Feldşer dayanmadı.
– Yaman darıxdım, gəldim ki, bir az saza qulaq asım, İsfəndiyar əmi… Gecən xeyrə qalsın.
Qoca təəccüblənmişdi. Nə əcəb belə, çağırılmamış gəlib Hacı? Yarası köhnəlmişdi, daha utanmırdı yazıq.
– Əylən! Belə getmə… Heç bilmirəm nədəndi, halım xarabdı, oğul. Əvvəl saz dadıma çatardı. İndi o da belə oldu. Necə deyim, heç bilmirəm necə başa salım. Tilsimləndi Bəhmənimin sazı, oğul. Çalammıram daha. Əlim gəlmir.
Hacının nazikcə qaraltısı dik dartılıb hərəkətsiz qaldı.
– Necə yəni tilsimləndi, ay İsfəndiyar əmi?!
Qoca fikrə getdi. Necə danışsın, necə izah etsin?
Kətildə oturub körük basdığı yerdəcə yatıb röya görmüşdü. Daha doğrusu, heç nə görməyib ancaq Bəhmənin səsini eşitmişdi: “Günlərin birində idarədən evə dönəndə qulağına Təvər sazda “Divanı” gəlsə, bil ki, qayıtmışam, baba”.
Qoca diksinib oyanmış və indi Hacının qaraltısına baxa-baxa necə hərəkətsizdisə, beləcə donub qalmışdı: “Bu nəydi eşitdim, ya rəbbi?!”
İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. Qoca yenə diksinib oyanmış, bu dəfə heyrət əvəzinə xof içində evə yüyürmüşdü. Sazı köynəkdən çıxarıb, barmaqları titrəyə-titrəyə simlərə toxunmuşdu. Bir il bundan qabaq Bəhmənin əlləri ilə çəkilib “Divani” üstündə köklənmiş simlərin bu bir ildə kökdən düşməməsi mümkün olan şeydi, əmma bu da qocaya hikmətli bir əlamət kimi görünmüşdü. Və sazı divardan asıb, əl vurmağı qadağan eləmişdi.
Röyasını olduğu kimi danışdı, köksünü ötürdü.
– Əl vursam, qorxuram kökdən düşər. Onçun deyirəm, tilsim deyilmi?!
Hacı ağır-ağır başını tərpətdi.
– Tilsimdi. Nəsə belə şeydi. Əmbə burası da var ki, səni saxlıyan o sazdı. Açığı, elə mən özüm də sabah-sabah fikirləşirəm ki, axşam İsfəndiyar əmi çalacaq, oxuyacaq. Əmbə gələmmirəm, qıraqdan qulaq asıram. Bu axşam heç bilmirəm nə oldu, mən də elə sən təki doldum, köyrəldim, yaxın gəldim… Gecən xeyrə qalsın.
Sol ayağının üstə çökə-çökə aralandı, qaranlıqda gözdən itdi.
İsfəndiyar kişi qəhərlənmişdi.
– Yaxşı olmadı… Heç yaxşı olmadı. Bəlkə Çürükdən, bir ayrı, köhnəsi olar, saz istəyim? Yox, Abı nəsə deyər, bağrım çatlayar. – Heç hiss eləmirdi ki, öz-özünə danışırdı.
Dəmiryolun qırağında “Məhərin budkası” adlanan tikili, – qırmızı kərpicdən xırdaca bir qalaça kimi qaldırılıb, hər iki mərtəbəsində bir cüt xırdaca pəncərəsi qaralan yarımstansiya, əslində “Məhərrəmin budkası” adlanmalı idi. Əmma Məhərrəmin dul anası Mələk qarı ilə qızları Pəri, Tubu da “Məhərrəm” əvəzində “Məhər” dediklərinə görə bütün Qurbanlı “Məhərin budkası” deyirdi. On-on beş ildi ki, Məhər Moskvaya gedib, ordan Bakıya köçüb, “Çekist Məhərrəm”, “Məhərrəm Abbasoviç” olmuşdu. Anası Mələk qarı, eynilə Axsaq Hacı kimi axsayan “Teymurləng” ləqəbli uzunhoqqar böyük oğlu, gəlini, nəvələri ilə birlikdə o “budka”-dan Orta kənd Tahirliyə köçəndən sonra üç para kəndin üçü üçün də əlverişli olan o yarımstansiya bağlanmışdı. Əmma hərdən gecələr o xırdaca pəncərələrdə, iki mərtəbənin ikisində də işıq parıldayırdı. Qurbanlının dəmiryol səmtində, kiçicik, çəpərsiz bağla qovaq ağacı nəzərə alınmasa, tamam açıqlıqda olan təkotaqlı, uzun balkonlu evin həyətindən boylananda pəri ilə Tubu o xırdaca pəncərələrin parıltısını görüb, gözlərini silirdilər. Çünki əvvəllər o pəncərələr Məhər, arvadı, uşaqları ilə Bakıdan gələndə parıldayıb, öz işığı ilə Pərini, Tubunu, İsfəndiyar kişini görüşə, qonaqlığa çağırardı. Müharibə başlayandan sonra isə, o xırdaca pəncərələr parıldayanda Qurbanlıdan baxanların hamısı bilirdi ki, “budka”-dakı işığı daha Məhər yox, “İstrebitlnıy batalyon” – “Qırıcı batalyon” adlanan silahlılar dəstəsinin komandiri, sovet sədri Qurban kişi – Qılınc Qurban yandırırdı, “batalyon”un üzvləri, o cümlədən üç para kəndin kolxoz sədrləri o işığa yığışanda Qılınc Qurban “soveşşani” keçirib, “voyenni svodka”, qaçaq-quldur, “şpiyon”-filan barədə danışardı.
“Axşam qisməti”ni könülsüz-iştahsız yeyib, dəmir camı, qarğı qaşığı quyunun üstündə həmişə su ilə dolu olan vedrənin suyu ilə yuyub, aparıb balkonun altında pəncərənin qabağına qoydu, yenə qovağın altına qayıdıb, üstünü kül basan təzəkləri çəkməsinin burnu ilə tərpədə-tərpədə közərtdi, daimi yerində oturub, yenə də sinəsində bərk ağrı hiss edib, orta pəncərənin arxasında, divarda köynəyi qaralan saza baxdı, nigaran, narahat dönüb ambulatoriya səmtinə, sonra Məhərin budkasının parıldaşan pəncərələrinə boylandı.
Müharibə başlanandan bu vaxta qədər içərisi palçığı çıxarılmayan kanaldan sızan sularda – gölməçələrdə, bol şehdən bozlaşmış çəmənlikdə, tala-tala qaralan göy qamışlıqlarda qurbağalar quruldaşırdı. Budkadan solda dəmiryol boyunca solğun bir fənər işığı axırdı: drezen keçirdi. Qurbağaların qurultusundan təkərlərin səsi eşidilmirdi. Arada necə oldusa qurbağaların hay-küyü azaldı, drezenin uğultusu, təkərlərinin taqqıltıları eşidildi. Sonra işıq yavaşıyıb dayandı. Budkanın yanında, qırmızı simoforun altında drezendən kim isə düşdü. Göyün üzünü çərmə tutub qaranlığı qatılaşdırsa da, fənər relslərin üstündə ancaq bir tikə yeri işıqlandırsa da, İsfəndiyar kişi drezendən duşən adamın sürətlə kəndə yönəldiyini gördü.
Məhərin budkasının yanında drezen dayanması, drezendən adam düşüb kəndə gəlməsi nadir hadisə deyildi. Alverçi Xeyrə, yaxud yetim poçtalyon qız vaxtlı-vaxtsız vağzala gedəndə, drezendə işləyən oğlana pul verib həmişə onunla qayıdırdılar. Hərdən stansiyada bir neçə saatlığa, bəzən bir günlüyə eşalon dayanırdı, dəmiryola, vağzala yaxın pambıq sahələrində işləyən arvadlar kətmənləri atıb kəndə yüyürürdülər, süd, qatıq, ərik, alça aparıb əsgərlərə paylayırdılar, gecikib qaranlığa düşəndə onlar da drezenə doluşub qayıdırdılar… Başqa vaxtlar, gecə yarısında yarımstansiyaya drezen gəlməsinə İsfəndiyar kişi o qədər də fikir verməzdi. İndi bəs niyə belə diqqətlə baxdı? Nədən birtəhər oldu? Məsafənin xeyli uzaqlığına və düşən adamın yalnız qaraltısını gördüyünə baxmayaraq, İsfəndiyar kişiyə elə gəldi ki, onun əynində əsgər paltarı var. O adam budkanın gur işıqlı pəncərəsinin СКАЧАТЬ