızı tuflilərinin dabanından qopan tıqqıltı getdikcə uzaqlaşdı… və nəhayət, eşidilməz oldu. Məni qəribə, anlaşılmaz hisslər bürüdü. Elə bil, yuxuda idim, ayıldım, Mənzərə röyada qaldı. Cildində tək bənövşə şəkli çəkilmiş birinci dəftəri açıb baxdım, göy mürəkkəblə aydın və səliqəli yazılmışdı. Lakin vərəqlər saralmış, əzilmişdi. Əvvəlinci səhifədə, Fransa ekzistensialisti Kamyudan epiqraf götürmüşdü: "… Var olmaq, yaşamaq, ölümə doğru getmək deməkdir. Ölüm mahnının son sözüdür. Biz, necə deyərlər, ölüm cəzasına məhkum olunmuş, ancaq hökmün nə vaxt və harada yerinə yetiriləcəyini bilməyən, yoldaşlarının isə hər gün edam edildiyini görən kimsəsiz insanlarıq".
Sonradan, bu cümlələrin üstündən qələm çəkilmişdi. Ondan aşağıda, qarışqa sırasına bənzər xırda sətirlər isə zərrəbinsiz güclə oxunurdu: "Mən sevib-sevildiyimi dərk etdiyim zamandan bu xatirələrimi yazmağa başlayıram. Məhəbbətsiz keçən günlər ömür dəftərimin boş, mənasız səhifələridir".
Qızın vaxtaşırı qeydə aldığı, kiçik parçalardan ibarət hər xatirəsinin üstündə nimsərlövhə əvəzi bir bənövşə şəkli çəkilmişdi; aşağısında da rəqəmlər qoyulmuşdu. Tənhalıq və məyusluq rəmzi olan bu boynu bükük, zərif çiçəyi o, yəqin ki, səhifələrdə nahaqdan səpələməmişdi. Mən çevirib ikinci dəftərin sonuncu vərəqinə baxdım. Axırıncı bənövşənin altında "46" yazılmışdı. Bir siqaret yandırıb fikrə daldım. Lakin nə qədər cəhd etdimsə, aça bilmədim bu sirri. "46 bənövşə" – deyə yenə birinci dəftərin ilk səhifəsinə qayıtdım.
O axşam evdə başqa bir iş görmədim, ancaq mütaliə etdim. Gecə yarıyadək yalqız otağa qapılıb oxudum. oxudum…
Adı Könül olan bir qızın – Mənzərənin əkiz bacısının həyat yollarında onunla bərabər addım-addım gəzdim. dolaşdım.
Birinci Dəftər
Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir. Səhərlər qızaran üfüqlər, doğan günəş, gecələr lacivərd səmada süzən ay, sayrışan ulduzlar, təbiətin qoynundakı meşələr, dənizlər, dağlar, şəlalələr, güllər, çiçəklər o qədər mənalı və möcüzəli görünür ki, tamaşasından doymursan. Hələ bütün varlığını ixtiyarını sərancamına verdiyin oğlan, qış nağıllarından gəlmiş müdrik, cəsur bir qəhrəmana dönür sənin üçün. Onun görüşlərində özünü insanların ən bəxtəvəri sanırsan. İstəyirsən o, daima səni oxşasın, əzizləsin, öpsün və hətta hərdən incitsin də. Belə anlarda unudursan, dünyada nə var – hamısını; müqəddəs bir mənanın səcdəsindən ayrılmırsan. Düşünürsən ki, damarlarında qan deyil, ülvi məhəbbətin pak duyğuları cərəyan edir və sən bundan xoşhallandıqca xumarlanırsan, əfsanəvi bir aləmin çəkisizlik şəraitində qov kimi yüngül olursan… Nəhayətsiz fəzalarda uçursan…
Bəli. Bu saat mən Könül də eləyəm. Nə yerdəyəm, nə göydə. Qərarım yoxdur. Bilmirəm ürəyimin çırpıntısını necə sakitləşdirim. Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir. Nə üçünsə, səbəbini anlamıram: "Dərya!" – deyə ucadan çağırmaq, qəhqəhə çəkmək, uşaq təki atılıb-düşmək istəyirəm.
Bu gün yazı stolumun siyirmələrini səliqəyə salanda, əlimə şagird dəftərindən qoparılmış qoşa vərəq bir kağız keçdi. Bu, tibb institutunun qəbul komisiyasına verdiyim tərcümeyi-halın surəti idi.
"Mən, Könül Murad qızı Kazımbəyli min doqquz yüz q ırx səkkizinci il aprel ayının onunda Bakıda fəhlə ailəsində anadan olmuşam. Atam Əzizbəyov neft mədənində mühəndis işləyir. Mənim yaşımdan Sov. İKP-nin üzvüdür. Anam Mərmər kitabxanaçıdır. Mən orta məktəbi bu yay qurtarmışam. Min doqquz yüz altmış dördüncü ildən komsomolçuyam.
Ünvanım belədir: Şıxəli Qurbanov küçəsi, ev nömrə 103, mənzil 8."
Kağızı qatlayıb stolun üstünə atdım. Təsirləndim. Fikirləşdim ki, mənim əsl tərcümeyi-halım bu gündən – Dərya ilə tanışlıqdan sonra başlayır. Bənövşəli dəftərimin ilk səhifəsindən.
СКАЧАТЬ